AZ EN RU

Bir gecənin içində arzudan reallığa

    Vaxtilə jurnalist və yazar Tomas de Vaalın “Xocalı soyqırımı haqqında nə düşünürsünüz?” sualını Ermənistanın sabiq prezidenti Serj Sarkisyan belə cavablandırmışdı: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu stereotipə son qoyduq. Baş verən hadisə də bu idi”. Silahsız dinc sakinlərə, xəstələrə, qocalara, uşaqlara, qadınlara soyqırımı törədib insanlığa qarşı cinayət işlədən etnosun nümayəndələrindən hər cür vəhşilik gözləmək mümkündür. Elə bu səbəbdən də silahsız əsgərə işgəncə vermək, sonra onu işləmədiyi cinayətdə ittiham etmək ermənilərin etik davranışlarına xas xüsusiyyətdir. Bu, Ermənistan hakimiyyətinin və ictimaiyyətinin humanistlikdən uzaq olduğunun göstəricisidir. Onların ölkə adlandırdıqları bu məkan milli etnik mənsubiyyəti olmayan barbarların toplaşdığı məkandır.
    Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində Azərbaycan Ordusunun aprelin 9-dan itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülmüşdülər. Yalnız üç gündən sonra – aprelin 12-də Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçilərin bu ölkədə saxlandığını boynuna almış, Ermənistanın Müdafiə Nazirliyi isə aprelin 13-də azərbaycanlı hərbçilərin bu ölkədə saxlandığını təsdiqləmişdi. Bu hadisədən bir qədər sonra əsirlərin işgəncə və qeyri-etik rəftarla bağlı görüntüləri yayıldı. Fiziki və mənəvi işgəncəyə məruz qalan H.Axundovun fotosu yayıldıqdan bir müddət sonra Ermənistan mətbuatı və hüquq-mühafizə orqanları belə bir dezinformasiya yaydılar ki, guya azərbaycanlı əsgər qanunsuz olaraq silahla sərhədi keçib, Sünik kəndlərində maneəsiz dolaşıb, Sisian sakinini hədələyib və nəhayət, Zəngəzur mis-molibden kombinatının mühafizəçisi, 56 yaşlı Hayrapet Meliksetyanı öldürüb. Ermənistan hakimiyyəti az qala ölkədə o dönəmdə baş verən bütün açılmayan cinayətləri azərbaycanlı hərbçilərin törətdiyini iddia etməkdən belə çəkinmədi. Azərbaycan Ordusunun əsgərlərinin itkin düşdüyü fakt idi və onlara işgəncə verilməsi beynəlxalq konvensiya ilə qadağandır. Əsir hərbçilərlə davranış haqqında Cenevrə konvensiyasının 17, 18, 19, və 20-ci maddələri hərbi əsirləri fiziki və ya mənəvi işgəncə, yaxud başqa məcburetmə tədbirlərindən qoruyur. 
    Azərbaycanın rəsmi dövlət qurumları onların hüquqlarının qorunması və geri qaytarılması ilə bağlı beynəlxalq təşkilatlara dəfələrlə müraciət etsə də, Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan əsgərə qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırsa da, təəssüf ki, nəticəsi olmadı. Bütün çağırışları heçə sayan Ermənistan qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası kəsildi. Həmçinin Ermənistan baş prokurorunun verdiyi məlumata görə, dekabrın 7-də təqsirləndirilən azərbaycanlı Hüseyn Axundovun barəsində olan hökm dəyişdirildi və o, ömürlük həbs cəzasına məhkum edildi. 
    Axşamı yeni xəbərlə açdıq. Bir gecənin içində arzular reallığa çevrilmişdi. Əsirlikdə olan Hüseyn Axundov və Aqşin Bəbirov azad edildilər. Budur “dəmir yumruğ”un gücü. O güc ki Ermənistan dövlətinin saxta üzünü açıb yumruğunu təpəsindən əksiltmədi. O güc ki Ermənistan himayədarlarının gözünü yolda, qulağını səsdə qoydu. O güc ki dünya dövlətləri də artıq onunla hesablaşır. O güc ki 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, erməni vandallarının viran etdiyi ata-baba yurdlarımızda həyatın yenidən canlanmasını təmin etdi, düşmən əlindəki axırıncı əsgərimizi də azad etdi. Bunların hamısı ədalətin, sülhün, sabitliyin təminatıdır. Bu prosesi isə xarici güclər yox, Müzəffər Ali Baş Komandan idarə edir. Ermənistan məhkəmələrinin qərarını heçə sayan və siyasi diplomatik dillə bölgə liderlərinə bunu əyani şəkildə sübut edən ölkə Prezidenti cənab İlham Əliyev bir daha sübut etdi ki, əsirlikdə olan vətəndaşların yaxınlarının hisslərinə daim ehtiram göstərərək şərik olub. Bu səbəbdən də Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin 2 Azərbaycan əsgərinə dəyişdirilməsi buna bariz nümunədir.
    Dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunduqdan sonra dekabr ayının 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutdu. Proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu – Hüseyn Axundov və Aqşin Bəbirov azad olundu. Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verdi.
    Bu milli qürur, milli kimlik məsələsidir. İmic məsələsidir. Ən əsası isə sensasiyadır. Bu sensasiyaları son illərdə davamlı təkrarlayan Prezident cənab İlham Əliyev Azərbaycan xalqına indiyədək verdiyi bütün sözləri tutaraq sübut etdi: “Bizim sözümüz imzamız qədər keçərlidir”.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 13.12.2023 18:08