AZ EN RU

Bir zamanlar işığa həsrət qalan diyarım indi nura qərq olub

    Blokada şəraitində yaşayan və inkişaf edən qədim Naxçıvan torpağının müstəqillik illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də enerji təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Ötən əsrin 90-cı illərini xatırlayanlar yaxşı bilir ki, həmin vaxt muxtar diyarımız, sözün həqiqi mənasında, qaranlığa qərq olmuş, elektrik enerjisinin yoxluğu ucbatından fabrik və zavodlar fəaliyyətini dayandırmış, beləliklə, insanlar işsiz-gücsüz qalmış, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü. Elektrik enerjisi ilə yanaşı, təbii qazın da kəsilməsi, üstəlik, dəmir yolunun fəaliyyətinin dayandırılması ilə naxçıvanlılar çarəsiz vəziyyətdə qalmışdılar.

    İstilik yarada bilməyən əhali evləri qızdırmaq, ocaq qalayıb yemək bişirmək üçün çarəni ağacları kəsməkdə görürdü. Hətta çoxları məcbur qalıb bargətirən meyvə ağaclarını da kəsirdilər. Beləliklə, Naxçıvanın ana təbiəti də blokada çətinliyinin ağırlığını yaşayırdı. Yenə də problemlər həll olunmur, əhalinin ərzaq qıtlığı, insanların isti, soyuq hava demədən çörək növbələrində günlərlə gözləməsi, lampa və şam işıqlı gecələri ilə insanlarımızın imtahanı davam edirdi... Taleyin bir qisməti idi ki, həmin vaxt ulu öndər Heydər Әliyev Naxçıvana gəldi və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini məhz muxtar diyarda işləyib hazırladı. O çətin illərdə dahi şəxsiyyət həm də Naxçıvanı enerji böhranından çıxarmaq üçün mühüm addımlar atdı. Qonşu Türkiyə və İran İslam respublikaları ilə aparılan diplomatik danışıqlardan sonra Naxçıvan enerji idxalına nail oldu. Ölkə Prezidenti cənab İlham Әliyev o illəri belə xarakterizə edir: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk”.

    Ölkəmiz 1991-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyinə qovuşaraq inkişaf, tərəqqi yolunda addımlamağa başladı. Bütün regionlar, eləcə də muxtar respublika da bu inkişafdan öz payını aldı. Böyük quruculuq layihələri zamanla diyarımıza tətbiq olundu. Muxtar respublika əhalisinin yaşayışının təmin edilməsi üçün bütün sahələrin inkişafına diqqət artırıldı. Bu sahələrdən ən vacibi elektrik enerjisi ilə təminat idi. Çünki həyatı elektrik enerjisi olmadan təsəvvür etmək mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “İnsanların həyatını ərzaqsız təsəvvür etmək mümkün olmadığı kimi, enerjisiz də təsəvvür etmək mümkün deyil”.
    Muxtar respublika əhalisinin fasilələrlə istifadə etdiyi elektrik enerjisi dövlətimizin diqqət və qayğısı ilə daim enerjiyə çevrilməyə başladı. Bu diyarın iqlim şəraiti alternativ və bərpa olunan enerjidən istifadə üçün geniş imkanlar açdı. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülərək su, külək, Günəş Elektrik stansiyaları tikilərək bir-birinin ardınca istifadəyə verildi.
    Dahi şəxsiyyətin bu sahədə müəyyən etdiyi siyasi kursun müstəqillik illərində uğurla davam etdirilməsi Naxçıvanı enerji idxalçısından enerji ixracatçısına çevirdi. Göstərilən diqqətin nəticəsidir ki, həm də enerji təsərrüfatında müasir infrastruktur yaradılıb, enerjinin hasil olunmasından istehlakınadək yeni texnologiyaların tətbiqinə nail olunub.
    Bu gün muxtar respublikamızda həyata keçirilən enerji layihələrinin gələcəyə doğru hesablanmış böyük işlər olduğunu görməkdəyik. Xüsusilə son illərdə Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələri üçün qoyulan investisiyalar bu işin mahiyyətini bütün aydınlığı ilə ortaya çıxarır. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin tabeliyində 11 elektrik stansiyası vardır ki, onlardan 9-u bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Cari ildə Şərur rayonunda istifadəyə verilən növbəti Günəş Elektrik Stansiyası da bu istiqamətdə görülən işlərin davamıdır.
    Zeyvə kəndində 15 hektar əkinəyararsız torpaq sahəsinin 7,9 hektarı ilk tikilən 5 meqavatlıq, 4,25 hektarı isə yeni tikilən 3 meqavat gücündə Günəş Elektrik Stansiyası üçün istifadə edilib. Əkinəyararsız ərazidə tikilən 8 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verildikdən sonra muxtar respublikada belə stansiyaların gücü xeyli yüksəlmişdir. Stansiyanın layihə gücü artırıldığı üçün il ərzində 12 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir. Bu da muxtar respublikada elektroenergetika sistemi sahəsinin inkişafına dövlət qayğısının bariz nümunəsidir.
    Növbəti Günəş Elektrik Stansiyasında İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti arasında imzalanan müqaviləyə əsasən hər birinin gücü 330 vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və transformator yarımstansiyaları quraşdırılıb.
    Stansiyada alçaq və yüksəkgərginlikli kabel xətləri, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, siqnalizasiya və videomüşahidə qurğuları ilə təmin olunub. Stansiyanın mövcud SCADA sistemi genişləndirilib, iki böyükölçülü nəzarət monitorları və kompüter avadanlığı quraşdırılıb. Yenilənən SCADA sistemi elektrik enerjisi istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradıb. Eyni zamanda istehsal proseslərini yerində və ya uzaqdan idarə etmək, real vaxt rejimində verilənləri müşahidə etmək, toplamaq və emal etmək, etibarlılıq və təhlükəsizliyi gücləndirməklə yanaşı, digər Günəş Elektrik stansiyalarının sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bila­vasitə şərait yaradır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün istifadəyə verilən yeni Günəş Elektrik Stansiyası ilə muxtar respublikanın Günəş Elektrik stansiyalarının gücü 36 meqavata, illik istehsal gücü isə 55 milyon kilovat-saata çatdırılacaqdır. Bu da, ümumilikdə, muxtar respublikada enerji istehsalının 11 faizə yaxınını təşkil edəcəkdir. Şərur rayonunda qurulan 8 meqavatlıq Günəş Elektrik Stansiyası isə rayonun elektrik enerjisinə olan tələbatının 17 faizini təşkil edəcəkdir”.
    Yazımızın əvvəlində xatırladığımız o çətin günlərdən əsər-əlamət qalmayıb. Qaranlıqdan bir işıq doğub sanki doğma diyarıma. O işıq ki onun nuru gələcək nəsillərin yolunu da işıqlandıracaq. Unutmayaq ki, bu işıqlı günlərə çox çətinliklər yaşayaraq gəlib çatdıq. Şükürlər olsun ki, bir zamanlar işığa həsrət qalan diyarım indi nura qərq olub. Gecələri zülmət, evləri işıqsız, küçələri qaranlıq olan muxtar respublikanın indi bugünkü gözəlliyindən fəxrlə danışıram, qürurla söhbət açıram. İndi şərurluların gecələri də gündüz kimi işıqlıdır. Beləcə, Şərur rayonunda növbəti Günəş Elektrik Stansiyasının istifadəyə verilməsilə muxtar respublikamızda daha bir uğurlu layihəyə imza atıldı. Bir daha sübut olundu ki, Naxçıvanın hər qarışı – torpağı, suyu, havası qızıldan da qiymətlidir. Bu gün tam əminliklə deyə bilərik ki, sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadə ilə biz artıq bütün sahələrdə öz sözümüzü deməyə, ölkəmizin iqtisadi gücünə güc qazandırmağa qadirik.

Heydər MƏMMƏDOV
“Şərurun səsi” qəzetinin redaktoru

Nəşr edilib : 21.06.2022 19:04