AZ EN RU

Bir millətin iki dövlətini birləşdirən “Ümid” körpüsü

    30 il bundan əvvəl, 1992-ci il mayın 28-də Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsü açılıb. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət daşıyır.
    Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qоvşağında, Böyük İpək Yоlunun üzərində yеrləşən Naxçıvan tarixboyu düşmənlərin hədəfində olmuşdur. Ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini bərpa etdiyi bir vaxtda ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün yenidən məkrli planlar həyata keçirməyə başlamışdılar. Belə bir dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan qorumuşdur. Ümummilli liderimizin bu məqsədlə həyata keçirdiyi tədbirlərdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələrin qurulmasının mühüm əhəmiyyəti olmuşdur.
    Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulmuşdur. Həmin dövrdə Naxçıvanda ulu öndərin “Bir millət, iki dövlət” fikirlərinin reallığa çevrilməsi mərhələsi başlanmışdı. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Həmin körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanılmışdır. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan vermiş, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirmişdir. Ümummilli liderimiz Heydər Əliyev körpünün açılması zərurətini belə xarakterizə etmişdir: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.
    Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin müasir səviyyəsi, Türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlər şərh edilərkən Sədərək-Dilucu körpüsünün əhəmiyyəti xüsusi vurğulanır. Çünki Sədərək-Dilucu körpüsü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olmuşdur. Ötən dövrdə qardaş ölkənin yaxın vilayətləri ilə muxtar respublika arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı davamlı xarakter almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi mərhələ olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə mövcud olan qarşılıqlı əlaqələr dinamik şəkildə inkişaf edir.
    Naxçıvanın Türk dünyasının birlik və həmrəyliyində də xüsusi yeri olmuşdur. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşü Naxçıvanda keçirilmişdir. 
    2020-ci il fevral ayının 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfəri və həmin gün Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə, regionun gələcək inkişafı baxımından əhəmiyyətli idi. İclasda Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmir yolu nəqliyyat xəttinin və İqdır-Naxçıvan qaz kəmərinin çəkilməsi barədə imzalanan sənədlər bir sıra mühüm iqtisadi və siyasi tərəfləri ilə yanaşı, Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.
    Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrin bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilməsi bu günün reallığıdır. Xüsusilə iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf sürətləndikcə xarici ticarət əməliyyatlarında da ixrac meyillərinin artması, Türkiyə hökumətinin qəbul etdiyi tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlər tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanının verilməsi isə ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsidir. Qarşılıqlı münasibətlərdə başlıca sahələrdən birini də elm və təhsil təşkil edir. Bu gün muxtar respublikanın başda Naxçıvan Dövlət Universiteti olmaqla bütün ali təhsil müəssisələri ilə Türkiyənin öncül universitetləri arasında sıx elmi əməkdaşlıq əlaqələri yaradılıb və təcrübə mübadilələri həyata  keçirilir. Ordu quruculuğu sahəsindəki əməkdaşlığın da ilbəil genişləndirilməsi, artıq ənənə halını alan birgə təlimlər uğurlu hərbi əməkdaşlığın nümunəsidir. 
    Bu da xüsusi vurğulanmalıdır ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişaf dinamikası, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq Naxçıvana marağı artırır, Türkiyə ilə qarşılıqlı əlaqələr durmadan inkişaf edir. Artıq “Ümid” körpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyət göstərməsi və Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası blokada vəziyyətində yaşayan Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki tarixi rolunun bərpasına hesablanmış məqsədyönlü addımlardır.
    2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrin bir çox istiqamətlər üzrə daha geniş aspektdə uğurlu inkişafına hesablanıb.
    Türkiyə ilə Naхçıvan arasında digər sahələrdə оlduğu kimi, gömrük işi sahəsində də qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələr mövcuddur. Sоn illərdə qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır, müхtəlif sahələrdə razılıqlar əldə оlunur. Məhz bunun nəticəsidir ki, gömrük orqanlarımız 24 saat fəaliyyət göstərir. Hazırda hər iki tərəfdən gömrük infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işlər qarşılıqlı münasibətlərə verilən əhəmiyyətin ifadəsidir.
    “Ümid” körpüsünün istifadəyə verilməsi Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində taleyüklü addım olmuşdur. Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda Türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malikdir. Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətə malik olmasına diqqəti çəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir. Fəaliyyət göstərdiyi dövrlərdə Sədərək-Dilucu körpüsü bizi bir-birimizə daha sıx birləşdirmiş, hər iki tərəfdən insanların həyatının yaxşılaşmasına xidmət göstərmişdir”.
    Vətən müharibəsində qazanılmış qələbə və regionda kommunikasiyaların açılması Naxçıvanı Azərbaycana, Azərbaycanı isə Türk dünyasına birləşdirəcəkdir. Həyata keçirilməkdə olan Qars-Naxçıvan dəmir yolu layihəsi də Naxçıvanla Türkiyəni birləşdirəcək. Bütün bunlar isə qardaş Türkiyə ilə gediş-gəlişin daha da intensivləşdirilməsinə stimul olacaq. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Naxçıvanın inkişafında daha mühüm rol oynayacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.   

“Şərq qapısı”

Nəşr edilib : 27.05.2022 23:50