AZ EN RU

Bir işarə də bəsdi

    Sosial şəbəkələrdə qarşıma çıxmışdı. Bir çox məşhur mahnıları işarət dili ilə ifa edirdi. Həm də gülər üzlə, qarşısındakına xoş gələn siması ilə. Mən insanların bir-birinə müsbət enerji ötürə bildiklərinə inananlardanam. Bu qızın da bildiyimiz mahnıları fərqli formatda təqdim etməsi diqqətimi cəlb etmiş, xoşuma gəlmişdi. Elə oradaca səhifəsini izləməyə başlamış, hətta bir neçə ifasına dalbadal baxmışdım da. Gənc istedada dəstək məqsədilə “Instagram” hekayəmdə də paylaşmışdım. Bir müddət sonra ana səhifədə onun yeni videosu ilə qarşılaşdım. Həmin tərz, həmin üslub, həmin sima, həmin enerji. Bu dəfə mesaj yazıb xoş arzularımı çatdırdım və beləcə, söhbətimiz başladı. Biləndə ki, Naxçıvan şəhərində yaşayır, Naxçıvan Dövlət Universitetinin tələbəsidir, lap çox marağıma səbəb oldu və onunla görüşmək üçün iş yerimə dəvət etdim. Sağ olsun, bir neçə gün sonra razılaşdığımız vaxtda gəldi. 
    Qəribə aurası var. Uzun qıvrım saçları yumru şən simasını gizlətsə də, eynəyinin altından üzümə zillənən həyat dolu baxışları daxili dünyasında dərin duyğuların gizləndiyindən xəbər verirdi. Danışmağa o qədər də həvəsli olmayan bu qıza əvvəlcə özü haqqında suallar verdim. 
    Səbinə İsmayıllı 2002-ci ildə Naxçıvan şəhərində anadan olub. 2008-2019-cu illərdə Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə oxuyub. Hazırda Naxçıvan Dövlət Universitetinin Fars dili tərcüməçiliyi ixtisası üzrə III kurs tələbəsidir. 2016-cı ildən – 7-ci sinifdə oxuyarkən işarət dilinə maraq göstərməyə başlayıb. Beləliklə də, internet üzərindən bu dili ciddi maraqla öyrənməyi qarşısına məqsəd qoyub. Hələ orta məktəbi bitirməmişdən artıq işarət dilini tam mənimsəyən Səbinə dərslərindən, hazırlıqlarından fürsət tapan kimi bununla bağlı videoçarxlar çəkməyə başlayıb. 
    Səbinənin bu marağının nədən qaynaqlandığını xəbər alıram. Görəsən, ailədə, ətrafda dost-tanışlardan, qohum-əqrəbadan, sinif yoldaşlarından danışma və eşitmə problemi olan kimsə varmı? Kiməsə görəmi bu cür bir çətin sahəni öyrənməyə həvəs göstərib? Yoxsa bu bir hobbidir? 
    Səbinə suallarımın heç birinin əsas olmadığını deyir. Və davam edərək bildirir ki, bu, sadəcə, şəxsi maraq idi. Hobbi kimi də baxmır. Kimlərdənsə fərqlənmək istəyi də deyil. Ətrafında da bu cür insan yoxdur. Hətta öyrəndikdən sonra biliklərini yoxlamaq üçün sosial şəbəkələr vasitəsilə danışma və eşitmə problemi olan insanları arayıb-axtarıb və onlarla işarət dili vasitəsilə danışıb. 
    Naxçıvanda onun kimi bu dili bilənlərin olub-olmadığını soruşanda isə vurğuladı ki, belələri ilə qarşılaşmayıb. Elə buna görə də bildiklərini indidən başqalarına öyrətməyə də canla-başla razıdır və hazırdır. 
    Səbinənin buna rəsmi səlahiyyəti də çatır. Belə ki, 2018-ci ilin dekabr ayında İstanbul İşlətmə İnstitutunun təşkil etdiyi birhəftəlik “İşarət dili eğitimi”nə qatılaraq imtahan vermiş və nümayiş etdirdiyi müvəffəqiyyətinə görə ona “İşarət dili eğitimi” sertifikatı verilmişdir. 
    Planlarından, gələcək arzularından bəhs etməsini istəyəndə elə ilk olaraq İşarət dili kursu açmaq istəyindən danışdı. Hələ ki, insan duyğularını özündə əks etdirən mahnıları eşitməkdən, danışmaqdan məhrum olan insanlara çatdıra bilməsindən zövq aldığını, gələcəkdə ən məşhur şeirləri, hətta bəzi qısa hekayələri belə işarət dili vasitəsilə canlandırmaq arzusunu dilə gətirdi. 
    Söhbət etdikcə bu cılız bədənli tələbənin böyük ürəyində kiçik görünən nəhəng xeyriyyə fəaliyyətlərinin varlığını da öyrəndim. Uşaqlara, fiziki qüsurlulara, kimsəsizlərə, kasıblara maddi və mənəvi yardım etməyin onu hədsiz dərəcədə xoşbəxt etdiyini dilə gətirir. Bəs pulu haradan alırsan? – sualıma isə ailəmin mənə verdiyi xərclərimdən qənaət edərək, – deyə qısa cavab verir. Utancaq şəkildə bunu kimsənin bilməsini istəmədiyini dilə gətirsə də, düşünürəm ki, bu cür gəncləri örnək kimi təbliğ etmək lazımdır. 
    Gələcək arzuları, planları arasında video-blogger olmaq və bu sayədə qazandığı pullarla daha çox insana kömək etmək istəyi var. 
    “ism.sabina” adlı “Instagram”, “Sabina İsmayıllı” adlı “YouTube” hesabına yüklədiyi videolarına gələn fikirləri, rəyləri oxuduqca ona olan hörmətim daha da artır. Düşünürəm ki, Səbinə internetin müsbət tərəflərindən istifadə etməyin nümunəsi kimi də yeniyetmələrə örnək ola bilər. 
    Bəzi xəbər proqramlarında, verilişlərdə, danışma və eşitmədə qüsurlu olan insanlara təlimlər verilməsində öz bacarığından istifadə etmək istəyib-istəmədiyini də öyrəndim. Bu barədə elə də məlumatlı olmadığını, amma əgər bacarığına ehtiyac yaranarsa, həvəslə bu cür işlərdə fəaliyyət göstərməyə hazır olduğunu dilə gətirdi. 
    İnadkarlığı, zəhməti və əzmkarlığı sayəsində fərqli bir istedada, bacarığa yiyələnmiş Səbinə İsmayıllı ilə, təxminən, bir saata yaxın söhbət etdikdən sonra düşündüm ki, istedad təkcə şeir, musiqi, rəsm, idman və sairlərlə məhdudlaşmır. Öz üzərində işləyərək məktəbli vaxtlarından fərqli bir bacarığa yiyələnmək də istedad göstəricisidir. 
    Səbinə otağımdan çıxarkən qeyri-ixtiyari olaraq işarət dilində bu diqqətim üçün təşəkkürünü bildirdi. Ya da mən elə başa düşdüm. Amma, deyəsən, düz başa düşmüşdüm. Simasındakı ifadə də onu göstərirdi. Bir də ki, bəzən qarşındakını anlamaq üçün bir işarə də bəsdi.

Elxan YURDOĞLU

Nəşr edilib : 17.03.2022 20:45