AZ EN RU

Bir şəhərin ürəyindən gələn səs

    Mən Şuşayam! Həmin Şuşa ki hələ 270 il bundan öncə təməlim Pənahəli xan tərəfindən qoyulub.
    Yerli sakinlər əvvəllər “Pənahabad” adlandırsalar da, gözəlliyim işıq saçdığı üçün “Şişə” dedilər mənə! Sonralar isə “Şuşa” oldu adım. Körpə uşaq kimi nazımı çəkdilər, böyütdülər məni. Məhəllələrimin hər birində hamam, kəhriz, qalalar, məscidlər, türbələr, mədrəsələr inşa olundu. Gələnlər hüsnümə şeirlər qoşub, dastanlar söylədilər. Çəmənlərimdə Vaqifin şux gözəli gəzdi, Natəvanın qəzəli ruhunu məndən aldı. Anam Qarabağın görən gözü, döyünən ürəyiyəm mən. Bərəkətli torpağıma, gözəl hüsnümə, Çətir şəlaləmə, Topxana meşəmə sahiblənmək istəyənlər də az olmayıb. Tarixboyu Azərbaycana göz dikənlərin ilk hədəfi də mən olmuşam. Axı mən Qafqazın cənnəti idim. İran şahlarının, rus imperatorlarının qoşunlarının hücumlarına çox sinə gərmişəm igid oğullarımla bərabər. Onlar Vətəni öz canlarından əziz tutub məni qoruyublar. Çətin günlərim çox olub, ən çətini isə dinimdən, dilimdən olmayan bir tayfanın sinəm üstə köç etməsi idi. Erməni tayfası, onlara millət ya da xalq demək olmaz axı. Gəldilər, yerləşdilər, halalca sahiblərimdən qoparıb mənə sahiblənməyə çalışdılar. Oğullarım, qızlarım imkan vermədi onlara. Amma fürsət tapan kimi kök saldılar torpağımda, mən qoymasam da. Sapı özümüzdən olan baltalar hesabına işğal etdilər, əsir aldılar məni. Düz 28 il        9 ay dərd çəkdim yad tapdaqda, sinəmə düşmən əsgəri ayaq basdıqca, nəfəsim kəsildi. Qoynumda uyuyan şəhidlərimə divan tutulduqca, ərşim göyə qalxdı. Tarixboyu sinəm üstə ucalıb düşmənə gözdağına çevrilən minarələr, hamamlar, məscidlər xarabaya çevrildikcə dabanıma od vurdular. Cıdır düzündə düşmən əsgəri yallı gedəndə tüstüm göylərə qalxdı. Yandım, kül oldum yad baxışlarda. Bulaqlarımın gözündən axan sular qurudu məscidlərim tövləyə çevriləndə, minarələrdən azan yerinə düşmən musiqisi eşidiləndə. Vaqifimin məzarı dağıdılanda, Natəvanımın, Bülbülümün tarixə ad salan igid sərkərdələrimin malikanələri xarabaya çevriləndə, dağlarımda düşmən var-gəl edəndə çəmənlərimdə bitən xarıbülbülün ətrini erməni əsgəri almasın deyə solanda: 

        Əzizim, qoşa dağlar,
        Gedibdi huşa dağlar.
        Öldü bülbül, soldu gül 
         Kimsəsiz yaşa, dağlar, – 

    deyib ağladım mən illərcə. Gözüm uzaq yollarda – əzizlərimin getdiyi yerlərdə qaldı... Mən illərlə həsrət çəkdim. 28 qış gəldi, yaz keçdi, yay oldu, amma mənim baharım gəlmədi. Mən burada dondum, od tutdum, insanlarım isə uzaq diyarlarda. Ümidimi itirmədim, amma heç vaxt! Bilirdim ki, Vətəndən pay olmaz, Vətənin oğulları məni azad edib özümə qaytaracaq. Elə düşündüyüm kimi də oldu. Ümidim həqiqətə çevrildi. Ömrünü Vətənə qurban verən oğullar bir payız günündə, dumanlı, çənli bir gündə canlarını qurban verdi mənim bir ovuc torpağıma. Onların igidliyi ilə Günəş illər sonra yenidən doğuldu səmamda. Torpağım ərənlərin qanına bələndikcə, layla dedim onlara. Qalx, Vaqif, oyan, Natəvan, Pənahəlim, igid sərkərdəm, baxın görün kim gəlir dedim. Vətənin əsl oğulları gəlib sizin ruhunuzu azad etməyə, qanları ilə mənə can verməyə gəliblər. Şəhidlərimin ruhu ağ göyərçin olub səmamda süzüldükcə illərdir, yara olan köksüm sağaldı. Onlar öz canlarını Vətənin bir ovuc torpağına qurban verib Şuşanı – sevimli şəhərlərini – milli heysiyyət, namus və ləyaqətlərini yenidən özümüzə qaytardılar. Köksümə sancılan, illərdir, nəfəsimi kəsən düşmən bayrağını söküb ayaqlar altına atan oğullarım ürəyimə fərəh, qürur, sevinc gətirdi. Mən bir ovuc torpaq olmaqdan çıxmışdım artıq! Vətənimin bir parçası olmuşdum yenidən. Payızım yaza dönmüşdü. Xarıbülbül solmamışdı həmin payız, o da hiss etmişdi əsl sahibinin gələcəyini. İlin bu vədəsində qar yağardı köksümə, həmin il o da yağmamışdı. Yağıb yolları kəsmək istəməmişdi. 
    İki ildir ki, üzüm gülür, daha qəlbim qan ağlamır. Dincəlirəm mən artıq, dirçəlirəm, xoşbəxt görünürəm. Cıdır düzündən “Qarabağ şikəstəsi”, “Vətəndən pay olmayır!” sədaları yüksəldikcə, Şuşa qalasına yaraşıq verən üçrəngli ay-ulduzlu bayrağım dalğalandıqca ruhuma sakitlik gəlir. İgid oğullarım köksümə yaraşıq verir. İndi mən ilk məhəbbətinə, vüsalına qovuşan Şuşayam. Susuzluqdan, həsrətdən çat verib qanayan dodaqlarıma təbəssüm qonub iki ildir, mənim. Mən həmin Şuşayam artıq! Qafqazın cənnəti, böyük Türk dünyasının mədəniyyət rəmzi, Azərbaycanın sənət beşiyi, Qarabağın tacı Şuşa, Azərbaycanın azad Şuşası, xarıbülbülün azad yurdu, abad yurduyam artıq! 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 19.12.2022 20:28