AZ EN RU

Bir yay günündə Məzrədə

    İsti yay günlərində Naxçıvan şəhər sakinləri həftə sonlarını daha səmərəli keçirmək və təbiətdən zövq almaq üçün ətraf kəndlərə üz tuturlar. Ətraf kəndlər desəm də, əslində, seçimlər daha çox şəhərdən xeyli uzağa – axar çayları, təbii yaşıllıqları və sərin havası olan, dağlar qoynunda yerləşən yaşayış məskənlərinə olur. Naxçıvan torpağının sərt iqliminə xas yandırıcı günəşin istisindən qısamüddətli də olsa, qaçmaq, iş həftəsinin yorğunluğunu atmaq məqsədli belə səfərlər hər kəs üçün cəlbedici olur. Ötən istirahət günlərindən birində mən də bir qrup yoldaşımla birgə belə səfərlərdən birini reallaşdırmaq qərarına gəldik. 

    Naxçıvan şəhərinin Şərq qapısından çıxıb yoluna davam edən hər kəsi bir-birindən maraqlı mənzərələr gözləyir. Babək rayonunun geniş və məhsuldar torpaqları Naxçıvan-Ordubad magistral yolunun böyük bir hissəsində – yolun hər iki tərəfində sizi müşayiət edəcək. Biçilən taxıl zəmilərinin kəhrəba rəngi ərazidəki tək-tük ağacların yaşıllıqları ilə birlikdə xoş mənzərə yaradır. Biçilmiş zəmilər günəşin şüaları altında qızıl kimi parlayır. Məhsulu toplanmış zəmilərin sərhədində cərgə ilə düzülmüş ağacların yaşıllığı iki kəskin fərqli rəngin – sarı və yaşılın həm də bir-birinə uyğunluğunu göz önündə canlandırır. Bəlkə də, yaşılın sonu sarı olduğuna görə sarı tarlalar da sanki öz gənc yaşıllığına can atırmış kimi görünür. Göz işlədikcə uzanıb gedən bu mənzərələr insan zəhmətinin, əməyinin, alın tərinin əsəridir.
    Şəhərdən uzaqlaşdıqca bərəkətli zəmilər, bol məhsullu bağlar, bozqır çöllər bir-birini əvəzləyir. Torpağın ağdan qırmızıya, bozdan qəhvəyiyə qədər dəyişən rəngləri burada bitən bitki örtüyünə də təsir edir. Günəş işığı ilə dəyişən rənglər, üfüqdə çiyin-çiyinə düzülmüş sıra dağların zərif duman örtüyü arxasında görünən mavi rəngli siluetləri ecazkar mənzərələr yaradır. 
    Mars planetini xatırladan qırmızı torpaqlar, dağ-kserofit bitkiləri ilə örtülmüş dağlar, dik qayalar, dağların rəngarəng geyimləri arasında görünən kəndlər insanı şəhər sivilizasiyasından ucqarlara doğru müşayiət edir. Böyük sivilizasiyanın ucqarlara doğru insanı müşayiət edən faktorları da var: asfalt döşənmiş geniş yollar, elektrik naqilləri, qaz boruları və təbii ki, irəli və geri şütüyən avtomobillər. Yanından, içindən və ya yaxınlığından ötüb keçdiyimiz müasir kəndlər insanların həyatı haqqında xeyli təsəvvür yaratmağa imkan verir. Kəndlərdəki müasir quruculuq insan amilinə verilən dəyərin, qazanılan uğurların və müasir inkişafın mənzərəsini gözlər önünə sərir. Bu torpağın insanları öz yurd-yuvalarına, ata-ana ocaqlarına bağlıdırlar. Doğma torpaqlarında qurduqları gün-güzəran, müasir inkişafın onlara yaratdığı şərait bu yerlərin yenidən qurulmasına, sürətli tərəqqisinə imkan verir.
    Bir də yolboyu bizə bu torpaqların nə qədər müqəddəs olduğunu xatırladan, unutmamalı olduğumuz anları təkrar-təkrar yaşadan nüanslar var. Bu, Vətənin bütövlüyü üçün özünü qurban verməyi bacaran qəhrəman şəhidlərin fotoları, bəlkə də, əvvəllər tanımadığımız, indi isə az qala üz cizgilərinin hər detalına qədər bildiyimiz təbəssüm dolu simaları bizi qarşılayır. Hər yaşayış məskəninin yaxınlığında dalğalanan üçrəngli bayrağımızın kölgəsi altında həmin yerin şəhidlərinin hələ də döyüşçü nizamı ilə düzülmüş iri tabloları onların qəhrəmanlıqlarını yenidən yada salmağa kömək edir... 
    Ordubad rayonunun qədim və tarixi kəndlərinin yerləşdiyi qoldan yolumuza davam edirik. İstiqamətimiz üzü dağlara tərəfdir. Yolun hər iki tərəfində əkin və biçənək sahələri göz işlədikcə uzanıb gedir. Təbiətin bu zamanı qış hazırlığının ən qızğın dövrüdür. Bunu yaxşı bilən təsərrüfat adamları da mal-qaraları üçün yem ehtiyatı tədarük edirlər. Biçənək sahələrində səliqə ilə biçilib toparlanmış, nəhəng ilan kimi qıvrılıb halqalarını üst-üstə yığmış quru ot topaları maraqlı mənzərə yaradır. Alçaq təpələrin arası ilə uzanan yolun aşağısı ilə axan çayın ətrafını bürümüş sıx ağaclıq yaşıl lent kimi uzanıb gedir. 
    Başı ərşə dayanan cəviz ağaclarının kölgəsinə bürünmüş asfalt örtüklü rahat yolumuz bizi irəli apardıqca bir-birini əvəz edən kəndlər, gördüyümüz mənzərələr, zəhmətkeş insanların yaratdıqları ilə sanki başqa bir aləmə qovuşuruq. Həyətlərində yüzillik cəviz ağacları olan tarixi evlər, müasir memarlığın əsəri olan kənd mərkəzləri, məktəblər, dağlardan üzü Araza doğru axan çay və göz işlədikcə uzanıb gedən yaşıllıq zolağı tarixlə müasirliyin, vəhşi təbiətlə antropogen təsirin tandemini yaradır. Bu yerlərin insanları ana təbiətin dilini bilib, onun ahənginə uyaraq təbiəti məhv etmədən ondan istifadə edirlər. Ana təbiətin bəxş etdiyi hər bir nemətdən yararlanaraq eyni zamanda onu qorumaq gələcək nəsillərə bir nümunə gücündə olmaqla yanaşı, həm də onlara bu Vətəni daha etibarlı, daha gözəl saxlamaq məqsədi daşıyır. 
    Ordubadın hər bir kəndi, hər bir yaşayış məskəni özünəməxsusluğu ilə bir-birindən seçilir. Öz payını bu torpaqdan əsirgəməyən təbiət müxtəlif qollarda yerləşən kəndlərə həm oxşar, həm də fərqli zənginliklər bəxş edib. Bu dəfə üz tutduğumuz rayonun Düylün-Çənnəb-Üstüpü-Məzrə qolu da özünəməxsus təbiəti, təsərrüfat həyatı, mehriban və qonaqpərvər insanları ilə fərqlənir. 
    Mövsümün ən isti zamanında belə yaşıllığa qərq olmuş istər meyvə bağları, istər əkin, istərsə də otlaq sahələrinin səliqəliliyi ilə diqqətçəkən, muxtar respublika ərazisində turizmin ən yaxşı ünvanlarından biri ola biləcək Məzrə kəndi balaca ərazisi və möhtəşəm təbiəti ilə insanı özünə valeh edir. Üstüpü çayının hər iki sahilində yerləşən Məzrə kəndi təmiz havası, şəffaf axar suları və bulaqları ilə qonaqları qarşılayır. Kənddən xeylək aralıda, çayın yuxarı axarındakı balaca şəlalə və uşaqların çayın qarşısını kəsərək düzəltdiyi, dərinliyi adam boyunu aşan kiçik hovuz isə isti mövsümdə bu yerlərə bələd insanların tez-tez üz tutduğu məkandır. 
    Yoldaşlarımla söhbətləşərək təpələrin yamacındakı dolambac cığırla irəli addımladıqca onlardan fərqli olaraq mən daha çox gördüklərimi yaddaşıma yazmağın təlaşındayam. Sonradan onları sözlərə çevirib təsvir etmək, daha böyük auditoriyaya çatdırmaq mənə asan olsun deyə. Bu da özümdən asılı olmayan bir vərdişdir, deyə düşünürəm hərdən. Gördüyün heyrətamiz mənzərələri, öyrəndiyin yenilikləri, şahidi olduğun hadisələri başqalarına da çatdırmaq üçün onu qələmə almağa tələsmək. Gördüyün hər mənzərəyə daha fərqli aspektdən baxmaq, şahidlik etdiyin hər gözəlliyin pərdəarxasındakı əməyi, əziyyəti görə bilmək, bunu öz düşüncə və təxəyyülünün süzgəcindən keçirib hazır məhsulu ərsəyə gətirməyə çalışmaq. Bunları düşünmək və artıq təsəvvüründə canlandırmağın özü də kifayət qədər həyəcanvericidir. 
    Çayın kənarı ilə üzüyuxarı hərəkət etdikcə dəyişən landşaft isə başqa bir aləmdir. Əvvəla, onu demək lazımdır ki, bu kənddə çay qırağındakı əkinəyararlı ən kiçik torpaqlar belə zəhmətsevər məzrəlilər tərəfindən dəyərləndirilib. Çay vadisinin əkinçiliyə yararlı olan hər qarışı zəhmətkeş kəndlilərin əlində bol məhsullu tərəvəz anbarına çevrilib. Rayonun bu hissəsini kələm, kartof və lobyanın cənnəti də adlandıra bilərik.
    Yaşıl çəmənliyin qoynunda uzanan ləklərdə öz yerini tutan geniş kələm, lobya və kartof əkinləri çay kənarı boyunca özünə məskən edib. Hər qarış torpağın dəyərini bilən sakinlər ana təbiətin bəxş etdiyi bu sərvətdən faydalı şəkildə yararlanırlar. İnsan boyundan hündür, ağaclarla bəhsə girişirmiş kimi uzandıqca uzanan, böyüdükcə böyüyən, yanına basdırılmış quru ağac budaqlarından güc alırmış kimi mavi səmaya doğru can atan, ağ-sarı çiçəkləri, yaşıl gövdələrindən sallanan yaşıl meyvələri ilə lobya – yerli sakinlərin dili ilə desək “cax maşı”, bənövşəyi çiçəklərə bürünmüş kartof kolları, səmanın maviliyi əks olunurmuş kimi görünən kələm sahələri bu yerlərin mənzərəsinə ayrı bir gözəllik qatmaqla yanaşı, torpağa göstərilən sevgidən güc alaraq bir-birindən dəyərli məhsullarını zəhmətkeş insanlara bəxş edir. Nisbətən yüksəklikdə əkin sahələrini əvəz edən meyvə bağları, ağaclıqlar arasında yerləşən geniş çəmənliklər, daha yüksək yamacları tutan kolluqlar və zirvələrin dik sıldırımları bu yerlərin fərqli mənzərələrini yaradır. Çay yatağı boyunca yerləşən daşlı çəmənlik isə mal-qaranın əvəzsiz otlaq sahəsidir. 
    Ümumiyyətlə, Məzrədə boş torpaq sahəsi tapmazsan. Hər kəs əkir-becərir, torpağa sahiblik edir. Çünki bu gün hər bir kənddə torpağını əkib-becərmək üçün kəndliyə hər cür şərait yaradılır. Torpaqlar rayonlaşdırılıb, harada nə əkmək lazım olduğu, hansı mütərəqqi metodlardan istifadə etməyin yollarını kəndli yaxşı bilir. 
    Məlumdur ki, muxtar respublikada fərdi təsərrüfatlar inkişaf edərək ailə büdcəsinin əsas gəlir mənbəyinə çevrilir. Kənd yerlərində yaşayan ailələr öz məşğulluqlarını, dolanışıqlarını təsərrüfatla təmin edir – kiçik ailə təsərrüfatları yaradırlar. Bu özünüməşğulluq sayəsində həm bu ailələrin məşğulluğu təmin olunur, həm də onlar da məhsul istehsalında, Naxçıvan bazarlarında keyfiyyətli məhsul bolluğunun yaradılmasında, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatında iştirak edirlər. Bu isə bölgənin iqtisadiyyatına töhfə verməklə yanaşı, eyni zamanda həm yaşadıqları yerin brend məhsullarını digər sakinlər üçün əlçatan etməyə, həm də bu istiqamətdə görülən işlərdə, həyata keçirilən Dövlət Proqramlarının reallaşmasında pay sahibi olmalarına imkan yaradır. 
    Bu yerlərə ilk dəfə ayaq basan və çayyuxarı birinci dəfə səfər edən adamlar üçün yol hər nə qədər uzun və yorucu görünsə də, ana təbiətin bir parçası olaraq ona qovuşmaq, çayın sərin suları ilə addımlamaq, adamboyu qalxmış yarpız və baldırğan kollarının, rəngarəng çiçəklər açmış otların seyrinə dalmaq, meyvələrin ağırlığından budaqları əyilmiş ağacların, ətrafa sərinlik bəxş edən nəhəng söyüdlərin kölgəsində dayanmaq insana yeni bir həyat eşqi, gözəllik duyğusu, Vətən torpağına heyranlıq hissi bəxş edir. Ayna kimi saf suların axarı boyunca insan səsindən və hərəkətlənmədən ürkmüş qurbağaların suya atılması, sularda özünə yer tutanların sanki narahat edilməkdən narazılıqlarını bildirən donquldanmaları, isti havada cırıldayan cırcıramaların səsi, ağacların kölgəsində özünə yuva etmiş quşların nəğmələri insanı bir anlıq da olsa, bu günün qayğılarından qoparıb təbiətin düşünən bir hissəsinə çevrir. 
    Heyrətamiz təbiət mənzərələrini seyr edə-edə gəlib çatırıq uşaqların özləri üçün düzəltdiyi və bu mövsümdə tez-tez yada saldığı, kifayət qədər dərin olan kiçik hovuzun yanına. Bir az yuxarıda isə balaca bir şəlalə ətrafa səs-küy salıb axaraq bu hovuzu su ilə doldurur. Sanki ətrafdakı yaşıllıq suda bərq vururmuş kimi suyu zümrüd yaşılı bir rəngə çevirir. Bol günəş enerjisi, ilıq su, təmiz hava və yaşıl təbiət bu yerdən zövq almaq üçün kifayət qədər səbəb yaradır. 
    Buranın daimi ziyarətçiləri isə, təbii ki, həm Məzrədə, həm də ətraf kəndlərdə yaşayan uşaqlardır. Ətrafı bürümüş sevincli gülüş səsləri, hündür təpədən suya tullanan oğlanların həyəcanlı nidaları axar suyun və təbiətin səsi ilə qovuşaraq səmaya qalxıb yox olur. Yay tətilini maraqlı keçirməyin, yayın isti havasında sərinləməyin ən yaxşı yolunu elə bu uşaqlar tapıb. Bol günəş enerjisi, təmiz su və gözəl havadan zövq alaraq günlərini maraqlı şəkildə başa vururlar. 
    Onları izləyərək düşünürəm ki, qayğısız gülüşləri suyun səsinə qarışan bu uşaqların hər cür qayğıdan azad, rahat, çətinliklərdən uzaq şəkildə öz uşaqlıqlarını yaşamaq və bundan zövq almaq imkanları var. Bu isə dövlətimizin bugünkü inkişaf strategiyasına, insan amilinə, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin uğurla həyata keçirilməsinə göstərdiyi diqqətin təzahürüdür. Sosial və iqtisadi çətinliklərdən uzaq şəkildə, qayğısız böyüyən və deyərdim ki, uşaqlıqlarını doya-doya yaşayan bu yeniyetmələr gələcəyin sağlamdüşüncəli vətəndaşı olaraq ölkəmizin daha da inkişaf və çiçəklənməsinə öz töhfələrini verəcəklər. 
    PS. Yaddaşımın küncündə Məzrə kəndi ilə bağlı ilişib qalan bir xatirəni də paylaşmaq istəyirəm. Məzrə kəndinə ilk dəfə 2010-cu ildə işlədiyimiz radiodan veriliş hazırlamaq üçün getmişdik. Buranın əsrarəngiz təbiəti, zəhmətkeş insanları ilə ilk tanışlığım da elə həmin ilə təsadüf edir. O zaman Məzrə kəndində evlərində qonaq olduğumuz sakinlərdən biri həyat yoldaşından israrla bizim üçün bu torpaqda yetişmiş kartofdan yemək hazırlamağını istəyirdi. Biz etiraz etsək də, burada yetişən kartofun dadının bir başqa olduğunu deyirdi. Cax maşının isə dadını və ləzzətini öz alıcıları üçün özünəməxsus bir şəkildə ifadə etdiyini deyən ev sahibinin fikirləri indi də yadımdadır: “Alıcılar bu lobyanın qiymətini baha hesab etdiklərində onlara deyirəm ki, bu lobyanın yağı da, qovurması da elə öz içindədir. Sadəcə, siz suya atıb bişirəcəksiniz, vəssalam”. 
    O zaman bu fikirlər mənim üçün, bəlkə də, o qədər aydınlaşdırıcı deyildi. Amma üstündən bu qədər zaman keçdikdən sonra o kartofun da, sonradan dadına baxmaq imkanı əldə etdiyimiz Ordubadın maş şorbasının da ləzzəti yaddaşımızda həmişəlik qalıb. Bu ləzzət isə insanların bu torpağa olan sevgisinin, qayğısının, alın tərinin təzahür etmiş halıdır. 

Məmməd BABAYEV

Nəşr edilib : 04.09.2023 18:23