AZ EN RU

Bir qrup Xankəndi sakini Dövlət Su Ehtiyatları Agentliyində işlə təmin olunub

Keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərinə köçməyə hazırlaşan sakinlərin bir qrupunun işlə təmin olunması barədə müraciətlərinə baxılıb.
ADSEA-dan bildirilib ki, Xankəndi şəhərində təşkil olunan tədbirdə sədrin müşaviri Etibar Məmmədov agentliyin Qarabağ Regional Sukanal İdarəsi, eləcə də Xankəndi Sukanal Sahəsi yaradıldığını qeyd edib.
İdarənin işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş şəhərlərin və rayonların sakinlərindən daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Bu gün Xankəndi şəhərində təşkil olunan görüşdə məcburi köçkünlərin bir qrupunun müraciətinə baxılır və onlar ixtisaslarına və peşələrinə uyğun işlə təmin olunacaq.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Xankəndidə ilk dəfədir təşkil olunan tədbirdə Xankəndi sakinlərinin bir qisminin işlə təmin olunması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına müsbət töhfələr verəcək. Doğma yurdlarına geri qayıdan insanların məşğulluğunun təmin olunması əsas məsələlərdən biridir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dövlət qurumları arasında göstərdiyi ilk təşəbbüs təqdirəlayiqdir.
Görüşdə 10 nəfər Xankəndi sakininin müraciətlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq ADSEA-nın Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi Sukanal Sahəsində işlə təmin olunublar.

Nəşr edilib : 25.05.2024 18:11