AZ EN RU

Bir qadının (və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir

    Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev müsəlman Şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanlarla həm də Azərbaycanda maarif və mədəniyyətin inkişafına töhfə verirdi. Xeyriyyəçi, milyonçu-mesenat bir zamanlar bu mövzuya toxunaraq deyirdi:“Bir kişinin (və ya oğlan uşağının) təhsil alması, sadəcə, bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının (və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir”. 
    Dövrümüzdə qız uşaqlarının təhsil alması daha böyük önəm kəsb etməkdədir. O da qürurvericidir ki, son illər ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ali məktəblərdə təhsil alanlar içərisində qızlar çoxluq təşkil edir.
    Bu günlərdə Sədərək rayonunda olarkən sevindirici bir xəbər eşitdik. Rayon məktəblərinin məzunları içərisində yüksək bal toplayan qızlar yenə də öndədirlər. Onlardan biri İnci Rzazadədir. Sədərək kənd 1 nömrəli tam orta məktəbin məzunu olan İnci III ixtisas qrupu üzrə 628 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni qazanıb. İncinin dedikləri: 

   – Cəbhə bölgəsində düşmənlə üz-üzə yaşamağımıza, sinif otaqlarının pəncərələrindən düşmən postlarını görməyimizə baxmayaraq, ordumuzun müdafiə qüdrətinin, məktəbimizdə yaradılan müasir şəraitin yüksək səviyyədə olması bizi ruh yüksəkliyi və əzmkarlıqla təhsilimizə davam etməyə sövq edirdi. Təhsil aldığım illərdə bir çox fənn olimpiadalarında iştirak etmişəm. Tarix fənni üzrə respublika olimpiadasında ikinci yerin qalibi olmuşam. Mənim ən böyük arzum savadlı hüquqşünas olmaqdır. Çünki bu sənəti seçənlər həyatlarını insanların hüquqlarının müdafiəsi kimi müqəddəs mərama həsr edirlər. Bundan yaxşı, bundan nəcib nə iş ola bilər? Sevinirəm ki, qəlbimdəki istəyimə qovuşacağam. Mənim kimi ali məktəb tələbəsi adını qazanan bütün məzunlar adından bu uğurları əldə etdiyimiz üçün bizə daim qayğı göstərən dövlətimizə minnətdaram. Çalışacağam ki, bu qayğıya cavab olaraq universitetdə  nümunəvi tələbələrdən olum. Ali təhsilimi müvəffəqiyyətlə başa vurandan sonra müstəqil Azərbaycanın gənc hüquqşünası kimi qanunun aliliyini qoruyacağam. Seçimim isə, əlbəttə ki, Naxçıvan Dövlət Universiteti olacaq.

    Səriyyə Hüseynli Sədərək kənd 2 nömrəli tam orta məktəbi “Qızıl” nişanla bitirib. Onun dedikləri: – Dördüncü ixtisas qrupu üzrə 602 bal toplamışam. Bunun başlıca səbəblərindən biri muxtar respublikada təhsilin inkişafına göstərilən hərtərəfli qayğıdır. Mən də uğur qazanan hər bir məzun kimi bu qayğılardan, yaradılan şəraitdən bəhrələnmiş, imtahanda yüksək nəticə qazanmışam. Orta məktəb illərindən bilik yarışlarında, fənn olimpiadalarında fəal iştirak etmişəm, yüksək nəticələr göstərmişəm. Seçəcəyim ixtisasa gəldikdə isə ən böyük arzum həkim olmaqdır. Mən də insanların ayrılmaz dostu olan bu peşə sahibləri kimi daim onların sağlamlıqları keşiyində dayanmaq istəyirəm. Bu arzumun reallaşacağı düşüncəsi mənə dünyanın sevincini bəxş edib. Bu il Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində olan tibb ixtisasının açıldığını eşitdim və çox sevindim. Tədrisi ingilis dilində olan Müalicə işi ixtisasını seçməyi düşünürəm.
    Sədərək rayonunun məzunlarının uğurları barədə hər dəfə yazanda və qız övladlarımızın uğurlarını görəndə ötən illərdə bu rayonda qızlara, qadına olan münasibəti xatırlayıram. Çox təəssüflə bildirmək istəyirəm ki, əvvəllər bu rayonda qız uşaqlarının təhsildən tez uzaqlaşması, vaxtından əvvəl ailə qurmağa sövq edilməsi hallarına çox rast gəlinirdi. Artıq bir neçə ildir, əksinə, qızlarımız imtahanlarda yüksək nəticə göstərirlər. Bu gün onların biri həkim, biri hüquqşünas, müəllim, birisi isə idmançı olub öz sözünü deyir. Bütün bunlar isə uğurla həyata keçirilən təhsil siyasətinin bəhrələridir.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 23.08.2023 21:26