AZ EN RU

Bir ocaq başında biz isinməsək...

Şəhərdən uzaqda, Aşağı Qışlaq kəndində bir gün

    Naxçıvan şəhərindən Şahbuz rayon mərkəzinə, oradan da Batabat yaylağına uzanan magistral yol bir çox təbiət abidələrini, gözəllikləri özündə cəm edib... Bu yerlərə üz tutanlar yaxşı bilir ki, yazında, yayında coşqun təbiətli, sazlı-sözlü, qonaqlı-qaralı olan Şahbuz rayonu, eləcə də bu yerlərin zəhmətsevər insanları payızda, qışda da yaratdıqları özünəməxsus gözəlliklərlə yurdumuzun bu guşəsinə fərqli gözəllik, ecazkarlıq bəxş edir. Yol boyunca uzanan yaşayış yerlərinin gözoxşayan mənzərəsi, səliqə-sahmanın hakim olduğu həyət-bacaların, bağ-bostanların ruha şəfqət verən görüntüsü insanı bir anlığa sanki bu torpağın yetirməsi olan Məmməd Araz yaradıcılığına qonaq edir. “Vətənin eşqiylə dil açıb yenə, könlümün sazında tel səhər-səhər” söyləyən şairin mənəviyyat dolu ruhu, duyğusu bu yurdun gözəlliyindən, füsunkarlığından ilhamlanıb. Səmimi, gülərüz insanlarının olduğunu eşidib isti ocaqlarına qonaq olmaq üçün üz tutduğumuz, dağlar qoynunda qərar tutmuş Aşağı Qışlaq kəndində də bu gözəlliklərin bir daha şahidi olduq, necə deyərlər, şairin yurdunu vəsf etdiyi misraların işığında qarış-qarış gəzdik:

    Çıxır meşəlikdən talaya əlik,
    Səkir daşdan daşa xınalı kəklik.
    Şehdən muncuq düzür güllük,  çiçəklik,
    Gəlinə bənzəyir çöl səhər-səhər.

    Elə görkəmli şairimiz Məmməd Arazın da söylədiyi kimi səhər-səhər, Günəşin zərrin şəfəqlərinin ətrafa yenicə nur çilədiyi bir zamanda avtomobilimiz rayon mərkəzinə doğru irəliləyir. Yol boyunca ötüb keçdiyimiz yaşayış məntəqələri, o cümlədən Sələsüz, Daylaqlı, Kiçikoba, Mahmudoba, Kolanı və həmçinin ucqar dağ kəndləri insanda xoş əhvali-ruhiyyə oyadır. Kolanı kəndinin təmiz, abad yolu boyunca istiqamət alıb bir ünvana – Aşağı Qışlaq kəndinə tələsirik. Yol kənarlarındakı həyət-bacalarda görülən işlər, insanların halal ruzi üçün çəkdikləri zəhmət də qələmimizə ilham, sözümüzə kəsər verir. Bizə bələdçilik edən Aşağı Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl Yusifovdan rayonda görülən işlər, yaradılan şərait və kənd camaatının məşğuliyyəti barədə ətraflı məlumat alırıq. İsmayıl müəllim deyir ki, Şahbuz rayonu muxtar diyarımızın ən axar-baxarlı bölgələrindən biridir. Başqa rayonlarımızda olduğu kimi, bu  yerlərdə də əhalinin böyük hissəsi mal-qara, qoyun-quzu, toyuq-cücə saxlamaqla dolanışığını təmin edir,  yaylaqlarda xatirə kimi qalan mal-qoyun arxacları, xalxallar, yüksək zirvələrdə düzəldilmiş daş qaravullar (nişangahlar) əsrlərin yadigarıdır, söyləyir İsmayıl müəllim. Söhbətimizin ən maraqlı yerində müsahibimiz yolun sağ hissəsində Vətən müharibəsinin qəhrəmanı, şəhid İman Alıməmmədovun xatirəsinə salınmış “Ehsan bulağı”nı göstərir bizə. Avtomobildən enib abidəni görməyə, şəhidimizin əziz xatirəsini bir neçə dəqiqəlik də olsa, yad etməyə gedirik. Bizim kimi bu yolu tutan bir çox insanlar da belə edir, axı onun yanından etinasız keçmək olmaz... Diyarımızın, demək olar ki, bütün yaşayış yerləri kimi, Kolanı kəndi də haqq-ədalət mübarizəmizdə bir neçə igid övladını ön cəbhəyə yola salmışdı. Bu səbəbdən tariximizə qızıl hərflərlə yazılan böyük Qələbədə onların da öyünməyə haqqı vardır. Vətən müharibəsində şücaət, igidlik göstərərək doğulub boya-başa çatdığı torpağa başıucalıq, qürur qazandıran üç min şəhid qardaşımızdan biridir İman Alıməmmədov. İndi onun adını daşıyan bu bulaqdan su içən hər kəsin qəlbi onun bizə yaşatdığı qürur və şərəf hissi ilə təskinlik tapır...
    Bulağın büllur kimi saf, dupduru suyundan içdikdən sonra yenidən Aşağı Qışlaq kəndinin yolunu tuturuq. Yolboyu irəlilədikcə gördüyümüz, müşahidə etdiyimiz mənzərələr onu söyləməyə əsas verir ki, müasirlik və dəbdəbə nə qədər zamanın tələbinə çevrilsə də, həyat və məişət şəraiti nə qədər yaxşılaşsa da, bu gün muxtar diyarımızın bir çox yerlərində tarixi min illərə söykənən adət-ənənələr qorunub yaşadılır. Kəndlərimizdə qonaqlara xeyir-dua verən ağsaqqal babalar, ağbirçək nənələr, ağacından dərdiyi almanı, armudu, evində bişən isti kökəni, gümanının çatdığı halal qazancını insanlarla bölüşməyə çalışan zəhmətsevərlərimiz nümunəvi qonaqpərvərlikləri ilə həm də Azərbaycan mədəniyyətinin daşıyıcılarıdır. Bizi isti ocaq başında salamlayıb, xoşətirli təndir çörəyinə qonaq edən zəhmət adamı Xavər Zamanova kimi... Onunla elə isti təndirin başında həmsöhbət olduq. Öyrəndik ki, bir ilə yaxındır, öz dolanışığını yol kənarında qurduğu təndirxanada bişən çörəkləri, qutabları satmaqla təmin edir bu zəhmət adamı. Yayın istisinə, təndirin alovuna, işin çətinliyinə baxmadan halal ruzi qazanmaqdan ağızdolusu danışır. “Naxçıvan çörəyi”ni digər regionlarda bişən çörəklərdən fərqləndirən əsas cəhət nədir?” sualına isə müsahibim belə cavab verir: – Bəzən bu işlə yeni məşğul olan insanlar düşünür ki, çörəyi hasil etmək üçün istifadə etdiyimiz zəruri ərzaqlar – un, su, maya qaydasında istifadə edildikdə məhsul dadlı və xoşətirli olur. Amma təcrübə onu göstərir ki, ərzaqların miqdarı ilə yanaşı, onların keyfiyyəti də dadlı çörəyin və digər qida növlərinin ərsəyə gəlməsində əsas rol oynayır. Misal üçün, bu gün diyarımızın dağ kəndlərində çörək xəmirini yoğurmaq üçün istifadə etdiyimiz su təmiz dağ suyudur. Təbii ki, bu su ilə yoğrulan xəmir daha dadlı və xoşətirli olacaq. Bu, çörəklə yanaşı, digər yeməklərimizdə də özünü göstərir. Bu səbəbdən də məhsullarımızı alıb istifadə edən hər kəs razılıq edir. Xavər xanımla ayaqüstü söhbət etdikdən sonra özünün də söylədiyi kimi bişirdiyi dadlı-tamlı çörəkdən dadıb, Allah süfrənizi açıq eləsin, – deyib yola düzəlirik. Artıq mənzilbaşına çatmağımıza bir şey qalmır...
    Hələ ünvana çatmamışdan Aşağı Qışlaq kəndinin relyefi, coğrafi mövqeyi, insanların həyat tərzi və məşğuliyyəti barədə İsmayıl müəllimdən ətraflı məlumat almışdıq. Ərazisinin böyük bir hissəsi dağlıq olan bu coğrafiyada qış olduqca sərt keçir. Bu səbəbdən də insanlar yazdan başlayaraq şaxtalı-sazaqlı qış üçün tədarük görürlər. Müsahibimizlə bu mövzuda söhbət edə-edə kəndə daxil oluruq. Abad yollardan, səliqəli küçələrdən, ara məhəllələrdən keçərək bir ünvana doğru irəliləyirik. Hələ yola çıxmamışdan adlarını eşitdiyimiz, el adətlərimizi öz evlərində qoruyub-yaşadan Məhərrəmovlar ailəsi maraqlı müsahibə üçün bizi gözləyir...
    Kəndə gəlişimizdə istədik ki, qədim sənət növlərimizi yaşadan ana-nənələrimizlə də söhbət edək. Səmimiyyəti, gülərüzlülüyü ilə seçilən Aşağı Qışlaq kəndinin sakinlərindən biri idi ilk müsahibimiz 65 yaşlı Südabə Məhərrəmova. Qonağa xüsusi hörmət bəsləyən bu ailə, ələlxüsus da, “Qonağın ruzisini özündən qabaq Allah göndərir” söyləyən Südabə ana gələcəyimizdən xəbər tutub təndirdə isti tapını bizlər üçün çoxdan hazır etmişdi... Xoş qarşılanmadan sonra müsahibimiz nəvələrini də başına yığıb əyləşdi uzun illər gözünün nurunu tökdüyü, tarixi ilmələrə yaddaşa köçürdüyü hananın qarşısında. Elə bundan sonra da onunla maraqlı söhbətimiz başladı. Südabə xanım uşaqlıq illərini xatırlayaraq xalçaçılığın sirlərini nənəsindən və anasından necə öyrəndiyindən söz açdı. O deyir: – Hələ uşaq olarkən Qışlaq dağlarına üz tutar, boyaq üçün nəzərdə tutduğumuz, bizə lazım olacaq bitkiləri toplayardıq. Uzun və zəhmətli prosesin məhsulu olan boyaqçılıq, ip əyirmək, cəhrə hərləmək, bir sözlə, xalçaçılıq ənənəsi kəndin hər evində yaşadılardı. Südabə xanımdan bu barədə ətraflı danışmasını xahiş edirik: – Xüsusi qaydada qaynadılaraq boyaq otlarından alınan rəngarəng kələflər qurudularaq yumaq halına salınıb xalça xanalarının baş hissəsinə düzülərdi. Hətta nənələrimizdən bizlərə yadigar qalmış ən qədim xalçaların, kilimlərin naxışları itib-batmasın deyə yenidən onların çeşniləri üzərindən xalçalar toxunardı. Soyuq qış aylarında isti ocaqlarımızda xalça toxuyarkən etdiyimiz o söhbətlər isə illər keçsə də, heç zaman xatirəmdən silinməz...
     Südabə xanım söhbətinə davam edərək bir qədər keçmişə qayıdır: – Əvvəllər hər bir çətin işdə, xeyirdə-şərdə olduğu kimi, xalça toxumaq da qonşuluq ənənəsinin bir parçasına çevrilmişdi. Qış ayları başlayandan ta ki bitənə qədər hər kəs bir-birinin evinə üz tutar, deyə-gülə, xoş niyyətlərlə öncə xana uzatmaq prosesi dediyimiz işə əl atardı. Bu işlərdə inanclara görə, ilmələrə toxunmazdan əvvəl ağbirçəklərimiz deyərdi ki, qədəmi uğurlu adam gəlsin qurulu xana üzərinə, əlində də heç olmasa bir konfet gətirsin... Xeyir-dua ilə başlayan xalçatoxuma ənənəsi uzun qış gecələrinin məhsulu olaraq bahara kimi bitməli olardı. Nəticədə, bayramda evlərin divarlarına asılmış və ya yerə sərilmiş allı-güllü xalçalar göz oxşayardı, tamaşa etdikcə ruhumuza dinclik verərdi. Biz də fəxrlə deyərdik ki, qonaqlarımızı salamlayan bu xalçaların üzərindəki naxışlar yurdumuz Şahbuzun, Aşağı Qışlağın gül-çiçəkləridir. 
    Südabə ana ilə söhbətimizdən o nəticəyə gəlirik ki, bu gün də şahbuzlu analarımız qızıl əlləri ilə əsrlərdən bizə yadigar qalan bu cür ənənələrimizi qoruyub yaşadır. Onlar bu mirası təkcə evlərdə deyil, hətta mədəniyyət ocaqlarında belə inkişaf etdirirlər. Südabə xanım evdə nəvələrinə necə qədim el sənətinin sirlərini öyrədirsə, onun gəlini də, eyni qaydada Aşağı Qışlaq kənd mədəniyyət evində fəaliyyət göstərən dərnək üzvlərinə xalçaçılığın incəliklərini öyrədir. Ailənin gəlini Mətanət Məhərrəmova həm də Aşağı Qışlaq kənd mədəniyyət evinin müdiridir. Həmsöhbətimiz onu da qeyd edir ki, mədəniyyət evinin zəhmətsevər kollektivi tərəfindən toxunan xalçalar muxtar respublikada, eləcə də Şahbuz rayonunda keçirilən tədbirlərdə sərgilənir. 
    İncə toxunuşlarla, göz nuru ilə ərsəyə gələn xalçaçılıq sənətinin yaşadılmasına, onun gələcək nəsillərə çatdırılmasına canla-başla xidmət etdiyinə görə Məhərrəmovlar ailəsinə təşəkkürümüzü bildirib növbəti müsahiblərimizlə görüşmək üçün kəndin yolunu tuturuq. Yol boyunca bu yerlərdə ömür sürən insanların təsərrüfat həyatını, məşğuliyyətini düşündükdə tam səmimiyyət və əminliklə söyləyirsən ki, təbii şəraitin belə çətin olmasına baxmayaraq, onlar ata-baba torpaqlarından bir an belə olsun, ayrılmaq istəmirlər. Gərək ki, bu ola el-oba, yurd-yuva sevgisi... Çox keçmir ki, avtomobilimiz bir evin qarşısında dayanır. Kəndlərimizdə hər evdə olan, necə deyərlər, kəndli xanımlarımızın qışlıq azuqələrini topladıqları “qara ev” dedikləri yerdən bir ağbirçək ananın səsini eşidirik: “Nə qəşəng qonaqlarım gəlib”. Tanışlıq zamanı öyrənirik ki, hazırda təqaüddə olan 70 yaşlı Xalidə Əhmədova Aşağı Qışlaq kəndinin tarix müəllimi olub. Həyatının 50 ilə yaxın bir dövrünü elmə, təhsilə həsr edən müsahibimiz öz ömür-gün yoldaşı, 75 yaşlı Sabir baba ilə bizi böyük qonaqpərvərliklə evlərinə dəvət edir. Çay süfrəsi ətrafında daha yaxından tanış olub səmimi söhbətə başlayırıq. Xalidə müəllim kəndin tarixi və “qışlaq” sözünün etimologiyası barədə məlumat verir bizə: – Xalqımızın min illərə söykənən tarixi, milli-mənəvi dəyərləri olduqca zəngindir. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələri cəmiyyəti saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu gün ölkəmizin hər bir guşəsində el adətlərimizin qorunması, yaşadılması onu göstərir ki, cəmiyyətimiz, həqiqətən də, öz tarixinə, soykökünə sahib çıxa bilib. Hətta insanların lap qədim zamanlardan yurd-yuva qurduğu yerlərdə belə həmin ərazilərin özünəxas olan adlarından istifadə etməklə milli kimliyimizi qoruyub yaşada biliblər. Elə Qışlaq kəndinin adı da məhz bu cür tarixi hadisələrlə bağlıdır. Xalidə müəllimdən bu mövzuda daha dolğun və ətraflı məlumat verməsini xahiş edirik: – XVIII əsrdən etibarən Azərbaycanda Əfşarlar imperiyasının mövcudluğu tariximizdə dönüş nöqtəsi yaradan hadisələrdən olub. Dərbənd ərazisindən başlayaraq böyük bir coğrafiyanı əhatə edən torpaqlarımızda Nadir şahın hakimiyyət sürməsi onun tabeliyinə boyun əyməyən tayfalarda böyük narazılıqlara, ölümlərə, hətta sürgün həyatı yaşamağa gətirib çıxarıb. Şahın zülmünə dözməyən yeddi böyük tayfa – Hacıəhmədlilər, Qasımlılar, Qurbanlılar, Şahbabalılar, Cinlilər, Haxverdiyevlər indiki bu Qışlaq kəndi ərazisində köçəri həyat yaşayıblar. Elə onların bu ərazidə qışlaması el arasında “qışlaq” toponiminin yaranmasına gətirib çıxarıb. Həmin yeddi böyük tayfanın törəmələri bu gün də Qışlaq ərazisində yaşamaqdadır. 
    Yeri gəlmişkən, onu da qeyd edək ki, Sabir baba və Xalidə müəllim 50 ilə yaxındır ki, ömür yollarında bir addımlayırlar. Söhbətlərindən mehribanlıq, sevgi və ən əsası hörmət hiss olunan bu qarı-qoca xoşbəxt ailə olmağın sirrini də bizimlə bölüşdü. Söhbətə ailənin ağsaqqalı Sabir baba başladı: – Kişi ailə həyatına addım atdığı andan etibarən məsuliyyəti, qayğıkeşliyi öz üzərində hiss etməlidir, bir sözlə, hər anında, dəqiqəsində ailəsi ilə olmalıdır. Bu sözlər hər iki həyat yoldaşına eyni dərəcədə aiddir. Onlardan heç biri özünü ömür-gün yoldaşından, uşaqlarından ayırmamalı və öz ömründə onların ömrünü yaşamalıdır. Ər-arvad ailənin sevinc və kədərini birlikdə yaşamalı, bir-birinin zövqünü, marağını və arzusunu nəzərə almalı, bir-birinin qayğısına qalmalı, necə deyərlər, öz xoşbəxtliklərini uşaqların səadətində axtarmalıdır. İllərin təcrübəsi bizə bunu öyrədib. Elə deyil, Xalidə? Xalidə müəllim uşaq səmimiyyəti ilə babanın fikrini təsdiqləyir...
    Çay süfrəsi ətrafında maraqlı, səmimi söhbətə yekun vurub Əhmədovlar ailəsi ilə də xudahafizləşirik. Həqiqətən, Aşağı Qışlaq kəndinin sıldırım qayaları, düşmənə gözdağı vüqarlı dağları, təmiz havası, təbiəti bu yurdun insanlarına fərqli görkəm, gözəllik bəxş edib. Ən əsası isə onların qonaqpərvərliyi, gülərüzlülüyü insanı bu yerlərə bir daha üz tutmağa vadar edir. Bu səbəbdən də kəndlə bağlı son sözü söyləməyə hələ tələsmirik. Mövzumuza yekun nöqtə qoymağı isə dahi şair Məmməd Araz yaradıcılığına tapşırırıq: 

    Yenə dağ döşündə dənərləndi qar,
    Yenə zirvələrin həsrətində qal,
    Sel qopdu, dərəyə düşdü qalmaqal...
    Bir ocaq başında bir isinməsək,
    Sən kimə gərəksən,
    Mən kimə gərək? 

Məcid RƏŞADƏTOĞLU
Aidə İBRAHİMOVA

Nəşr edilib : 24.08.2023 20:14