AZ EN RU

Bir şəkildə yaşayan xatirələr...

Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ümummilli liderin sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Hətta ulu öndər Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Naxçıvana səfəri zamanı özü də bu muzeyi ziyarət etmişdir. Muzeydə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin bütün dövrlərinə aid qiymətli eksponatlar mövcuddur və bu eksponatların hər birinin maraqlı tarixi, hekayəsi var. Bu yazıda bəhs edəcəyimiz şəkil də dahi şəxsiyyətin gənclik illərindən qalan bir xatirəsidir. Həm də özünün yaratdığı, istedadının çoxşaxəli olduğunu sübut edən bir xatirə...

Ulu öndər Heydər Əliyevin necə böyük siyasətçi, mükəmməl tarixçi, peşəkar dilçi, gözəl memar olduğunu hamımız bilirik. Amma bu dahi şəxsiyyət, eyni zamanda istedadlı rəssam idi. Hələ 19 yaşında ikən balaca Zərifə Əliyevanın naturadan çəkdiyi şəkilinə bu gün də baxanlar təəccüblərini gizlədə bilmirlər.  Tələm-tələsik, həm də o vaxtların tuş-qələmi ilə çəkilmiş bu şəkildə fizionomik cizgilərin necə böyük peşəkarlıqla işləndiyini sezməmək mümkün deyil. Bunun üçün heç rəssam olmağa da ehtiyac yoxdur, necə deyərlər, əsər öz sözünü deyir...

Təbii ki Heydər Əliyev Muzeyində saxlanılan bu şəkilin də öz hekayəsi var. “Heydər Əliyev İli”ndə hazırlayacağım növbəti yazıda bu haqda bəhs etməyə qərar verəndən sonra şəkilin harada və necə çəkilməsi ilə bağlı yenicə maraqlanmağa başlamışdım ki, “Şərq qapısı” qəzeti köməyimə çatdı. Qəzetin 7 iyul 2001-ci il tarixli sayında Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, mərhum Arif Qədimovun həmin şəkillə bağlı araşdırma yazısında maraqlı məlumatlarla rastlaşdım.

Müəllif qeyd edir ki, 1999-cu il oktyabr ayının 14-ü idi.  Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirlərində iştirak edirdi. Həmin günü Naxçıvanın qədim tarixi abidəsi olan “Mömünə Xatun” türbə-muzey ekspozisiyası ilə tanış olurdu. O, bu muzeyə xüsusi diqqət yetirərək öz arzularını, istəklərini, təkliflərini bildirdi. Hələ uşaq ikən buralara tez-tez gəlməsindən, bu yerin tarixini, onun memarlıq elementlərini dərindən öyrənməyə can atmasından, ən başlıcası isə bu abidənin müxtəlif görünüşlərinin şəkillərini sulu boya (akvarel) ilə və qələmlə çəkməsindən danışırdı. Onun xüsusi vurğu ilə söylədiyi bir neçə kəlmə isə hec cürə qulaqlarımdan getmir: Mən çox sevinirəm ki, bu gün buraya gəldim. Siz burada çox gözəl muzey yaratmısınız. Əlbəttə, bütün bunlar bu gün bizə dünənkindən daha vacibdir... Çox heyfsilənirəm ki, o zaman mənim bu türbə ilə bağlı çəkdiyim şəkillərdən heç biri qalmır. Mən Naxçıvandan gedəndən sonra hamısı itib-batdı. Heyf!...

Məhz bu görüşdən sonra Arif Qədimov dahi şəxsiyyətin əl işləri ilə bağlı axtarışlara başlayır və sonunda istəyinə nail olur. Deyir ki, onun 19 yaşında ikən 1942-ci il aprelin 27-də, saat 9:30-da Bakıda qardaşı Həsən Əliyevin və tanınmış maarifçi (Naxçıvanda ilk maarif komissarı olub) Mirzə Əbdülvahabın birgə qaldıqları (giriş bir olub, lakin otaqlar ayrı-ayrı) evdə Əbdülvahabın 12 yaşlı qızı Zərifənin tuş-qələmlə çəkdiyi şəkili əlimə düşdü. Saralıb-solmuş, lakin çox səliqə ilə qorunub saxlanılmış bu şəkil dahi Heydər Əliyevin çox zəngin olan rəssamlıq qabiliyyətindən xəbər verirdi.

Arif Qədimov bildirir ki, belə bir qiymətli əsərin tapılması məni Zərifə xanımı axtarmağa məcbur etdi və sorqlaşandan sonra onun Ordubadda yaşadığını öyrəndim. Beləliklə bununla bağlı yazı hazırlamaq üçün Ordubada üz tutdum. Və o zamankı 12, bu gün isə 71 yaşlı, təqaüddə olan rus dili müəlliməsi Zərifə xanımla üzbəüz oturub bu nadir şəklin tarixçəsi haqqında məlumatlar almağa başladım.

Zərifə xanımın dediklərindən: O vaxt biz Bakıda 1937-ci illərin qurbanlarından biri olan Bağırbəyovun müsadirə olunmuş evində yaşayırdıq. (Bir mənzildə iki ailə, Həsən Əliyev və biz) Bu mənzil Əli Bayramov küçəsi 25-də yerləşirdi. Demək olar ki, biz bir ailə kimi idik. Həsənin həyat yoldaşı Zərqələm, oğlu Rasim bizə çox hörmətlə yanaşırdılar. O zaman Heydər Əliyev də bura tez-tez gələrdi. Onun ciddi davranışı, yüksək mədəniyyəti, şux boyu, qaməti, həddindən artıq savadlı danışığı və gələcəyinə böyük inamı onu tanıyanları, o cümlədən bizi valeh edərdi... Heydər Əliyevin çox gözəl əl qabiliyyəti var idi. Həmişə də bura gələndə tuş-qələmlə qaralamalar edərdi. Nərd oynamağı da çox xoşlayardı. Həmişə də çalışardı ki, qalib olsun. Bir gün yenə Həsənin oğlu Rasimlə nərd oynayırdılar. Deyəsən udmuşdu, kefi kök idi. Mənə dedi ki, Zərifə, otur, sənin şəklini çəkim. Mən çox sevindim və elə həmin dəqiqə hörüklərimi səliqəyə salıb ədəb-ərkanla onun qarşısında oturdum. O, çox cəld hərəkətlərlə mənim şəklimi gördüyünüz bu kağıza çəkdi: “Al, Zərifə, məndən yadigar saxla”,– dedi. Həmin gün 1942-ci il aprelin 27-si, saat 9:30 idi. Nədənsə bu günü heç vaxt yadımdan çıxara bilmirəm. Sonralar bu şəkil mənim üçün çox əziz bir yadigar oldu. Həmişə bu şəkili evdə çarpayımın üstündə saxlayardım. Hətta Bakıdan Ordubada köçərkən bütün əşyalarımı orada qoyub gəldim, lakin bu şəkili bərk-bərk çamadanımda gizlədərək Ordubada gətirdim. Zaman keçdi, mən qocaldım. Amma bu şəkil mənim gözümdə günbəgün qiymətləndi, onu qorudum, saxladım. İndi hər dəfə bu şəkilə baxanda xoş uşaqlıq illərim yadıma düşür...

Həmin illər bizim yaşadığımız evə tək Heydər Əliyev yox, Azərbaycanın tanınmış şəxsiyyətlərindən olan Səməd Vurğun, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev və başqaları da gələrdilər.  Atam bu insanlarla çox yaxından əlaqə saxlayardı. Ancaq inanın mənə, səmimi olaraq deyim ki, bütün bizə gələnlərdən ən sevimlisi, Azərbaycanın gələcəyi üçün böyük ümidləri olan Heydər Əliyev idi. Elə zənn etməyin ki, mən hansısa bir təmənna güdərək bu sözləri deyirəm, ya da nəyəsə ehtiyacım var. Yox! Mənim heç bir şeyə ehtiyacım yoxdur. İki övladım var, qızım müəllimədir, oğlum isə Naxçıvan Muxtar Respublikasının hərbi komissarının müavinidir. Özüm isə həm işləyirəm, həm də təqaüd alıram. Yalnız bircə arzum var ki, Heydər Əliyevi üzbəüz görmək, bu yadigar şəkili ona göstərmək və Azərbaycan xalqını bəlalardan xilas etdiyi üçün ona minnətdarlığımı bildirməkdir. Dəfələrlə Bakıya müəllmlərin qurultayına, yığıncaqlara getmişəm və həmişə də çalışmışam ki, onu yaxından görüm, kefini soruşum və istəmişəm görüm şəklimi çəkdiyi vaxt dediyi kimi çənəmdəki xalımdan tanıyacaqmı? O vaxt deyərdi: “Sən itsən, səni xalından taparam!” Zərifə xanım gülür...

“Şərq qapısı” qəzetində bu yazının dərc olunmasından tam 24 il keçir. Yazıda adı keçənlərin hamısı dünyasını dəyişib, elə bu söhbəti qələmə alan müəllif də. Ancaq xatirələr hər zaman yaşayır, o ki qala bu xatirələrdə böyük insanların izi ola. Tam 81 il bundan əvvəl ulu öndərimiz tərəfindən çəkilən Zərifənin şəkili kimi...

Səbuhi HƏSƏNOV

 

 

Nəşr edilib : 16.02.2023 15:24