AZ EN RU

Bir kəndin qəhrəmanlıq salnaməsi

    Şəhid adının daim uca tutulduğu Azərbaycanımızın hansı bölgəsinə üz tutsaq orada şəhid məzarlarını və qəhrəman Vətən oğullarına həsr olunmuş abidələri görərik. Ölkəmizin hər bir yaşayış məntəqəsində olduğu kimi, Şərur rayonunun Püsyan kəndində də müharibə iştirakçılarına, şəhidlərə xüsusi hörmətlə yanaşılır. Püsyan kəndinin vətənpərvər gəncləri həm Birinci Qarabağ müharibəsində və Sədərək döyüşlərində, həm də Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirib, işğalçıları yerinə oturtmağı bacarıblar. Bir sözlə, Püsyan gəncləri silahdaşları ilə birlikdə erməni terrorçularını məhv etməklə əzəli torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak ediblər.

    Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlər vermiş Püsyan kəndinin onlarla qazisi, müharibə veteranı və hazırda müxtəlif qoşun növlərində xidmətlərini davam etdirən gəncləri var. Püsyan kəndində doğulub, boya-başa çatan Fərhad Mirzəyev 1992-ci ildə, Niyazi Qəhrəmanov 1995-ci ildə, Asəf Haqverdiyev 2000-ci ildə, artilleriyaçı zabit Məmməd Zamanlı isə 2020-ci ildə İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalıb.
    Gənclərimizin hərbi xidmətə marağı yüksək olduğundan Püsyan kəndinin gəncləri Azərbaycan Silahlı Qüvvələrində müxtəlif rütbə və vəzifələrdə xidmət edirlər: 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı döyüş əməliyyatlarında iştirak edənlər olub. Vətən müharibəsi zamanı düşmənlə qızğın döyüşlərə qatılanlarla yanaşı, Naxçıvanda ayıq-sayıq döyüş növbətçiliyi də aparıblar. 

    Ordu sıralarında peşəkarlaşan şücaətli zabitlərdən biri də Məmməd Zamanlı olub. Vətən müharibəsinin başlandığı ilk gündən komandiri olduğu bölmənin şəxsi heyəti ilə birlikdə döyüşlərə qatılan Məmməd Zamanlı, 2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində düşmənin atdığı mərminin partlaması nəticəsində şəhidlik zirvəsini fəth edib. Qeyd edək ki, şəhidimizin adını daşıdığı babası Məmməd kişi İkinci Dünya müharibəsində, atası Rəhman Zamanov isə Birinci Qarabağ savaşında iştirak edib. Şəhidin xatirəsi ölkəmizin bir neçə yerində, eləcə də doğulub, boya-başa çatdığı Püsyan kəndində əbədiləşdirilib.
    Püsyan kənd tam orta məktəbinin hərbi rəhbəri, ehtiyatda olan baş leytenant Bağır Tağıyev kənddə uşaq, yeniyetmə və gənclərin hərbi peşəyə olan maraqlarından danışaraq qeyd etdi ki, “Məktəbin pedaqoji kollektivi şagirdlərə vətənpərvərlik tərbiyəsini ən yüksək səviyyədə aşılamağa çalışır. Şagirdlərimizin hər birinin babası, atası, qardaşı, əmisi, dayısı döyüş yolu keçmiş insanlardır. Ona görə də bizim nəzəri olaraq aşılamağa çalışdığımız vətənpərvərlik tərbiyəsini şagirdlərimiz evlərində öz yaxınlarından praktiki mənimsəyirlər”.
    Əfqanıstan müharibəsi veteranı olan Bağır Tağıyev həm də Sədərək döyüşlərinin iştirakçısıdır. Hərbi rəhbərlərin təlim toplanışında bilik və bacarığını daha da təkmilləşdirən Bağır Tağıyev hər il Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə Püsyan kəndindən şagirdlərin qəbul olunduğunu, hazırda müxtəlif xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və ehtiyat zabit hazırlığı kurslarında kəndin gənclərinin hərbi təhsil aldığını vurğuladı. Hərbi rəhbərin oğlu Ziya Tağıyev də gizir rütbəsi ilə Azərbaycan Ordusunda xidmət edir. 
    Bağır Tağıyev kəndin şəhidlərindən danışarkən bildirdi ki, “Fərhad Mirzəyev 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin ağır hücum əməliyyatları nəticəsində Sədərəkdə şəhid olub. Fərhad və döyüşçü yoldaşları düşmənin təslim olmaq çağırışına məhəl qoymadan son damla qanlarınadək vuruşublar. Niyazi Qəhrəmanov 1995-ci ildə, Asəf Haqverdiyev isə 2000-ci ildə xidməti döyüş tapşırıqlarını canları bahasına yerinə yetirərkən şəhid olublar. Vətən müharibəsində leytenant Məmməd Zamanlı erməni terrorçularının keçilməz dediyi “Ohanyan səddi”nin dağıdılmasında fəallıq göstərib. Məmməd Zamanlı Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində şəxsi igidlik, şücaət, rəşadət nümayiş etdirdiyinə, vəzifə borcunu ləqayət və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandımız cənab İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Dərslər zamanı biz müəllimlər Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşmüş qəhrəmanlarımız haqqında ətraflı məlumat veririk, şagirdlərlə qazilərin, müharibə veteranlarının və şəhid ailələrinin görüşünü keçiririk”.
    Elə bunun nəticəsidir ki, Püsyan kəndində uşaq, yeniyetmə və gənclər vətənpərvər ruhda yetişir, şəhidlərin döyüş yolunu öyrənir, təhsil aldıqları Püsyan kənd tam orta məktəbində, müxtəlif orta ixtisas və ali təhsil ocaqlarında, xüsusi təyinatlı təhsil müəssisələrində gələcəyin peşəkar vətən müdafiəçiləri kimi yetişirlər.

 Nəriman NƏCƏFOV
 

Nəşr edilib : 26.09.2023 20:56