AZ EN RU

“Bir millət iki dövlət!” şüarı iki qardaş ölkənin münasibətini əks etdirdiyi kimi, həm də sarsılmaz iradənin, həmrəylik və tək amala sadiqliyin nümunəsidir

    Xalqımızın tarixi, milli-mənəvi və ümumbəşəri dəyərlərində, eləcə də həyat və məişətində türk etnosunun böyük rolu olmuşdur. Böyük Səlcuq sultanlığının Anadolu torpaqlarındakı hökmranlığından tutmuş, Əmir Teymurun Ankara düzündəki qanlı cənginə, Şah İsmayılın Çaldıran çölündəki şücaətinə, Nadir şahın Muğan yaylağındakı ilqarına, Hacı Çələbinin Qızılqayadakı siyasətinə qədər olan bu birlik və mübarizlik tariximizin hər dövrünə işıq tutur, dünənimizdən bu günümüzə açılan körpüdə yolumuzu aydınladan mayaka bənzəyir. Çünki bu hadisələrin hər birinə nəzər yetirsək, bir tək reallığı dərk edə bilirik – türkün türkdən başqa dostu və qardaşı yoxdur. Düzdür, müasir dövrün bir çox siyasi hadisələri bəzi xalqları və dövlətləri öz çıxarları üçün türkə yaxınlaşdırıb. Amma bu reallığı heç kim inkar edə bilməz ki, türkün başı nə zaman müsibət çəksə, onun imdadına ilk çatan da elə türk soydaşı olub. Eynilə dostluqları, ilqarları, həmrəylikləri, birlik və bərabərlikləri ilə düşmənin canına vəlvələ salan Azərbaycan və Türkiyə qardaşlığı kimi.  Məlumdur ki, qardaş Türkiyə Respublikasındakı təbii fəlakətdən sonra ölkəmizin bir çox kütləvi informasiya vasitələri bu hadisələri işıqlandırmaqla cəmiyyətin bütün təbəqələrini maarifləndirmək, düzgün məlumatları daha böyük auditoriyalara çatdırmaq üçün əsl fədakarlıq nümunəsi göstərib. Mətbuatın, tarixin hər dövründə ziyalıların ali xitabət kürsüsü olduğunu göz önünə gətirsək, məhz ölkəmizin, eləcə də muxtar respublikamızın tanınmış ziyalıları, akademikləri, tarixçi-alimləri, hətta tibb və səhiyyə sahəsində öz sözünü demiş həkimlərimiz belə qəzetlərin imkanından istifadə etməklə qardaş ölkəyə öz arzu və diləklərini ünvanlayırlar, daha dəqiq desək, öz ziyalı mövqeləri ilə insanları maarifləndirmək missiyasını yerinə yetirirlər. 

    Qardaş ölkəyə hamı tərəfindən yardım göndərilir. Ölkəmizdəki bir çox idarə və təşkilatları, ali təhsil ocaqlarını, ümumtəhsil müəssisələrini də bura əlavə etsək, atdığımız bu addımların nə qədər şərəfli və müqəddəs amala xidmət etdiyini görərik. Bu sıraya bir də qardaş ölkədə canı bir, qanı bir olan türk qardaş-bacılarımıza canla-başla xidmət edən səhiyyə işçilərini, o cümlədən hər an türk soydaşlarımıza yardım əlini uzatmağa hazır olan digər ziyalılarımızı da əlavə etsək, vəziyyət daha da mütəşəkkil xarakter alar. Çünki yaşından asılı olmayaraq, “Qardaş ölkəmizə hər an canla-başla xidmət etməyə hazırıq, bu vaxta qədər həmişə bir-birimizə arxa durmuşuq, bundan sonra da duracağıq!” – deyən ziyalılarımızın da sayı az deyil. Elə mövzumuzda adlarını çəkdiyimiz və həmsöhbət olduğumuz alimlərimiz kimi...
    İlk həmsöhbətimiz Naxçıvan Dövlət Universitetinin professoru, tibb elmləri doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi İsa Abdullayev deyir ki, tarixboyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Tariximizin hansı hissəsinə müraciət etsək, bu iki ölkənin bir-biri ilə yaratdığı səmimi münasibətlərin qazandırdığı zəfərləri, hətta ən çətin və keçilməz vəziyyətlərdən belə necə alnıaçıq çıxdığını görəcəyik. Götürək 44 günlük Vətən müharibəsini. Dünyanın tanınmış kütləvi informasiya vasitələrinə müsahibələrində Türkiyənin ölkəmizə mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Düşmən Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının birlik və həmrəyliyinin lokomotivi olan hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahələrində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi. 
    Həmsöhbətim dedi: – Ümumilikdə, yüz minə yaxın türk soydaşımızın yaralandığı, yaxud həyatını itirdiyi məlum hadisə bizi – Türkiyə və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırdı. Vətənimizdən böyük xilasetmə qrupları, səhiyyə işçiləri, həkim-cərrahlar zərərgörmüş əraziyə yollandı, eləcə də insanlar tərəfindən yığılmış yardımlar ünvanlara çatdırıldı. Fikrimizi daha dəqiq ifadə etsək, rəsmi məlumatlarda da qeyd edildiyi kimi, ümumilikdə, faciə baş verdiyi dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul tipli səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Bu məqamda, xüsusilə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən zəlzələ qurbanlarına dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə ard-arda humanitar yardım göndərilməsini bir türkçülük, humanizm nümunəsi hesab etmək olar. Azərbaycanın atdığı bu təmənnasız addımlar ən çətin gündə dosta dayaq olduğu kimi, həm də düşmənə gözdağıdır. Hadisəyə bir az da siyasi müstəvidən yanaşsaq, Türkiyə və Azərbaycanın bu cür yaxınlaşması mənfur Ermənistan hökuməti başda olmaqla bizə mənfi münasibəti olan bir çox gücləri qorxuya salır. 
    İsa Abdullayev həm də Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələrinə rəhbərlik edərək qardaş ölkədə bir çox tibbi təcrübələrdə, o cümlədən regionun tanınmış ali təhsil ocaqlarına məxsus iri səhiyyə müəssisələrində olmuşdur. O, iki qardaş ölkənin səhiyyə sahəsindəki sıx əməkdaşlığından danışaraq dedi: 
    – Vətən müharibəsindən ötən bu zaman müddətində 200-ə yaxın hərbçimiz “YAŞAT” Fondunun dəstəyi ilə müalicə üçün Türkiyəyə göndərilib, onların böyük əksəriyyəti müalicələrini başa vuraraq Vətənə geri dönüblər. Sağlamlıqlarına qovuşmuş şəxslərin arasında hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan şəhidlərimizin ailə üzvləri də yer alır. Həmçinin türkiyəli mütəxəssislər Azərbaycana dəvət olunaraq burada da müharibədə xəsarət almış şəxslərin sağlamlıqlarının bərpası prosesinə aktiv cəlb olunublar. Qardaş ölkənin mütəxəssislərinin bu müqəddəs işdə canla-başla çalışması qardaşın qardaşa arxa-dayaq olduğunun bariz nümunəsidir. Onu da diqqətə çatdırım ki, Türkiyə Respublikasındakı yüksək səhiyyə xidməti imkan yaradır ki, ölkəmizdəki tibb təhsili də bu istiqamətdə irəliləsin, yəni qardaş ölkə ilə bu sahədəki qarşılıqlı əməkdaşlıq daha konkret xarakter alsın. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan Tibb Universiteti Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq edir. Həmçinin tibb təhsili sahəsində qarşılıqlı əməkdaşlığımızın bir göstəricisi də odur ki, hazırda 700-dən çox Türkiyə vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibb təhsili alır. 
    “Qardaş ölkənin bir neçə səhiyyə müəssisəsində təcrübədə olduğunuz zaman gördüyünüz səhiyyə infrastrukturunu necə qiymətləndirdiniz, yaxud iki ölkə arasındakı səhiyyə sistemini qarşılaşdırdıqda elə ciddi bir fərqin olduğunu görürükmü?” sualımıza İsa həkim belə aydınlıq gətirdi: – Hər bir ölkənin səhiyyə sistemi – bütün dövlət və özəl təşkilatların, müəssisələrin, struktur və ehtiyatları humanitar siyasətinin məcmusu olmaqla insanların sağlamlığını yaxşılaşdırmaq, qorumaq və ya bərpa etməyə xidmət etməlidir. Səhiyyə sistemi həm fərdi, həm də ictimai xidmətlərin göstərilməsini özündə ehtiva edir. Bu gün istər Azərbaycanda, istərsə də Türkiyə Respublikasında nümunəvi səhiyyə sistemi formalaşıb. Hətta mən deyərdim ki, Avropa regionunda mövcud olan ən yüksək səhiyyə sistemləri sırasında qardaş ölkənin öz yeri var. Bu gün bir çox Avropa ölkələrinin səhiyyə sistemləri demoqrafik və epidemioloji dəyişikliklər, sosial-iqtisadi bərabərsizliyin dərinləşməsi, resursların çatışmazlığı, texnologiyaların inkişafı və insanların artan tələbləri ilə bağlı ciddi problemlərlə üz-üzə qalır. Bu da ölkələrdə ciddi problemlər yaradır. Lakin səhiyyə sisteminin düzgün qurulması yüksək iqtisadi inkişafa, sağlam rəqabət qabiliyyətinə və əmək məhsuldarlığına öz müsbət təsirini göstərir, həmçinin sosial rifahın inkişafına da səbəb olur. Çox sevindirici haldır ki, yuxarıda sadaladıqlarımız müsbət fikirlərin hər biri istər ölkəmizin, istərsə də Türkiyə Respublikasının səhiyyə sistemi daxil olmaqla bir çox istiqamətlərdə özünü doğruldub. Bu isə əminlik yaradır ki, qardaş ölkədə təbii fəlakətdən xəsarət alanların müalicə və sağlamlıqlarının bərpası, qısa zamanda normal həyata qayıtmaları üçün bütün zəruri tədbirlər görüləcək, Türkiyə qüdrətli dövlət olduğunu bir daha təsdiqləyəcək.
    Naxçıvan Dövlət Universitetinin dosenti Bəhruz Məmmədovla da bu barədə həmsöhbət oluruq. Müsahibimiz deyir ki, qardaş Türkiyə Respublikası dəfələrlə bu cür ağır hadisələrin şahidi olub. 1999-cu il İstanbul zəlzələsindən və 2011-ci ildə baş vermiş Van zəlzələsindən sonra bu qardaş ölkədə baş vermiş ən güclü təbii fəlakət oldu. Hadisənin yaratdığı çətin və ağrılı-acılı şəraitdə yenə də Azərbaycan əsrlərin sınağından çıxmış bu dostluğa sadiq qaldı, qısa zamanda qardaş ölkəyə ən böyük yardımı göstərdi və göstərməkdə də davam edəcək. Bu birlik və bərabərlik hər bir vətəndaşın Vətən borcu, qeyrət borcudur.
    Qeyd etmək istərdim ki, ölkəmizdən qanəvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiyaedicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə, 20 tona yaxın yük Türkiyəyə yola salınıb. Həmçinin dövlət başçısının tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər. Bu yardım aksiyaları qardaş ölkəmizə hələ bir müddət də davam edəcəkdir. 
    Bəhruz müəllim deyir: – İstər Azərbaycanda, istərsə də qardaş Türkiyə Respublikasında səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə paralel olaraq daha da genişlənib və müasirləşib. Bu məqamda öz şəxsi təcrübəmdən bir reallığı diqqətinizə çatdırmalıyam ki, mən də daxil olmaqla ali təhsil ocağımızın bir neçə ixtisaslı həkimi, pedaqoqu, o cümlədən professor İsa Abdullayev, dosent Elsevər Əsədov və digər alimlərimiz dəfələrlə qardaş ölkənin bir sıra səhiyyə ocaqlarında, xəstəxanalarında istehsalat təcrübələrində olmuşuq. Burada yaradılan yüksək səhiyyə xidməti, o cümlədən hərtərəfli inkişaf edən tibbi mühitlə, eləcə də ali təhsil ocaqlarında tibb elmi üçün yaradılmış müasir şəraitlə yaxından tanışıq. Qardaş ölkədə Naxçıvan Dövlət Universitetinin tələbələri ilə təcrübədə olduğumuz Kocaeli, Ərzurum Atatürk, Kayseri, Ankara, Van Yüzüncü İl universitetlərində yaradılan şərait bu baxımdan xüsusi qeyd olunmalıdır. Yüksək tibbi personal qrupu, dünyanın bir sıra yerlərində təcrübə keçmiş cərrahlar, səhiyyə işçiləri burada nümunəvi tibb elminin əsasını qoyub, desək, yəqin ki, yanılmarıq. Hətta Türkiyə Respublikasında səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan və Türkiyə hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Blumberq Təşəbbüsü Fondu, Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq strukturları və digərlər səhiyyə təşkilatları ilə fəal əməkdaşlıq edirlər. Son olaraq onu da diqqətinizə çatdırım ki, uzun illərdir, müəllim kimi fəaliyyət göstərdiyim Naxçıvan Dövlət Universiteti də qardaş ölkəyə otuz min manat məbləğində ianə köçürüb. Biz də sona qədər “Bir millət iki dövlət!” andımıza sədaqət göstərəcəyik, bu müqəddəs yolda əlimizdən gələni əsirgəməyəcəyik. 
    Ariflər deyirlər ki, dost qazanmağın tək yolu yaxşı dost ola bilməkdir. Vətənimizin inkişaf tarixindən ötüb-keçən bu zaman müddətində dərk etdik ki, Azərbaycanın özünə sadiq dost, qardaş qazanmağının elə yeganə səbəbi də hər zaman humanist və sülhsevər mövqe tutması olub. İstər Birinci Qarabağ savaşında, istərsə də 44 günlük Vətən müharibəsində bunları bütün reallığı ilə gördük, qardaş ölkənin təmənnasız maddi-mənəvi dəstəyinin şahidi olduq. Bu gün isə bu birlik-bərabərlik, həmrəylik dövlətimiz, xalqımız tərəfindən qürurla davam etdirilir. Elə ziyalı həmsöhbətlərimizin də dediyi kimi: “Bir millət iki dövlət!” andına sahib çıxmaq da yalnız Azərbaycan və Türkiyə kimi qüdrətli dövlətlərin, mübariz xalqın bacara biləcəyi işdir. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 15.02.2023 21:32