AZ EN RU

Bir sözlə qaytarılan 4 kənd, yaxud Ali Baş Komandanın 100-cü gün töhfəsi

Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verildi. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Ümummilli Lider Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri, bu proses dayandı. Bununla belə müstəqilliyin ilk illərində ölkədə baş verən anarxiya və özbaşınalıq, hakimiyyətsizlik və yarıtmaz rəhbərlərin fəaliyyəti torpaqlarımızın ermənilər tərəfindən işğalı ilə nəticələndi.

Azərbaycan dövlətinin bu işğala son qoyması isə Prezident cənab İlham Əliyevin gərgin əməyinin payına düşdü. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan hazırlaşdı. Ölkəmiz gücləndi, iqtisadiyyatımız gücləndi, güclü ordu potensialı yaradıldı. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində tarixi, əzəli torpaqlarımız işğalçılardan azad edildi. Dövlətimiz və onun Ali Baş Komandanı gücünü, siyasi iradəsini göstərdi. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdi. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Cənab Prezidentin də dediyi kimi: “Biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik” .

Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Azərbaycan Liderinin iradəsindən kənar bu bölgədə heç bir məsələ həll oluna bilməz. Burada söz sahibi Azərbaycan və onun Lideridir, Qafqazda aparıcı dövlət Azərbaycandır və Azərbaycanla hər kəs hesablaşmalıdır.

Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, Ali Baş Komandanın növbəti zəfəridir: "Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq”.

Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Hər halda hər kəs bilir ki, Azərbaycan nəyə qadirdir, onun Lideri nəyə qadirdir, ordusu nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz.

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilmişdir.           Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Qazaxın işğaldan azad edilən dörd kəndində artıq Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bu isə Azərbaycan Liderinin, onun diplomatiyasının, gələcəyə hədəflənmiş strateji siyasətinin real nəticəsi olmaqla, eyni zamanda Prezident səlahiyyətlərinin icrasına başlamasının 100-cü gününə ən yaxşı töhfədir.

Ölkə başçısının möhtəşəm siyasi analizləri, uzaqgörən strateq düşüncələri, strateji yanaşmaları, bütün mövcud proseslərə ən incə detallarına qədər dəqiq və konkret bələd olması Onun hazırkı dünya siyasətinə, geostrateji vəziyyətə hakimliyi fonunda olduqca aydın mənzərə yaradır. Artıq bütün dünya qəbul etməlidir ki, Qafqaz regionunda vəziyyət dəyişir və bu dəyişikliklərin böyük dərəcədə təşəbbüskarı Azərbaycandır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın ən nüfuzlu liderlərindən biri olaraq qəbul edilməsi onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Kim nə deyirsə desin, İlham Əliyevin dünya liderlərindən biri olması artıq qəbul edilmişdir. O bunu qəbul etdirdi.

“Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”, – deyən cənab Prezidentin gördüyü işlər xalqın qarşısında verdiyi sözləri tutmasına ən yaxşı sübut, bu günə qədər görülən işlərin yekun hesabatı idi. Başqa sözlə desək: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”

Məmməd BABAYEV

Nəşr edilib : 24.05.2024 16:40