AZ EN RU

“Bir millət iki dövlət!” şüarı iki qardaş ölkənin münasibətini əks etdirdiyi kimi, həm də sarsılmaz iradənin, həmrəylik və tək amala sadiqliyin nümunəsidir

Xalqımızın tarixi, milli - mənəvi və ümumbəşəri dəyərlərində, həyatında, ictimaiyyətində, hətta insanların həyat və məişətində türk etnsounun böyük rolu olmuşdur. Böyük Səlcuq sultanlığının Anadolu torpaqlarındakı hökümranlığından tutmuş, Əmir Teymurun Ankara düzündəki qanlı cənginə, Şah İsmayılın Çaldıran çölündəki şücaətinə, Nadir Şahın Muğan yaylağındakı ilqarına, Hacı Çələbinin Qızılqayadakı siyasətinə qədər olan bu birlik və mübarizlik tariximizin hər dövrünə işıq tutur, dünənimizdən bu günümzə açılan körpüdə yolumuzu aydınladan mayaka bənzəyir. Çünki bu hadisələrin hər birinə nəzər yetirsək bir tək reallığı dərk edə bilirik – türkün türkdən başqa dostu və qardaşı yoxudr. Düzdür, müasir dövrün bir çox siyasi hadisələri bəzi xalqları və dövlətləri öz çıxarları üçün türkə yaxınlaşdırıb. Amma bu reallığı heç kim inkar edə bilməz ki, türkün başı haçan müsibət çəksə, onun imdadına ilk qaçan da elə türk soydaşı olub. Eyni ilə dostluqları, ilqarlarları, həmrəylikləri, birlik və bərabərlikləri ilə düşmənin canına vəlvələ salan Azərbaycan və Türkiyə qardaşlığı kimi. 

Məlumdur ki, qardaş Türkiyə Respublikasındakı təbii fəalkətdən sonra ölkəmizin bir çox kütləvi informasiya vasitələri bu hadisələri işıqlandırmaqla cəmiyyətin bütün təbəqələrini maarifləndirmək, düzgün məlumatları daha böyük auditoriyalara çatdırmaq üçün əsl fədakarlıq nümunəsi göstərib. Mətbuatın tarixin hər dövründə ziyalıların ali xitabət kürsüsü olduğunu göz önünə gətirsək məhz ölkəmizin, eləcə də muxtar respublikamızın tanınmış ziyalıları, akademikləri, tarixçi-alimləri, hətta tibb və səhiyyə sahəsində öz sözünün demiş həkimlərimiz belə qəzetlərin imkanından istifadə etməklə qardaş ölkəyə öz arzu və diləklərini ünvanlayırlar, daha dəqiq desək öz ziyalı mövqeləri ilə insanları maarifləndirmək missiyasını yerinə yetirdilər. 

Qardaş ölkəyə, demək olar ki, dövlətimizin hər yerindən, yaşından, statusundan aslı olmayaraq xalqımızın, vətənimizin hər bir sakinindən yardım göndərilir. Ölkəmizdəki bir çox idarə və təşkilatları, ali təhsil ocaqlarını, ümumtəhsil müəssisələrini də bura əlavə etsək vəziyyətin, atdığımız bu addımların nə qədər şərəfli və müqəddəs amala xidmət etdiyini görərik. Bu sıraya bir də qardaş ölkədə canı bir, qanı bir olan türk qardaş-bacılarımıza canla - başla xidmət edən səhiyyə işçilərini, həkim-cərrahlarımızı, o cümlədən hər an türk soydaşlarımıza yardım əlini tutmağa hazır olan digər ziyalılarımızı, həkim - professorlarımızı da əlavə etsək, vəziyyət daha da mütəşəkkil xarakter alar. Çünki yaşından aslı olmayaraq “qardaş ölkəmizə hər an canla-başla xidmət etməyə hazırıq, bu vaxta qədər həmişə bir-birimizə arxa durmuşuq, bundan sonra da duracağıq!” deyən ziyalılarımızın da sayı az deyil. Elə mövzumuzda adlarını çəkdiyimiz və həmsöhbət olduğumuz alimlərimiz kimi...

İlk həmsöhbətimiz Naxçıvan Dövlət Universitetinin professoru, tibb elmləri  doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi İsa Abdullayev qardaş Türkiyə Respublikası və Azərbaycanın minilliklərə söykənən siyasi əlaqələrindən söhbət açaraq deyir ki, tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Tariximizin hansı hissəsinə müraciət etsək, bu iki ölkənin bir-biri ilə yaratdığı səmimi münasibətlərin qazandırdığı zəfərləri, hətta ən çətin və keçilməz vəziyyətlərdən belə necə alnıaçıq çıxdığını görəcəyik. Götürək 44 günlük Vətən müharibəsini. Dünyanın tanınmış kütləvi informaisya vasitələrinə müsahibələrində Türkiyənin ölkəmizə mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Düşmən Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının birlik və həmrəyliyinin lokomotivi olan hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi. 

Həmsöhbətim son günlərdə qardaş ölkənin yaşadıqlarından, bütünlükdə, ölkəmizin sarsıldığını da söylədi: - Ümumilkdə, yüz minə yaxın türk soydaşlarımızın yaralandığı, yaxud həyatını itirdiyi məlum hadisə bizi – Türkiyə və Azərbaycanı bir-birinə daha da yaxınlşadırdı. Vətənimizdən böyük xilasetmə qrupları, səhiyyə işçiləri, həkim-cərrahlar zərərgörmüş əraziyə yollandı, eləcə də insanlar tərəfindən yığılmış yardımlar ünvanlara çatdırıldı. Fikrimizi daha dəqiq ifadə etsək, rəsmi məlumatlarda da qeyd edildiyi kimi, ümumilikdə, faciə baş verdiyi dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliynin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul tipli səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Bu məqamda xüsusilə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə ard-arda humanitar yardım göndərilməsini bir türkçülük, humanizm nümunəsi hesab etmək olar. Azərbaycanın atdığı bu təmənnasız addımlar ən çətin gündə dosta dayaq olduğu kimi, həm də düşmənə göz dağıdır. Hadisəyə biraz da siyasi müstəvidən yanaşsaq, Türkiyə və Azərbaycanın bu cür yaxınlaşması mənfur Ermənistan höküməti başda olmaqla bizi parçalamq istəyən bir çox gücləri qorxuya salır. 

İsa Abdullayev Naxçıvan Dövlət Universiteti Tib fakültəsi tələbələrinə rəhbəlik edərək qardaş ölkədə bir çox tibbi təcrübələrdə, o cümlədən regionun tanınmış ali təhsil ocaqlarına məxsus iri səhiyyə müəssisələrinində olmuşdur. O, burada tibbi-profilaktik işlər görmüş həkim kimi diqqətimizə çatdırır ki, baş vermiş təbii fəlakətdən ziyan görmüş insanlara dövlətimizin göstəridiyi səhiyyə yardımını bir zamanlar qardaş ölkə bizə göstərmişdi, Vətən müharibəsindən keçən zaman müddətində qazilərimizin, müharibə iştirakçılarının sağlamlığı üçün əlindən gələni əsirgəməmişdir: 

– Vətən müharibəsindən ötən bu zaman müddətində 200-ə yaxın hərbçimiz “YAŞAT” Fondunun dəstəyi ilə müalicə üçün Türkiyəyə göndərilib, onların böyük əksəriyyəti müalicələrini başa vuraraq vətənə geri dönüblər. Sağlamlıqlarına qovuşmuş şəxslərin arasında hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan şəhidlərimizin ailə üzvləri də yer alır. Həmçinin Türkiyəli mütəxəssislər Azərbaycana dəvət olunaraq burada da müharibədə xəsarət almış şəxslərin sağlamlıqlarının bərpası prosesinə aktiv cəlb olunublar. Qardaş ölkənin mütəxəssislərinin bu müqəddəs işdə canla-başla çalışması qardaşın qardaşa arxa-dayaq olduğunun bariz nümunəsidir. Onu da diqqətə çatdırım ki, Türkiyə Respublikasındakı yüksək səhiyyə xidməti imkan yaradır ki, ölkəmizdəki tibb təhsili də bu istiqamətdə irəliləsin, yəni qardaş ölkə ilə bu sahədəki qarşılıqlı əməkdaşlıq daha konkret xarakter alsın. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan Tibb Universiteti Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq edir. Həmçinin tibb təhsili sahəsində qarşılıqlı əməkdaşlığımızın bir göstəricisi də odur ki, hazırda 700-dən çox Türkiyə vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibb təhsili alır. 

İsa həkim “Qardaş ölkənin bir neçə səhiyyə müəssiəsində təcrübədə olduğunuz zaman gördüyünüz səhiyyə infrastukturunu necə qiymətləndirdiniz, yaxud iki ölkə arasındakı səhiyyə sistemini qarşılaşdırdıqda elə ciddi bir fərqin olduğunu görürükümü?” sualımıza belə aydınlıq gətirdi: - Hər bir ölkənin səhiyyə sistemi - bütün dövlət və özəl təşkilatların, müəssisələrin, struktur və ehtiyatları humanitar siyasətinin məcmusu olmaqla insanların sağlamlığını yaxşılaşdırmaq, qorumaq və ya bərpa etməyə xidmət etməlidir. Səhiyyə sistemi həm fərdi, həm də ictimai xidmətlərin göstərilməsini özündə ehtiva edir. Bununla yanaşı o sağlamlığın sosial, ekoloji və iqtisadi şərtlərinə lazımi diqqət ayırmaları üçün digər sahələrin də iş mexanizminə və fəaliyyətinə təsir göstərir. Bunları, ümumilkdə, şərh etsək görərik ki, səhiyyə sistemi ölkənin iqtisadi, siyasi, hətta turizm potensialının cəlb edilməsində böyük rola sahibdir. Bu gün istər Azərbaycanda, istərsə də Türkiyə Respublikasında nümunəvi səhiyyə sistemi formalaşıb. Hətta mən deyərdim ki, Avropa regionunda mövcud olan ən yüksək səhiyyə sistemləri sırasında qardaş ölkənin öz yeri var. Bu gün bir çox Avropa ölkələrinin səhiyyə sistemləri demoqrafik və epidemioloji dəyişikliklər, sosial-iqtisadi bərabərsizliyin dərinləşməsi, resursların çatışmazlığı, texnologiyaların inkişafı və insanların artan tələbləri ilə bağlı ciddi problemlərlə üz-üzə qalır. Bu da ölkələrdə ciddi problemlər yaradır. Lakin səhiyyə sisteminin düzgün qurulması yüksək iqtisadi inkişafa, sağlam rəqabət qabiliyyətinə və əmək məhsuldarlığına öz müsbət təsirini göstərir, həmçinin sosial rifahın inkişafına da səbəb olur. Çox sevindirici haldır ki, yuxarıda sadaladıqlarımız müsbət  fikirlərin hər biri istər ölkəmizin, istərsə də Türkiyə Respublikasının səhiyyə sistemi daxil olmaqla, bir çox istiqamətlərində özünü doğruldub. Bu isə əminlik yaradır ki, qardaş ölkədə təbii fəlakətdən xəsarət alanların müalicə və saölamlıqlarının bərpası, qısa zamanda normal həyata qayıtmaları üçün bütün zəruri tədbirlər görüləcək, Türkiyə qüdrətli dövlət olduğunu bir daha təsdiqləyəcək.

Ali təhsil ocağının müəllimi, pedaqojika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədovla da bu barədə həmsöhbət oluruq. Müsahibimiz deyir ki, qardaş Türkiyə Respublikası dəfələrlə bu cür ağır hadisələrinin şahidi olub. 1999-cu il İstanbul zəlzələsindən və 2011-ci ildə baş vermiş Van zəlzələsindən sonra bu qardaş ölkədə baş vermiş ən güclü təbii fəalkət kimi yaddaşlarda qaldı. Hadisənin yaratdığı çətin və ağrılı-acılı şəraitdə yenə də Azərbaycan əsirlərin sınağından çıxmış bu dostluğa sadiq qaldı, qısa zamanda qardaş ölkəyə ən böyük yardımı göstərdi və göstərməkdə də davam edəcək. Bu birlik və bərabərlik hər bir vətəndaşın Vətən borcu, qeyrət borcudur. Qeyd etmək isdərdim ki, dövlətimizin dəstəyi ilə istər muxtar respublikamzıdan, istərsə də paytaxt Bakı daxil olmaqla ölkəmizin digər regionlarından Səhiyyə xidmətinin dəstəyi, habelə tibb idarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə, 20 tona yaxın yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb. Həmçinin dövlət başçısının tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər. Bu yardım aksiyaları qardaş ölkəmizə hələ bir müddət də davam edəcəkdir. 

Bəhruz müəllim deyir ki, səhiyyə sistemi dövlət büdcəsindən böyük xərclər tələb edən sosial sahə olduğuna görə bu sahədə irimiqyaslı islahatların aparılması, xəstəxanaların yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi üçün dövlətin iqtisadi imkanlarının genişlənməsi zəruri addımlardandır. Bu baxımdan istər Azərbaycanda, istərsə də qardaş Türkiyə Respublikasında səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə parallel olaraq daha da  genişlənib və müasirləşib. Bu məqamda öz şəxsi təcrübəmdən bir reallığı diqqətinizə çatdırmalıyam ki, mən də daxil olmaqla ali təhsil ocağımızın bir neçə savadlı həkimləri, pedaqoqları, o cümlədən professor İsa Abdullayev, dosent Elsevər Əsədov və digər alimlərimiz dəfələrlə qardaş ölkənin bir sıra səhiyyə ocaqlarında, xəstəxanalarında istehsalat təcrübələrində olmuşuq. Burada yaradılan yüksək səhiyyə xidməti, o cümlədən hərtərəfli inkişaf edən tibbi mühitlə, eləcə də ali təhsil ocaqlarında tibb elmi üçün yaradılmış müasir şəraitlə yaxından tanışıq. Qardaş ölkədə Naxçıvan Dövlət Universitetinin tələbləri ilə təcrübədə olduğumuz Kocaeli, Ərzurum, Atatürk, Kayseri, Ankara, Van universitetlərində yaradılan şərait bu baxımdan xüsusi qeyd olunmalıdır. Yüksək tibbi personal qrupu, dünyanın bir sıra yerlərində təcrübə keçmiş cərrahlar, səhiyyə işçiləri burada nümunəvi tibb elminin əsasını qoyub, desək, yəqin ki, yanılmarıq. Hətta Türkiyə Respublikasında səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan və Türkiyə hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq Təşəbbüsü Fondu,  Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq strukturları və digərlər səhiyyə təşkilatları ilə fəal əməkdaşlıq edirlər. Son olaraq onu da diqqətinizə çatdırım ki, uzun illərdir müəllim kimi fəaliyyət göstərdiyim Naxçıvan Dövlət Universiteti də qardaş ölkəyə otuz min manat məbləğində ianə köçürüb. Biz də sona qədər “bir millət iki dövlət!” andımıza sədaqət göstərəcəyik, bu müqəddsə yolda əlimizdən gələni əsirgəməyəcəyik. 

Ariflər deyir ki, dost qazanmağın tək yolu yaxşı dost ola bilməkdir. Vətənimizin inkişaf tarixindən ötüb-keçən bu zaman müddətində dərk etdik ki, Azərbaycanın özünə sadiq dost, qardaş qazanmağının elə yagnə səbəbi də hər zaman humanist və sülhsevər mövqe tutması olub. İstər birinci Qarabağ savaşında, istərsə də böyük Vətən müharibəsində bunları bütün reallığı ilə gördük, elə qardaş ölkənin təmənnasız maddi-mənəvi dəstəyinin şahidi olduq. Bu gün isə, bu birlik-bərabərlik, həmrəylik dövlətimiz, xalqımız tərəfindən qürurla davam etdirilir. Elə ziyalı həmsöhbətlərimizin də dediyi kimi: “bir millət iki dövlət!” andına sahib çıxmaq da yalnız Azərbaycan və Türkiyə kimi qüdrətli dövlətlərin, mübariz xalqın bacara biləcəyi işdir. 

Məcid RƏŞADƏTOĞLU 

 

Nəşr edilib : 12.02.2023 17:20