AZ EN RU

Bir kənd haqqında ensiklopediya

    Vətənpərvərlik təkcə əlinə silah alıb Vətən sərhədlərinin keşiyini çəkmək deyildir. Vətənpərvərlik insanın ruhunda, canında, qanındadır. Bəli, bu müqəddəs duyğunun sahiblərinin: canını Vətən yolunda fəda etmiş və ya fəda etməyə hər an hazır olan qəhrəmanların şüarı Vətəndir. Bununla bərabər Vətənin hər bir qarışının qədrini bilmək, onu qoruyub gələcəyə bütöv şəkildə ötürə bilməkdədir vətənpərvərlik sevgisi. Bunun digər bir nümunəsi isə Vətənə olan borcunu öz qələmi ilə böyük sevgi və ustalıqla ifadə etməyi bacaran ziyalı düşüncəsi və fəaliyyətidir.

    Qədim Naxçıvan torpağı öz tarixi əraziləri və bu ərazilərinin köklü mədəniyyəti ilə məşhurdur. Naxçıvanın hər bir bölgəsində qədim tariximizi sübut edən maddi-mədəni abidələrimiz yaşamaqdadır. Onları öyrənib gələcəyə ötürmək isə heç də asan iş deyildir. Bunu peşəkarlıqla həyata keçirən ziyalı əsl vətənpərvərdir.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 21 sentyabr 2021-ci ildə AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirədə mühüm tapşırıqlar verdi. Naxçıvanşünaslığa xidmət edəcək bu tapşırıqların icrası həyata keçiriləcək ən zəruri işlərdən hesab olunur. Odur ki, bu tapşırıqlar sözügedən kitabın da nəşrinin sürətlənməsinə təkan verdi.     
    Yenicə çapdan çıxmış “Yurdçu və yurdçulular” kitabının müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğludur (Məmmədov). Neçə-neçə elmi, bədii kitab və monoqrafiyanın müəllifi olan alim-şair həmkarımız əvvəldə bəhs etdiyimiz vətənpərvərlik xüsusiyyətinin daşıyıcısıdır. Özünün də söylədiyi və yazdığı kimi 20 ildir, üzərində işlədiyi bu kitab həm də çox ağır zəhmətin bəhrəsidir. Elə bir zəhmət ki hər zərrəsində coşan-daşan Vətən sevgisi duyulur. Belə olmasa idi, doğma kəndinin hər künc-bucağını bu qədər əzizləyib vəsf etməzdi, hər bir həmkəndlisinin, yurddaşının az qala bütün tərcümeyi-halına, həyatına, kəndinin hər bir mədəniyyət abidəsinin tarixinə bu qədər dərindən və sevgiylə bələd olmazdı.
    Kitab Naxçıvan şəhərindəki “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin rəy verdikləri yeni nəşr Yurdçu kəndi haqqındakı müxtəlif aspektdən yanaşılan məlumatların cəmləşdiyi və ümumiləşdiyi ensiklopediya xarakteri daşıyır. Redaktorlar tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova, Yurdçu kənd sakini, müəllim Qadir Məmmədovdur. 
    Kitabın “Müəllifdən” adlanan hissəsində müəllif Elxan Yurdoğlu üzərində çəkdiyi zəhmətinin yalnız cüzi bir hissəsindən ötəri bəhs etmişdir. Amma onu tanıyanlar və bu zəhməti haqqında məlumatlı olanlar yaxşı bilir ki, Elxan müəllim bu kitabı ərsəyə gətirmək üçün, sözün əsl mənasında, 20 il gecəli-gündüzlü çalışıb. 20 il təkcə bu kitab üzərində çalışıb. 20 il ərzində çoxlu sayda elmi-publisistik məqalələr, elmi və bədii monoqrafiya və kitablarla yanaşı, sözügedən kitabın da hazırlanması onun üçün prioritet məsələ olub. Ümumiyyətlə, demək mümkündür ki, bu kitab gələcəkdə nəinki Naxçıvanın, ümumilikdə, Azərbaycanın əraziləri haqqında belə müfəssəl məlumatların ümumiləşdirilməsində kömək və istiqamətdir.
    “Yurdçu kəndi haqqında ümumi məlumat” adlanan hissədə adından da bəlli olduğu kimi, müəllif Yurdçu haqqında tarixi mənbələrə müraciət edərək doğma kəndinin tarixini ümumi şəkildə oxucuya bir daha təqdim edir. Kitabda müəllif bu yaşayış məntəqəsinin tarixboyu daşıdığı adlar və kəndin adının etimologiyası haqqında yürüdülmüş fikirləri bir-bir incələyir; hansı fikrin məqsədəuyğun olması haqqında öz mülahizələrini də ifadə edir. Bütün fikirlərin önəmli olduğu və kəndin adının tarixi haqqında aparılmış dəyərli tədqiqat olduğunu vurğulayır. O cümlədən kitabda Yurdçu kəndinin təbii-coğrafi şəraiti, kəndin kəhriz, çay, bulaq və gölləri haqqında da ətraflı məlumat verir. Müəllif Yurdçudakı 6 kəhriz, 1 çay, 40 bulaq, 13 göl haqqında söz açır, o cümlədən kənddəki yer, məhəllə, tayfa adları ilə bağlı da məlumatları kitabda təqdim edir.
    “Yurdçu kəndinin tarixi arxeoloji abidələri və maddi mədəniyyət nümunələri” başlığı altında müəllif kənddəki sözügedən abidələr və nümunələr haqqında müfəssəl məlumat verir, Yurdçu yaşayış yeri, Yurdçu kurqanları, Yurdçu nekropolu, Yurdçu sərdabəsi, Alovtəpə, Qulalıtəpə, Yurdçunun orta əsr yaşayış yerini sübut edən maddi mədəniyyət nümunələri, Babatəpə yaşayış yeri və məkanların mövcudluğunu sübut edən gil qablar, digər əşyaların hissələri, bunlar üzərində aparılan tədqiqatlar Elxan Yurdoğlunun təqdimatında bir daha yenilənir və ümumiləşdirilir.
    “Yurdçu karvansarası” adlı yazıda müəllif xalqın “karvansara” adlandırdığı ərazidə nə vaxtsa mövcud olmuş tarixi qalıqların indi yoxa çıxması ilə bağlı təəssüf dolu fikirlərini oxucuya çatdırır, qeyd edir ki, həmin məkanın arxeoloji tədqiqata cəlb olunması Yurdçu kəndinin daha qədim tarixinin ortaya çıxmasını şərtləndirə bilər. 
    Ərazidəki pirlər, məscidlər və dəyirmanlar da müəllifin diqqətindən yayınmamış, hətta bu məkanlar haqqında xalq təsəvvüründə, yaddaşında qorunan düşüncələri də müəllif oxucu diqqətinə təqdim etmişdir.
    “Yurdçuda adət və ənənələr” bölməsi də maraq cəlb edir. Belə ki, bu bölmədə müəllif ərazidə istər mövsüm, istərsə də məişətlə bağlı keçirilən mərasimlərdən bəhs edir, onların hazırkı icra vəziyyətindən də geniş və ətraflı söhbət açır. 
    “Yurdçu kəndində sənətkarlıq” başlıqlı yazısında müəllif ərazidə insanların əsas üstünlük verdiyi sənətkarlıq sahələri haqqında məlumat verir. Belə ki, toxuculuq, xalça istehsalı Yurdçunun əsas sənətkarlıq sahələrindən biri kimi diqqət cəlb edir. Kitabda müxtəlif zamanlarda və hazırda bu sahə ilə məşğul olan qadınların fəaliyyəti haqqında məlumat verilərək onların fotoşəkilləri ilə birgə təqdim olunur. Bununla yanaşı, digər sahələr: qalayçılıq, gəc tikinti materiallarını istehsalı da ərazidə fəaliyyət göstərən sexlərdə indi də həyata keçirilir. Və bu barədə də kitabda geniş məlumat öz əksini tapır. 
    “Yurdçu kəndində məktəb və təhsil” bölməsində ərazidəki məktəbin ilk dövrlərdən etibarən yerləşdiyi bina və məkanlar bir daha xatırlanır. O cümlədən məktəbdə fəaliyyət göstərən direktorlar, müəllimlərin siyahısı, hansı fənləri tədris etdikləri haqqında məlumat verilir, yeri gəldikcə, təqdim olunan fotoşəkillər məlumatları tamamlayır. Məktəbin məzunları, həmin məzunların hansı ixtisaslar üzrə hansı ali məktəblərə qəbul olunması haqqındakı məlumat da kitabda cədvəl şəklində verilib. Əlavə olaraq Yurdçu kənd tam orta məktəbində müxtəlif illərdə çəkilmiş fotoşəkillər də təqdim olunur. 
    Qəhrəman və vətənpərvər əhalisi olan Yurdçu kəndinin övladları elə İkinci Dünya müharibəsi illərindən etibarən döyüşlərdə iştirak ediblər. Müəllif o illərdə sovet ordusu tərkibində vuruşan yurdçuluları bir daha xatırlayır. Həm müharibədə qəhrəmanlıqla həlak olanları, həm də şücaətlə vuruşub geri dönən Vətən övladlarının adlarının siyahısı bu bölmədə göstərilir. Bu bölmədən bir daha məlum olur ki, müəllif kitaba gərəkli olan məlumatların toplanmasında olduqca böyük məsuliyyətlə çalışmışdır.
    Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğala məruz qaldığı gündən yurdçulular da bu yolda şərəflə mübarizə aparmışlar. I Qarabağ müharibəsində 2 övladı şəhid olan Yurdçu II Qarabağ müharibəsində daha bir övladını şəhid verdi. Bu kənd müharibədə iştirak edib qazi kimi geri dönən oğullar ilə də qürur duymaqdadır. Həmin qəhrəmanlar haqqında məlumat fotoşəkilləri ilə birgə kitabda öz əksini tapıb. 
    Yeni nəşrin maraqlı bölmələrindən biri də “Yurdçulu alimlər” adlanır. Bu bölmədə müəllif kəndinin alimləri – Qəzənfər Məmmədov, Məhəmməd Abbasov, Elxan Məmmədov və Səfurə Əliyeva haqqında fotoşəkillərlə bərabər məlumatı təqdim edir. Ölkədə və xaricdə seçilən fəaliyyətləri ilə yaddaqalan, dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışaraq millətinə, dövlətinə fayda verən həmkəndlilərini də müəllif unutmur. Kitabda onlar haqqında da fotoşəkilləri ilə bərabər müfəssəl məlumat öz əksini tapıb. 
    Qeyd edək ki, dövlətimiz heç bir vaxt fəaliyyəti ilə fayda verən insanlara öz diqqətini əsirgəməmişdir. Bu diqqət dövlətimiz tərəfindən yurdçululara da nəsib olmuşdur. Öz fəaliyyətləri ilə seçilərək dövlətimiz tərəfindən mükafatlandırılmış yurdçulular haqqında da məlumat verməyi müəllif özünə borc bilərək bu məqama xüsusi diqqət etmişdir. Və yanaşı olaraq Yurdçuya göstərilən dövlət qayğısını və himayəsini müəllif kitabda tam olaraq işıqlandırmışdır. “Yurdçu bu gün – müstəqillik illərində dövlət qayğısı” başlıqlı yazısında bu məsələ haqqında müəllif geniş şəkildə bəhs edir: istər kənddə aparılan quruculuq işləri, yeni idarə və müəssisələr üçün binaların tikintisi və ya bərpası, kəndin görünüşünün mükəmməlləşdirilməsi, suvarma işlərinin yaxşılaşdırılmasına xidmət edən işlərin görülməsi və digər işlər müəllifin qəlbini riqqətə gətirərək belə diqqətçəkən yazının ərsəyə gəlməsinə səbəb olmuşdur.
    “Yurdçu haqqında yazılmış şeirlər” bölməsində bu qədim tarixə malik, istedadlı simalar yetirən torpaq – Yurdçu kəndi haqqında yazılmış şeirlər öz əksini tapır. Və kənd haqqında hansı səpkidə olursa-olsun, yazılan yazılar hamısı “Yurdçu haqqında yazılmış yazıların biblioqrafiyası” bölməsində işıqlandırılıb. “Son söz” başlığı altında müəllif doğma kəndinin – Yurdçunun əhalisinə üz tutaraq kitabın ərsəyə gəlməsində onların əməyini alqışlayır, bütün işlərdə olduğu kimi, əgər bu kitabda da hansısa arzuladıqları, lakin görə bilmədikləri məqamın ola biləcəyi ilə bağlı “nöqsanına” görə üzrxahlıq edir. Bu da müəllifin həddən ziyadə təvazökarlığının ifadəsidir. Kitab bu kəndə – Yurdçuya və onun hər bir övladına, Naxçıvanşünaslığa, ümumən, Azərbaycanşünaslığa yeni və dəyərli töhfədir. Əgər gələcəkdə hansı tədqiqatçısa sözügedən kənd haqqında araşdırma apararsa, əminəm ki, heç bir əziyyət çəkmədən, məhz əlimizdə olan bu kitab – “Yurdçu və yurdçulular” adlı yeni nəşr onun üçün ən sanballı mənbələrdən biri olacaqdır. 
    Müəllifə belə sanballı kitab ərsəyə gətirdiyi üçün təşəkkür edir və gələcək işlərində uğurlar diləyirik!

Aytən CƏFƏROVA 
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 
Folklorşünaslıq şöbəsinin müdiri, dosent 

Nəşr edilib : 15.12.2022 20:48