AZ EN RU

Bir nəfəs qədər yaxın olan şəfa mənbəyi – Duzdağ

    Bəzən biz yurdumuzun gözəlliyini görmədən, kəşf etmədən gözəllik, şəfa axtarmaq ardınca uzaq ölkələrə gedirik. Amma yaşadığımız yer ilə heç bir bağlılığı olmayan insanların dilindən elimiz-obamız, insanlarımız haqqında gözəl sözlər eşidəndə əmin oluruq ki, cənnətin adı elə Naxçıvandır. Bu yaxınlarda üz tutduğum Duzdağ Fizioterapiya Mərkəzində də həmsöhbət olduğum insanlardan eşitdiklərim bu fikirlərimin bir daha təsdiqi oldu. Torpağında bitən bitkilər, köksündən qaynayıb çıxan mineral sular necə min dərdin dərmanıdırsa, elə havası da cana məlhəmdir gözəl yurdumuzun. Dünyanın çox yerini gəzib dərdinə dərman tapa bilməyənlər çarəni burada – Naxçıvanda tapırlar. Dərin, ürəkdən bir nəfəs almaq üçün ildə bir neçə dəfə bu diyara üz tuturlar.

    Aleksandr Jukov ilk dəfədir ki, Rusiya Federasiyasından yurdumuza qonaq gəlir. Onun söylədiklərindən:
    – İllər öncə tutulduğum bronxial-astma xəstəliyindən uzun müddət müalicə alsam da, səhhətimdə heç bir müsbət nəticə əldə olunmadı. İllər keçdikcə isə vəziyyətim daha da ağırlaşdı və bir ümidlə Naxçıvana üz tutdum. Duzdağ Fizioterapiya Mərkəzinə ilk ayaq basdığım andan ciyərlərimdə açılma, nəfəsimdə rahatlıq hiss etdim. Bu mənim sevincimə səbəb oldu. İlk dəfədir ki, müalicə üçün buraya gəlməyimə baxmayaraq, buradakı tibb işçilərinin səmimi münasibəti özümü evimdəki kimi hiss etməyimə səbəb oldu. Naxçıvanın bir çox görməli yerlərini də gəzmək fürsətim olub. Qədim torpağın hansı səmtinə yolumuz düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşmışam. 
     Tümen vilayətindən gələn Teymur Davudovun cəmi 13 yaşı olsa da, burada tək qalıb gecələməkdən çox xoşu gəlib. Müsahibim deyir: – Mağaralara daxil olanda ciyərlərimə çəkdiyimiz təmiz hava bizə xoş ovqat bağışlayır. Bir sözlə, buranın havası sakitləşdirir insanı. Artıq neçə gündür ki, buradayam və özümü çox yaxşı hiss edirəm. Növbəti illərdə də gəlməyi düşünürəm. İnsanların səmimiliyi buranın necə gözəl bir yer olduğunu sübut edir. 
   Dörd və səkkizyaşlı övladlarını şəfa tapması ümidi ilə Bakı şəhərindən buraya gətirən Nailə Quliyeva də onlardan biridir. O, bir ana kimi çox sevinclidir və deyir: – Yurdumuzun havası övladlarına yeni həyat bəxş edir. Hər il gəlirik bu mərkəzə və hər dəfəsində müsbət nəticə əldə edirik. Burada Naxçıvandan olmayan bir çox insanla tanış oldum. Hər kəs yurdumun insanlarının, təbiətinin gözəlliyindən, möcüzələrindən danışır. Və bu məni çox sevindirir. Ölkəmizdə bu cür mərkəzlərin açılmasında xidmət göstərən insanlara təşəkkür edirəm, qurub-yaradan əllərə alqış – deyirəm. 
    Mərkəzi gəzərkən Qazaxıstan Respublikasından gələn qonaqlarla da söhbət etmək imkanımız oldu. Zəhra Rzayeva iki oğlan nəvəsi – Orxan və Muxtarla cənnətməkan yurdumuza gəlib. Muxtar dedi ki, Naxçıvana ilk gəlişidir. Nuhun yurdunun bu gözəlliyi onu valeh etdi və sevindirdi. Azərbaycana gələrkən yolboyu gördüyü hər kənd, rayon mərkəzi bir-birindən səliqəli və yaraşıqlıdır. Burada əsas diqqətini çəkən isə insanların hər işdə öz səylərini göstərmələridir. Gəlişi həftəsonuna təsadüf etdiyi üçün yol kənarında ağaclara qulluq edən insanları görür. Öyrənir ki, onlar dövlət idarələrinin əməkdaşlarıdır və istirahət günlərində yol kənarlarındakı yaşıllıqlara qulluq edirlər. Bunun özü bir vətəndaşın dövlətinin, övladının gələcəyi üçün qoyduğu ən böyük sərmayədir. Bundan böyük Vətən sevgisi ola bilməz. 
    Duzdağ mağaraları haqqında fikirlərini bildirən Zəhra xanım dedi: – Burada insan dərindən nəfəs ala bilir. Sanki oksigen balonuna bağlanmış kimi hiss edir özünü. Tanrının yaratdığı bu gözəl məkana insan əli də öz sığalını çəkib. Buranı gəzməyə gəlmişdim, amma o qədər yaxşı oldu ki, mənim üçün. Bir neçə gecə bu mərkəzdə qalmağı düşünürəm. Naxçıvan şəhərini gəzdikcə, onun təmiz, səliqəli küçə və prospektlərini seyr etdikcə düşünürəm ki, burada Vətəninin hər qarışını sevən gözəl insanlar yaşayır. Keçmişi zənginliklərlə dolu olan xalqımızın ürəyi tarixindən də zəngindir. Təbiətin gözəlliklərini tamamlayan da elə insanın özüdür. Dünyanın bir çox ölkələrində turistlər o qədər də rahat gəzib-dolaşa bilmirlər. Burada elə əmin-amanlıqdır ki, insan gecəyarısı belə küçəyə rahatca çıxır, dolaşır. Duzdağ isə, bu, bir Tanrı möcüzəsidir. Duz mağaralarının içərisində belə bir şəfa ocağının yaradılması dövlət qayğısından xəbər verir. Tanrı öz möcüzələrini bu torpaqdan əsirgəməməklə yanaşı, buranın insanlarının qoluna güc, ürəyinə təpər də verib ki, belə bir yüksək səviyyəli şəfa ocağı yaratsınlar. Buranı muzeyə də bənzədirəm. Tunellərlə içəriyə doğru getdikcə insan yaşadığı aləmdən bir anlıq ayrılır, sehrli bir dünyada gəzintiyə başlayır. Burada cənnət havası var sanki. Qədim diyarın təbiəti insanı xəyallar aləminə qərq edir, füsunkar gözəlliklərə heyran qalmaya bilmirsən. 
    Sağlamlığın bir nəfəs qədər yaxın olduğu bu mərkəzdə keçirdiyim bir neçə saatdan sonra şəhərə qayıtmaq vaxtı çatanda sanki iki fəslin astanasında qaldım. İçəridə yayı-qışı dəyişməyən, yazı xatırladan 18 dərəcə temperatur, bayırda isə 40 dərəcəni keçən yay havası. Bu necə möcüzədir, İlahi? – deyə düşünürəm. Bu diyar necə bir möcüzəni öz qoynunda yaşadır. Əfsanələrdə deyilir ki, Naxçıvan Nuhun gəmisinin dayandığı məkan, insanlığın yaradılışının başlandığı yerdir. İnsana nəfəs ilk dəfə burada verilib. Bəlkə də, elə ilk nəfəsi Duzdağda Tanrı insana bəxş edib. Elə ona görədir ki, məhz nəfəsalma ilə bağlı xəstəliklərimiz burada sağalır. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 28.07.2023 19:08