AZ EN RU

Bir könül sındırmışam

Siz heç düşünmüsünüzmü ki, nə üçün Rəşid Behbudov, Sara Qədimova, Anatollu Qəniyev və digər  korifey sənətkarlarımızın oxuduğu mahnılar daha çox sevilir və hələ də dinlənilir? Bunun səbəbi yalnızca onların bizi ağuşuna alan ahəngli səsləri deyil, həm də mahnıların sözlərindəki dərin məna və sözlərin axıcılığıdır. Bəzən dinlədiyimiz mahnıların sözlərinin kim tərəfindən və nə üçün yazıldığı haqqında düşünmüsünüz?

Gəlin “Nazəndə sevgilim”, “Qonaq gəl bizə”, “Nə vaxta qaldı?”, “Bir könül sındırmışam” kimi dillər əzbəri olan mahnıların sözlərinin müəllifi, şair İslam Səfərlidən danışaq.

Yazının təbiiliyini qorumaq məqsədilə şairlə xatirələri olan şairin bacısı oğlu, Əməkdar rəssam Əli Səfərovla əlaqə saxlayıb evlərinə qonaq yollandıq. Söhbət elə maraqlı alındı ki, vaxtın necə gəlib keçdiyinin heç birimiz fərqində belə olmadıq. Əli Səfərov şair haqqında bəzi mətbuat orqanlarının yazdığı düzgün olmayan məlumatlardan gileylənərək, şairin gərçək həyat hekayəsindən danışdı.

İslam Səfərlinin Səkinə, Dilarə adlı iki bacısı, Bəhram, Hidayət, Arif adlı üç qardaşı olduğunu qeyd edən Əli Səfərov, Arif bəyin İslam Səfərlinin ögey qardaşı olduğunu, özünün isə şairin bacısı Dilarə xanımın oğlu olduğunu qeyd etdi. İslam Səfərlinin İradə, İlham, Dilşad adında üç övladı var. Onlar hazırda Bakı şəhərində yaşayırlar. İslam Səfərli həm Tusi, həm də Kəngərli soyuna mənsub olub Kalbalı xanın nəslindən gəlir və Şeyxəli qolundandırlar. İslam Səfərlinin atası Əhməd xan, babası isə Kiçik xan (Səfər xan) olub.

Ömrünün çox hissəsini Bakı şəhərində keçirən şair Şəkərabad kəndində doğulub və oradakı məktəbdə təhsilini bir müddət davam etdirib. Lakin həmin məktəb dörd və yeddi illik olduğu üçün şair təhsilinin geri qalanını davam etdirmək üçün Sarvanlar məhəlləsinə köçərək, hazırda onun adını daşıyan Naxçıvan şəhər 1 saylı məktəbə getməli olur. İkinci dünya müharibəsi vaxtlarında Sarvanlar məhəlləsində yaşayan şair, naxçıvanlı 12 nəfər ilə birlikdə könüllü olaraq müharibəyə yollanır. Bəzi jurnalistlərin yazdığı yazılarda şairin müharibəyə gedən 13 nəfərdən geri qayıdan tək insan olduğu qeyd olunsa da, əslində onlar müharibədən beş nəfər geri dönmüşdülər. İslam Səfərlinin “Onüçlər” şeirindəki bir bənd belə bu fikri təsdiqləməyə bəs edər:

Mərdlik edib, ad qazanan

Yarısından çoxu ölən,

Ölümün də üstə gülən

Kimdir?

Əgər soruşsanız,

Bir ağızdan siz hamınız,

Deyiniz ki, onüçlərdir.

Əli Səfərlinin sözlərinə görə şair İslam Səfərli döyüşlərdə kəşfiyyatcı olmuşdur. Şair 416-cı və 77-ci diviziyalarda xidmət göstərib. 1944-cü ildə cəbhədə ağır yaralanan şair sağaldıqdan sonra 77-ci diviziyada fəaliyyətini davam etdirir. Müharibə vaxtlarında belə yaradıcılığa həvəsi ölməyən şair “Qırmızı bayraq”, ”Qızıl əsgər” kimi cəbhə qəzetlərində oçerk və şeirlərini çap etdirmişdir.

Müharibə bitdikdən sonra Naxçıvana qayıdan nəğməkar şair bir müddət “Şərq qapısı” qəzeti və Naxçıvan Radiosunda çalışır. Burada çalışarkən, şairin “Ədəbiyyat”, “Şərq qapısı”, “Azərbaycan gəncləri” kimi bir neçə qəzetdə şeirləri çap olunur.

Əli Səfərov şairin bir şeirinin maraqlı hekayəsindən də danışdı. Cəbhəyə yollanmamışdan qabaq İslam Səfərli və dostu İslam Bağırov Nehrəm arxının hər iki tərəfinə hərəsi bir söyüd ağacı əkirlər. Cəbhədən geri dönən şair ağacların pöhrələyib bir -birinə sarmaşdığını görür. Lakin dostunu cəbhədə itirən şair bu ağaclar kimi qucaqlaşaraq ayrıldıqları o yerə qucaqlaşaraq qayıda bilmirlər. Bu hadisə şairi çox təsirləndirir. Məhz şairin “Qoşa söyüd” şeiri də belə doğulur. Qucaqlaşmış söyüdlər 2000-ci illərə qədər qalırdı.

İslam Səfərli yazdığı heca vəznindəki axıcı şeirləri ilə bir çox bəstəkarın diqqətini çəkməyi bacarmış, Cahangir Cahangirov, Rəşid Behbudov kimi simalarla çox yaxın olmuşdur. Bir gün türk şairi Nazim Hikmət Bakıya gələrkən görüşlərin birində İslam Səfərli “Xəzərim, ay Xəzərim” şeirini oxuyarkən tədbir sonunda Nazim Hikmət “Yavrum, sən bu sözlərə mahnı yazdırma. Mahnı elə bu şeirin özündədir” ifadəsi ilə şairin yaradıcılığını yüksək qiymətləndirmişdir.

Bakıya tez-tez gedən şair şeirlərindən birini “Azərbaycan gəncləri” qəzetində çap etməyə nail olur və bu şeiri dahi bəstəkar Üzeyir Hacıbəyov görür. Üzeyir Hacıbəyov şairin istedadını hiss edir və ona təhsil almasını məsləhət görür. 1946-cı ildə Bakı Dövlət Universitetinin filologiya ixtisasına daxil olan İslam Səfərli artıq Bakıda yaşamağa davam edir. 1948-ci ildə isə Bakının tanınmış ailələrinin birinin qızı olan Anaxanım Səfərli ilə ailə həyatı qurub Bakı şəhərində qalır. Nişanlı qalan müddətdə İslam Səfərli öz yaradıcılığının zirvə əsərlərindən olan “Nə vaxta qaldı?” şeirini qələmə alır. Şair uzun müddət nişanlı qalmasından söz açaraq yazır:

Gilənar qızardı, ağ tut sovuşdu,

Payını dərmədim, budaqda qaldı.

Hamı könül verib yara qovuşdu,

Bəs bizim toyumuz nə vaxta qaldı?

Ay, gözəl nə vaxta qaldı?

Şair zamanının çox hissəsini təbiət qoynunda keçirməyi sevirdi. Bir gün şair dostu, yazıçı-publisist Əlfi Qasımovla birlikdə bütün gün gəzib istirahət edirlər. Axşama yaxın Əlfi Qasımovun qardaşı onları Şuşa şəhərindəki bulağa istirahət üçün aparmağa gələndə İslam Səfərlinin yoldaşı Anaxanım Səfərli şairin bu gün çox istirahət edərək gəzməsindən gileylənərək bir az da evdə oturmasını söyləyir. İslam Səfərli isə gedərkən “mənə də bu qalacaq” deyir və nəticədə aşağıdakı misraların tarixçəsi yaranır:

Günlər keçir birər-birər

Bir uğurlu yol gedirəm

Yurdumuzu vəsf edirəm

Əldə qələm, dizdə varaq

Mənə qalan bu olacaq.

Əli Səfərov dayısı ilə bağlı xatirələrindən danışarkən, şairin çox dostcanlı insan olduğundan söz açdı. O deyir ki, şair Bakıdan hər dəfə Naxçıvana gələrkən bacısı Səkinə xanımgilə düşər, həyətyanı sahədə hər gün yeməklər bişirilərdi. Yemək qazanlarına baxdıqda sanki bir toyu xatırladardı. Hər gün otuz, qırx dostu onu görməyə gələrdi. Əli Səfərov o vaxt balaca olsa da həyətdəki üzüm talvarlarını, qonaqların dayısını görməyə gəlməsini və başqa hadisələrin hələ də dünənki kimi yadında qaldığını, bəzən isə İslam Səfərlinin Bakıdan gələn kimi dostları ilə Batabata getdiklərini də danışdı.

Əli Səfərov rəssamlıq məktəbinə daxil olarkən dayısı ilə birlikdə getdiklərindən də söhbət açdı. Deyir ki, dayım onda xəstə idi, pilləkənləri dayana-dayana çıxırdı. Sənədləri verdikdən sonra, “mən xəstəxanaya qayıdıram, hər şey yaxşı olacaq narahat olma”, dedi. Bir müddət keçdikdən sonra isə şair vəfat edir.

İslam Səfərlinin yaddaşı da olduqca güclü idi. Demək olar ki, bütün şeirlərini əzbər deyərdi. Günlərin birində Səməd Vurğunla bir məclisdə olarkən, o “mənə oxşayan qarabala İslam burdadır” deyərək İslam Səfərlini səsləyir və ondan keçən dəfəki tədbirdə dediyi şeiri yenidən səsləndirməsini istəyir. Bu hadisəyə Əlfi Qasımovun bir yazısında da rast gəlmək mümkündür.

İslam Səfərlinin zirvə əsərlərindən biri də 1955-ci ildə tamaşaya qoyulan “Göz həkimi”dir. Bu əsər həm Naxçıvanda, həm də Bakıda tamaşaya qoyulmuşdur. Əli Səfərov tamaşa zamanı zallarda boş yer olmadığını qeyd edir. Şair Bəxtiyar Vahabzadə müsahibələrinin birində dostları arasından dramaturgiyaya ilk İslam Səfərlinin gəldiyini deyərdi.

Süleyman Rüstəm şair İslam Səfərlinin müəllimi olmuş və müharibə vaxtlarında boş vaxt tapan kimi şair, Süleyman Rüstəmin şeirlərini cəbhədə sevərək oxuyardı. İslam Səfərli cəbhədə olarkən də dəfələrlə Naxçıvanda olan qəzetlərdə məqalələri və şeirləri çap olunur.

Bəs necə sübut olundu ki, İslam Səfərli həqiqətən də Tusilər nəslində gəlir? Tədqiqatçı Seyidağa Onullahi tərəfindən Nəsirəddin Tusinin şəcərəsinin araşdırılması aparılır və Mirzə Mehdi xan Ordubadidə dayanır. Daha sonra nəsil ağacının ardını araşdırdıqda həqiqətən də İslam Səfərliyə doğru uzandığını görmək mümkündür.

İslam Səfərlinin “Bir könül sındırmışam” şeirinində olduqca maraqlı bir xatirəsi var. İslam Səfərlinin qadın dostlarından biri şairin bir sözü ilə ondan inciyir. Eyni yerdə şairin dostu Əlfi Qasımov da olur. İslam Səfərli gecə yatmayaraq “Bir könül sındırmışam” şeirini yazır və şeiri göstərmək üçün dostu Əlfi Qasımovun evinə yollanır. İslam Səfərli dünən gecə o qadının xətrinə dəydiyini söyləyir və şeiri göstərir. Əlfi Qasımov isə, “İslam, səndə ki bu ürək var, heç kəs səndən inciməz” cavabını verir. Bu məşhur şeirə daha sonra mahnı da bəstələnir. Şövkət Ələkbərovanın ifasında səslənən mahnının məşhur nəqarətində isə deyilir:

Qəbahətim böyükdür

Ay ellər, dünən axşam

Dünən axşamçağı

Büllur kimi bir ürək,

Bir könül sındırmışam...

 

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 12.02.2024 10:44