AZ EN RU

Bir səyyah ol...

    Naxçıvan nəinki ölkəmizin, bütün Türk dünyasının çiçəklənən, qədim və modern dövrü özündə yaşadan əsrarəngiz bir guşəsidir. Qədim şəhərlərin xarabalıqlarının, orta əsrlərin məşhur memarlarına məxsus məqbərələrin, dünya şöhrətli sərkərdələrin tikdirdiyi memarlıq abidələrinin bir-biri ilə yarışdığı doğma Vətənim! Bir-birindən dəyərli təbii sərvətləri kimi, strateji əhəmiyyətinə görə də bütün dünyada həmişə cəlbedici olan diyarım!
    Bir səyyah kimi dünyanı gəzməmişdən əvvəl öz doğma Naxçıvanımı qarış-qarış gəzməyi qarşıma məqsəd qoymuşdum. Çünki öz elindən xəbərsiz olanın dünyadan xəbəri olmasının nə faydası?! Elə bu cümləni özümə rəhbər tutub, hələ uzun illər əvvəl çantamı çiynimə asıb Naxçıvanı kəşfə çıxmışdım. 
    Demək olar, hər gün yanından keçdiyimiz, Naxçıvanın simvoluna çevrilən Mömünə xatın türbəsinə, Memar Əcəminin digər bir şah əsəri olan Yusif ibn Küseyir türbəsinə, XVIII əsrin ortalarında Şərq memarlıq üslubunda inşa edilən İsmayıl xan hamamına, yenilənmiş Xan sarayına, öz ədəbi irsləri, yaradıcılıqları ilə Naxçıvandan bütün dünyaya işıq saçan dahilərin bir-birindən gözəl ev-muzeylərinə, şəhərin modern üslubda yeni tikilən, bərpa edilən binalarına və sadalamadığım bir çox yerli və dünya əhəmiyyətli tikililərə bu dəfə yerli bir səyyah gözü ilə baxırdım. Hələ dünyanın dörd bir tərəfindən insanların axışıb gəldiyi, şəhərə çox yaxın məsafədə yerləşən, möcüzəvi müalicə mərkəzi olan Duzdağdan nə qədər danışsam, az olar. Bütün bu tarixi-mədəni yerləri bir-bir gəzib, bir səyyah gözü ilə kəşf edəndən sonra bir an dayanıb özüm-özümə demişdim ki, mən necə gözəl və əvəzolunmaz bir yerdə dünyaya göz açmışam!
    Dünyada şöhrət tapmış, ölkənin ilk qablaşdırılmış mineral suyu olan “Badamlı”sı, dörd fəsildə göz oxşayan, Üzən adası ilə dillər əzbəri olan Batabatı, ölkənin qış turizminə öz töhfəsini verən Ağbulağı ilə Şahbuzu da yad etmək lazımdır. Mənim üçün ən maraqlı abidələrdən biri, Batabat yaylağında yerləşən, qayanın içində yonulmuş 4 otaqdan ibarət, xalq arasında Nizaminin “Xosrov və Şirin” poemasının qəhrəmanının adı ilə “Fərhad evi” deyilən yer idi. Bu abidə nəinki mənim, xatırlayıram, qonaqlarımızın da böyük marağına və heyrətinə səbəb olmuşdu. 
    “Ordubad Azərbaycanın incisidir”, – Ordubadı kəndbəkənd gəzəndən sonra Ulu Öndər Heydər Əliyevin bu cümləsini səyahətçi ruhumla bir daha hiss etdim. Ordubadın bağlarının, böyüklü-kiçikli şəlalələrinin, əvəzolunmaz dağ göllərinin gözəlliyi insana mistik, nağılvari hisslər bəxş edir. Hələ bir neçə il əvvəl məşhur Pəzməri şəlaləsinə səyahət etdim. Şəlaləyə gedərkən yolüstü kəndlərdə Ordubad camaatının evinə qonaq oldum, məşhur paxlavasından, ölkədə təkrarı olmayan limonundan, dadlı sucuğundan və digər təamlarından daddım. Amma burada insana ən şirin gələn şey ordubadlıların səmimiyyəti, mehribanlığı və qonaqpərvərliyidir. Təbiət möcüzəsi hesab etdiyim Göygölə gedib çıxmaq nə qədər əziyyətli olsa da, buna dəyərdi! 
    Müasir dünyanın bir çox ölkəsində olan, fərqli mədəniyyətlərə, ecazkar təbiət mənzərələrinə şahidlik edən naxçıvanlı bir səyyah kimi sizi əmin edirəm ki, Culfa dağlarının ətəklərində gördüyüm bitki örtüyünü gəzdiyim başqa heç bir yerdə görməmişəm. Culfa deyəndə ağlımda həmişə bir xatirə canlanır. Xanəgah kəndindən xeyli aralı, insan ayağının çox az dəydiyi yerlərdən olan, “Anzır” adlanan ərazini kəşfə getmişdim. Həmin vaxt məni buludlar müşayiət edirdi. Yer, göy isə yovşan və onun qoxusuna bürünmüşdü. Sağ tərəfimdən dərdiyim kəklikotu çiyələk qoxurdu, sol tərəfimdən dərdiyim isə limon. Qarşımda Naxçıvanın təbii simvolu olan Haçadağ var idi. Burada gördüyüm bitkilər, sadəcə, kəklikotu və yovşandan ibarət deyildi. Bütün bunlardan sonra hansı ölkənin təbiəti ilə tanış olmağa gedirəmsə, onu tez Culfa ilə müqayisə etməyə başlayırdım. Amma gördüyüm bütün təbiətlərin bitki örtüyü Culfaya uduzurdu. 
    Hələ bir neçə ay əvvəl Əlincəqalanın və dini turzimdə öz yerini zirvədə saxlayan Əshabi-kəhfin şöhrətini duyan Almaniyadan və İspaniyadan olan qonaqlarımız Naxçıvana üz tutmuşdular. Onlar Əlincəqalanı böyük heyranlıqla foto və videonun yaddaşına köçürür, Perudakı məşhur Maçu-Pikçu qədim şəhəri ilə müqayisə edirdilər.
    Bir səyyah gözü ilə muxtar respublikadan nə qədər yazsam da, kifayətsiz qalar. Elxanilərin irsini qoruyub saxlayan Qarabağlar türbəsi ilə Kəngərli, qədim Urartu dövlətinin izlərini özündə daşıyan Oğlanqala yaşayış məskəni ilə Şərur, Sirab, Vayxır, Cəhri, Qahab və başqa mineral suları ilə məşhurlaşan Babək, igidlik rəmzinə çevrilən Sədərək, ümumilikdə, ölkəmizin təkrarolunmaz bölgələrindəndir. 
    Bu günlərdə öz muxtariyyətinin 100-cü ilini qeyd edən Naxçıvan nəinki turizm sahəsi ilə, həm də yenilənmiş infrastruktura malik yaşayış yerləri ilə də yerli və xarici qonaqlar tərəfindən sevilir, böyük rəğbət görür. 
    Ardı-arası kəsilmədən hər il keçirilən festivallar bu qədim diyarı daha da rəngarəng edir. Ötən ilin noyabrında Naxçıvan şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdışa gedən yol” festival-konqresi Naxçıvanı ölkə və dünya mediasının əsas diqqət mərkəzinə çevirdi.
    Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsinin regionda yaratdığı yeni reallıqlar Naxçıvanla quru əlaqəsinin bərpasını da özündə ehtiva edir. Şübhəsiz ki, Zəngəzur dəhlizi açıldıqdan, Azərbaycanın digər bölgələri ilə Naxçıvanın quru əlaqəsi bərpa olunduqdan sonra bu dəhliz doğma diyarımızı blokadadan çıxarmaqla yanaşı, xalqımızın qədim Zəngəzura qayıdışını da təmin edəcəkdir.
    Otuz ildən artıqdır, çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət edən Naxçıvan Muxtar Respublikası bu gün öz muxtariyyətinin 100 illiyini qeyd edir. Bu qədim, mistik diyarın sakinlərinə ən böyük müjdə, hədiyyə isə 30 ildən sonra, nəhayət, Zəngəzur dəhlizinin açılması olacaqdır.  

Abdulla QULİYEV

Nəşr edilib : 09.02.2024 21:41