AZ EN RU

Bir vüsal nəğməsidir şəhid məzarı

    Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir”, – deyib canından keçən Vüsal Vəliyevin əziz xatirəsinə

    Yenə həmin gün gəldi, yenə məzarın başında səninlə danışıram, şəhidim, sənə demək istədiyim sözləri sətir-sətir vərəqə köçürürəm. Məhz köçürürəm, nöqtəsinə, vergülünə toxunmadan, bir sözünü dəyişmədən əzbər bildiyim bir şeir kimi... 
    35 il öncə, elə ilin bu vədəsində 15 iyul 1988-ci ildə Vəliyevlərin ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Adını Vüsal qoydu atası İslam əmi. Həmin illərdə Vətənin başını qara buludlar almışdı. Anası Mədinə xanım Vüsalının və digər övladlarının taleyindən çox nigaran idi. O da hamı kimi hiss edirdi qarşıdan gələn qara günləri. Elə də oldu, çətin günlər başladı. Aclıq, müharibə yurdumuzu əldən salmışdı. Amma mərd azərbaycanlı qadınları kimi o da balalarını Vətənə, yurda bağlı böyüdürdü. İllər gəlib keçirdi, müharibə, çətinlik dayanmaq bilmirdi. Uşaqlarını top mərmilərinin səsi altında böyüdürdü digər analar kimi Mədinə ana da. Qarabağ işğal edilmişdi artıq Vüsalın 6 yaşı olanda. O da digər uşaqlar kimi düşmənə nifrət hissi ilə böyüdü. Ən böyük amalı Vətənin bütövlüyü oldu. Hərbçi olmaq qərarını evdəkilərə bildirəndə ananın gözləri yaşla doldu oğlunun bu istəyindən: – Get, oğlum, oxu, Vətənin müdafiəçisi, torpaqlarımızın azadlıq, sülh göyərçini ol, – dedi övladına. Haradan bilərdi ki, Tanrı həmin gün Mədinə ana kimi onlarla ananın bu alqışını, duasını qəbul etdi. Haradan bilərdi ki, bu arzu həm də oğluna şəhidlik arzulamaq, onun Allahın süfrəsinə qonaq olmağının arzusu idi. Oğluna hərbi forma geyindirib yola salanda haradan bilərdi ki, Vətənin azadlıq arzusu ilə yanan, həsrətdən dili quruyan torpaqlarına vüsal olacaq Vüsal kimi oğullar. O, haradan bilərdi ki, oğlunun Vüsalı Vətən olacaq. Bəy köynəyini kəfənlə əvəz edib Vətənə qurban deyəcək canını. Anasını dünyanın ən şərəfli adı ilə təltif edib onu şəhid anası kimi yüksək məqama yüksəldəcək.
    İllər gəlib keçir... Vüsal artıq hərbi təhsilinin iki pilləsini də tamamlayıb zabit olmuşdu. Doğma Vətənin bir çox yerlərində xidmət edir hər bir zabit kimi Qarabağı azad etməyə can atırdı. Aprel döyüşlərində bir qığılcım parlamışdı Azərbaycanın səmasında, bu ilk addım olmuşdu Qarabağın azadlığı yolunda. Vüsal da bu döyüşlərin iştirakçısı olmağın qürurunu yaşamışdı. Amma ən böyük arzusu Şuşanı azad edənlərdən biri olmaq idi. Elə belə də oldu. O, Vətən savaşının ilk günündən döyüşlərə qatıldı və Şuşaya çatmaq şərəfinə nail oldu. Şəhadət şərbətini də elə Şuşada içdi. Bu gün onun məzarı başında dayanan hər kəs doğum yeri Şərur rayonunun Dizə kəndi, əbədiyyət qazandığı yer isə Şuşa şəhəri sözlərini oxuyanda yurdundan min kilometrlərlə uzaqda “Candan öncə Vətəndir!” – deyib şəhidlik zirvəsinə ucalan bu igidə əhsən deyir, ruhu qarşısında baş əyir. Bəli, şəhidlik qeyrət və hünər zirvəsidir. Hamımız bu müqəddəsliyə qovuşmağa hazırıq. Elə buna görə də şəhidlərin məzarları nəsillərin əbədi ziyarətgahına çevrilir. 
    Bu gün 35 yaşın tamam olur, şəhidim. Torpağı öz yarından, Vətəni anasından çox sevən şəhidim. Qəlbindəki Vətən sevgisi ilə döyüşə atılıb heç nəyi düşünmədən bir ovuc torpağa qurban gedən şəhidim. Sinəsi yox, sinədaşı medallar, ordenlərlə bəzənən şəhidim. Bəy otağını məzarla əvəz etməkdən çəkinməyib “Vətən candan əzizdir!” – deyən şəhidim. Vüsalı Vətən olan şəhidim. Daha nə deyim sənə, şəhidim. Vətən üçün min canı olsa, verə biləcək şəhidim. Vətən həmişə şəhidləri ilə var olur. Sən heç nəyi düşünmədən sipər etdin öz canını düşmənlərə. Və bu gün başımızın üzərində dalğalanan bu bayraq sənin kimi oğulların canı bahasına ucalır. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 14.07.2023 17:57