AZ EN RU

Bir qrup tibb işçisi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanına layiq görülüb

    İyunun 16-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək tibb işçilərini səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun adından təbrik edib, səhiyyə işçilərinə göstərilən dövlət qayğısından danışıb. 
    Nazirliyin əməkdaşı Xavər Babayeva bildirib ki, muxtar respublikada səhiyyə sahəsinin inkişafı ilə bağlı həyata keçirilən davamlı və kompleks islahatlar ölkəmizdə ümumi halda bütün nailiyyətlərin, uğurların qazanılmasının əsas səbəbi olan insan sağlamlığının qorunmasına və beləcə, dövlətimizin xoşbəxt gələcəyinə, millətimizin maddi və mənəvi baxımdan inkişafına xidmət edir. 
    Sonra 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə muxtar respublikanın bir qrup tibb işçisi təltif edilib. Belə ki, muxtar respublikada səhiyyə sahəsində əmək fəaliyyəti ilə seçilən həkim-terapevt Əhəd Cəfərli, həkim-pediatr Yeganə Abbasova, orta tibb işçiləri Sevda Piriyeva və Ülkər Kazımova Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. 
    Təltif olunanlar göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

 Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2023 20:59