AZ EN RU

Bir gün şəhid olsam Vətən elində

Ramil Qurban oğlu Əliyev

22.03.1996 – 28.09.2020

Ramili balaca vaxtlarından Vətənini sevən uşaq kimi hiss etmişdim. Heç yadımdan çıxmaz, hələ hərbi liseydə oxumurdu. Televizorda 20 Yanvar, Xocalı faciələrinə baxdıqca elə hey əsəbiləşirdi. Deyirdi ki, ana, bax, bu insanların qisasını biz alacağıq. Onların qanını yerdə qoymayacağıq. Qarabağa bayrağı da biz sancacağıq. Onlara baxdıqca elə həyəcanlanırdı ki, əlində olsaydı, balaca vaxtında döyüşə gedərdi. Bu hadisələr onun hərbi liseyə getməsinə səbəb oldu. Düşməndən intiqam almaq onun ən böyük arzusu idi.
Ramil o qədər mehriban idi ki, hər məzuniyyətə gələndə də, məzuniyyətdən qayıdanda da bütün qohumlarımızı görməyə gedirdi. Deyirdim ki, ana qurban, bəs gələndə görmüsən. Cavab verirdi ki, ana, gəlmək ayrı, getmək ayrıdır. Qoy heç kimin gözü yolda qalmasın. 

Ramil çox həssas idi. Sanki şəhid olacağını bilirdi. Bu haqda dayısına və dostlarına da demişdi. Hətta 2016-cı ildə qeyd dəftərinə aşağıdakı şeiri də yazmışdı:
                                                       Bir gün şəhid olsam Vətən elində
                                                       Qoymayın nəşimi düşmən əlində.
                                                       Gözləyin yolumu Arazın sahilində – 
                                                       Öz ata yurduma göndərin məni.
Ramil elə qayğıkeş idi ki, mənə qız övladımın olmamağını da unutdurmuşdu. Mən Ramili itirəndən sonra elə bilirəm ki, mənim heç nəyim yoxdur. Elə bil ki, heç olmayıb. Demirəm, Röyal var, atası var. Amma Ramil mənim həyatım idi.
Sentyabrın 26-sı qardaşı Röyalın ad günü idi. Sonuncu dəfə onda qardaşı ilə danışmış, həm də mesaj yazmışdı. Mesajı çox uzun idi. Sanki vidalaşırmış qardaşı ilə. Yazmışdı ki, qardaşım, səni təbrik edirəm. Sən sağ-salamat ol. Atam-anam sənə əmanətdir. İnşallah ki, sənin də toyunu edərlər. Mən o günü sənə arzulayıram. Onlara yaxşı bax.
Elə həmin danışığın onun son danışığı olduğunu haradan biləydim? Atası ilə də danışdı. O danışırdı, mən baxırdım. Dedi ki, ana, niyə danışmırsan. Danış ki, səsini eşidim. Ona evimizə sağ-salamat qayıtmasını arzuladım. Demə, son danışığımız imiş. Bir daha balamın səsini eşitmədim. 

Nəşr edilib : 10.02.2024 12:52