AZ EN RU

Bir ocağın iki qəhrəman igidi

    Vətən müharibəsində bu xalq qəhrəmanlığını, mətanətini itirməyən anaların dik duruşu, nişanlısının, ömür-gün yoldaşının tabutunu çiynində daşıyıb düşmənə dərs verən gəlinlərin cəsarəti ilə dünyaya sübut etdi. Zəfər savaşında həm qardaşını, həm də həyat yoldaşını itirdi Şərur rayonunun Ələkli kənd sakini Nargül İbrahimova. Məğrur duruşu ilə dillərə dastan oldu, düşmənə meydan oxudu. Belə qadınları var Azərbaycan xalqının, – dedi. Şəhidlik zirvəsinə ucalan qardaşının məzarına ilk torpağı özü atıb, şəhid olan ömür-gün yoldaşını çiyinlərində daşıdı. Adilindən əmanət qalan iki körpəsini bağrına basıb onlarla ovunur indi... 
    Onunla söhbətimizdə deyir ki, Vətən onu qoruyan igidləri ilə yaşayır, var olur həmişə. Bu gün qardaşımla fəxr edirəm. O, cənnətin açarlarını valideynlərinə verib getdi. Qardaşımı Şərur Şəhidlər xiyabanında son mənzilə yola salanda bütün cəsarətimi toplayıb onun məzarına torpağı mən özüm atdım. O zaman heç ağlıma da gəlməzdi ki, bir neçə gün sonra övladlarımın atasını da Vətənə qurban verəcəyik. Ailəmizin iki üzvü, iki əzizi, iki oğlu, iki igidi Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldı. 
    Həyat yoldaşım Adil də, qardaşım Elton da ixtisaslı hərbçi idilər. Həmişə bir idi sözləri, söhbətləri, amalları. Vətənimiz bütövləşsin, düşmən tapdağında inləməsin yurdumuz. Adil altı ilə yaxın bir müddətdir, xidməti vəzifəsini yerinə yetirirdi. Onun son vəzifəsi qrup komandiri və baş kəşfiyyatçı idi. Döyüşlərdə şücaətlə iştirak etdi və noyabrın 7-də qəhrəmanlıqla şəhid oldu. Bakıda II Fəxri xiyabanda dəfn edildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyat yoldaşıma “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”  medalları verildi. Ondan mənə yadigar qalan iki körpəm, bir də tarixin səhifələrinə yazdığı qəhrəmanlıq dastanıdır. Mən bundan sonrakı həyatımı Adilin əziz xatirəsini yaşatmağa və övladlarımı böyütməyə həsr edəcəyəm.     
    Nargül xanım onu da deyir ki, o, iki qardaşın bir bacısıdır. Qardaşı Elton xüsusi təyinatlı qüvvələrin tərkibində kurs keçib, təlimləri həmişə yüksək nəticə ilə başa vururdu. Qardaşım qrup komandirinin müavini və kəşfiyyatçı kimi torpaqlarımızın düşməndən azad edilməsində xüsusi xidmətlər göstərib. Şiddətli döyüşlər zamanı yaralansa da, meydanı tərk etməyib, sonadək döyüşərək şəhid olub. Ölkə başçısı tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
    Bu gün mən həm şəhid bacısı, həm də şəhid yoldaşıyam. Ürəyim nə qədər sızlasa da, başımı dik tuturam. Çünki o iki can hədər yerə qurban getməyib. Onlar Vətənin oğul dediyi qəhrəmanlardan oldular, illərdir, ürəyimizdə yanan qoru söndürdülər, sönən çıraqlarımızı yandırdılar. Adil, Elton kimi igidlərin sayəsində bayrağımız daha da qürurla dalğalanır. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 12.01.2024 17:20