AZ EN RU

Birgə əməkdaşlığın əsası qoyulub

    Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində görüş olub.
    Mərkəzin nümayəndə heyəti ilə keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları salamlayıb. Rektor universitetin yaranma tarixinə nəzər salaraq qeyd edib ki, bu il ali təhsil ocağının yaranmasının 55 illiyidir. Universitetdə mövcud müasir tədris üsulları haqqında məlumat verən rektor diqqətə çatdırıb ki, dünyanın 130-dan artıq universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan ali təhsil ocağında 12 ölkədən 2200 əcnəbi tələbə təhsil alır. Rektor Ali Məclis Sədrinin müvafiq ixtisasların hamiliyə verilməsinə dair sərəncamlarını diqqətə çatdıraraq Hüquqşünaslıq ixtisası üzrə də tələbələrin aidiyyəti dövlət qurumlarında təcrübə keçdiklərini qeyd edib. 

    Vurğulanıb ki, universitetdə 1996-cı ildən Hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Muxtar respublikada hüquq-mühafizə orqanlarında çalışanların əksəriyyəti universiteti bu ixtisas üzrə bitirən məzunlardır. İndiyədək bu ixtisas üzrə 3127 tələbənin məzun olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, hazırda universitetdə Hüquqşünaslıq ixtisası üzrə əyani, qiyabi, əlavə ali təhsil olmaqla, 502 tələbə təhsil alır. Magistratura səviyyəsində isə 4 ixtisaslaşma üzrə magistrant hazırlığı aparılır. 
    Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov bildirib ki, rəhbərlik etdiyi mərkəz Baş Prokurorluğun müstəqil struktur qurumudur. Mərkəzin əsas vəzifə və funksiyalarından danışan Mübariz Əhmədov qurumun tabeliyindəki elektron kitabxananın gələcəkdə universitetin elektron kitabxanası ilə inteqrasiyası barədə təkliflər irəli sürüb. 
    Görüşün nəticələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. 
    Müqavilədə universitetdə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin, doktorantların, müəllimlərin Baş Prokurorluğun struktur bölmələrində təcrübə keçməsi, ali təhsil ocağı tərəfindən metodik materiallar və elmi əsərlərə Baş Prokurorluğun müvafiq işçiləri tərəfindən, habelə Baş Prokurorluq tərəfindən hazırlanmış vəsaitlərə universitetin elmi heyəti tərəfindən rəylərin, tövsiyələrin verilməsi,  birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktik araşdırmaların aparılması və sair məsələlər əksini tapıb. 
    Həmçinin əməkdaşlıq müqaviləsində universitetin professor-müəllim heyətinin Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına yeni qəbul olunan və fəaliyyətdə olan işçilərin ixtisasartırma prosesinə cəlb edilməsi, tərəflərin müvafiq əməkdaşlarının nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə birgə təlim kurslarının, seminar-treninq və mühazirələrin təşkili, universitetin tələbələrinin könüllülər qismində Baş Prokurorluğun struktur bölmələrində işə cəlb edilməsi məsələləri də qeyd olunub. 
    Sonra qonaqlar gətirdikləri kitabları universitetə hədiyyə ediblər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqlara xatirə hədiyyəsi verdikdən sonra ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsi, Kriminalistika laboratoriyası ilə tanışlıq olub, dərs prosesi izlənilib.


Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 21.09.2022 19:32