AZ EN RU

Bir fotonun tarixçəsi

                                    Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır.

                                Orada çalışanlar fədakardırlar, fədaidirlər...

                                Heç kim bilmir ki,  aktyor səhnəyə çıxıb rolu

                               tamaşaçı qarşısında oynadığı vaxta kimi  nə

                               qədər  həyəcan,  sevinc keçirir.

HEYDƏR ƏLİYEV 

                        Ümummilli Lider

Xalqımızın müdrik oğlunun, Ümummilli liderimizin teatr və orada çalışan insanlar haqqında dediyi bu qiymətli sözləri oxuyanda istər-istəməz belə bir qənaətə gəlmək mümkündür ki, bu ifadələri yalnız teatrı dərindən duyan, onu yaxından hiss edən, ab-havasına bələd olan, ona daxilən bağlanan bir insan söyləyə bilər. Bəli, bu sözlərin müəllifi olan Heydər Əliyev, həqiqətən də, ömrünün yeniyetməlik çağından teatr aləminin sehrinə düşmüş, həyatının bütün mərhələlərində də, dahi və fenomenal bir şəxsiyyət kimi tanınanda da, ahıllıq dövründə də bu sehirdən xilas olmaq istəməmişdir.

“Ulu öndərimizdə teatra sonsuz məhəbbəti yaradan isə ilk əvvəl Naxçıvanın teatr mühiti olmuşdur. Doğma şəhərindəki dövlət dram teatrının tamaşalarına xüsusi maraq göstərən gənc Heydər demək olar ki, 14 yaşından bu qədim sənət ocağının daimi tamaşaçısına çevrilir. Teatra vurğunluğu onu 1938-ci ildə Naxçıvan Şəhər Pionerlər Evində yenicə təşkil olunan dram dərnəyinə gətirir.

O zaman bu dərnəyin təşkilatçısı və rəhbəri, Naxçıvan Dövlət  Dram Teatrının aktyoru Miribrahim Həmzəyev bu istiqanlı yeniyetmədə fitri istedadı sezərək ona əvvəlcə əsas rolları, sonrakı tamaşalarda isə baş rolları etibar edir.

Naxçıvan Pedaqoji Məktəbində təhsil aldığı illərdə   həmin dram dərnəyinin fəal üzvü olan Heydər Əliyev burada hazırlanan “Qaralar ölkəsində” (K.Həsənov), “Lənkəran xanı vəzirinin sərgüzəşti” (M.F.Axundov), “On min manatı kim uddu?” (M.S.Ordubadi), “Qanlı döyüş” (İ.Həmzəyev) kimi tamaşalarda oynadığı baş və əsas  rollarla tamaşaçıların, xüsusən də müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanır”.

“Qayıdış” adlı sənədli televiziya filmində möhtərəm Heydər Əliyev deyir: “...14-15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə iştirak etdim.

Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”.       

AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov özünün “Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq haqqında”  kitabında ulu öndərin teatrla bağlı məqamlarından birini belə təsvir edir: “1958-ci ilin əvvəlləri idi. Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspirantı idim. Respublika Mədəniyyət Nazirliyinin xəttilə Naxçıvana ezamiyyətə göndərilmişdim. Naxçıvan Dövlət Dram Teatrının iki tamaşasına... baxdıqdan sonra yaradıcı kollektivlə görüşüb fikirlərimi söylədim... Müzakirədən sonra İbrahim Həmzəyev söhbət zamanı “Vaxtı ilə bizdə yaxşı istedadlar, həvəskarlar vardı...” deyərək, Heydər Əliyevin adını çəkdi və onun nəinki istedadlı bir aktyor, hətta qüvvətli bir teatr nəzəriyyəçisi ola biləcəyini vurğuladı və dedi ki, onda teatra, aktyor sənətinə belə aydın münasibət var idi. Mən ilk dəfə Heydər Əliyevin adını o gün orada, İbrahim Həmzəyevin dilindən eşitdim”.

Ulu Öndərimizin özünün də qeyd etdiyi kimi Naxçıvan Şəhər Pionerlər Evindəki dram dərnəyinin üzvü olduğu illərdə İbrahim Həmzəyevin rejissorluğu ilə hazırlanan tamaşaların bir neçəsində baş rolların ifaçısı olmuşdur. Bunlardan biri də müəllifi Kərəm Həsənov olan “Qaralar ölkəsində” adlı tamaşadakı Kral rolu olmuşdur. Bu tamaşadan sonra,  bir müddət sinif  yoldaşları onu “Kral” deyə çağırırmışlar.

Məhz həmin tamaşadan bir səhnəni əks etdirən fotoşəkil Heydər Əliyevin bu dram dərnəyindəki fəaliyyətini əks etdirən yeganə sənəddir. Lakin böyük təəssüflər olsun ki, hələ Ümummilli Liderimizin sağlığında ilk dəfə olaraq doğma Naxçıvan şəhərində yaradılmış “Heydər Əliyev Muzeyi”ndə, sonralar Bakıda, o cümlədən respublikamızın digər şəhər və rayon mərkəzlərində təşkil olunmuş belə muzeylərdə həmin fotoşəkil tamamilə yanlış məlumatla təqdim olunmaqdadır.

Buna səbəb isə 2005-ci ildə Moskvanın “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görmüş “Görkəmli adamların həyatı” seriyasından, müəllifləri Viktor Andriyanov və Hüseynbala Mirələmov olan “Heydər Əliyev” kitabı olmuşdur. “Görkəmli adamların həyatı (Bioqrafiyalar seriyası)” adlanan kitabların əsası 1890-cı ildə, F.F.Pavlenkov tərəfindən qoyulmuş, lakin Rusiyada sovet hakimiyyətinin ilk illərində nəşri bir qədər səngimiş, daha sonra bir müddət dayandırılmış və nəhayət 1933-cü ildən Maksim Qorkinin təşəbbüsü ilə əsaslı surətdə bərpa edilərək günümüzədək fasiləsiz olaraq davam etməkdədir.

Beləliklə, həmin seriyanın sayca  932-ci – Ümummilli Liderimizə həsr olunmuş nəşrində həmin fotoşəkil “Səməd Vurğunun “Vaqif” pyesi əsasında tələbə tamaşası. Heydər Əliyev solda” yazısı ilə çap olunmuşdur. Məhz həmin yazı da Heydər Əliyev muzeylərində və mərkəzlərində, o cümlədən təşkilat, idarə və  müəssisələrdəki ulu öndərə həsr olunmuş guşələrdə sərgilənən bu fotoşəklin çərçivəsinə həkk olunmuş və olunmaqdadır.

Belə bir absurd məlumatın aradan qaldırılması üçün çox sadə bir arqument var: Heydər Əliyev 1938-ci ilin əvvəlindən 1939-cu ilin ortalarınadək Naxçıvan Şəhər Pionerlər Evindəki dram dərnəyinin üzvü olub. 1939-cu ilin sentyabrından isə o, artıq Bakıda – Azərbaycan Sənaye İnstitutunda, memarlıq-inşaat fakültəsinin I kurs tələbəsi idi.

S.Vurğunun “Vaqif” pyesinin ilk dəfə paytaxtda, Azərbaycan Dövlət Dram Teatrında səhnəyə vəsiqə almasından (5 oktyabr 1938-ci il) təxminən bir il sonra Naxçıvan Dövlət Dram Teatrı bu əsərə müraciət etmişdir. “Pyesin tamaşaya qoyulması üçün Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1939-cu il 10 sentyabr tarixli qərarı ilə Naxçıvan Teatrının hesabına 20000 manat vəsait köçürülmüşdür”.

Məşqlərə sentyabrın 14-də başlanılmış, oktyabrın 19-da yekunlaşmışdır. “Vaqif” dramının tamaşaya qoyulması münasibətilə Səməd Vurğun Naxçıvan Teatrına ünvanlandığı təbrik teleqramında yazmışdı: “Kollektivinizin yaradıcılıq qələbələrini təbrik edir, tamaşada şəxsən iştirak edə bilməyəcəyimdən dərin təəssüf edirəm”.

 Bakıdan dəvət olunmuş rejissor Həsən Əliyevin quruluşunda və  teatrın baş rəssamı Şamil Qazıyevin bədii tərtibatında “Vaqif” tamaşasının premyerası oktyabrın 21-də olmuş və Naxçıvan səhnəsində ilk dəfə Vaqif obrazını İbrahim Həmzəyev ifa etmişdir.

Buradan belə bir nəticə hasil olur ki, “Vaqif” pyesi Naxçıvanda, Dövlət Dram Teatrı tərəfindən 1939-cu il sentyabrın əvvəllərində, yəni kollektiv məzuniyyətdən qayıtdıqdan sonra, yeni mövsüm ərəfəsində əldə edilmişdirsə, bu əsər əsasında bir dram dərnəyində heç bir vəchlə tamaşa hazırlana bilməzdi. Digər tərəfdən, həmin dram dərnəyinin rəhbəri İ.Həmzəyev özü Vaqif obrazı ilə həmin ilin sentyabrında qarşılaşmışsa, bir neçə ay əvvəl bu obrazı Heydər Əliyevə necə həvalə edə bilərdi?

Naxçıvan Şəhər Pionerlər Evindəki dram dərnəyində sonralar da – 1940-50-ci illərdə belə “Vaqif” tamaşaya qoyulmayıb. O cümlədən Hüseyn Cavidin “Şeyx Sənan” pyesi də. Bu əsərin adını qeyd etməyim də təsadüfi deyil. Çünki haqqında söhbət açdığım bu məşhur fotoşəkil “Heydər Əliyev və Hüseyn Cavid” adlı kitabda “Gəncliyində Naxçıvanda bir sıra teatr tamaşalarında rol alan Heydər Əliyev (solda) “Şeyx Sənan” pyesində” alt yazısı ilə təqdim olunmuşdur və Bakıdakı Hüseyn Cavidin Ev-Muzeyində də bu cür nümayiş etdirilməkdədir.

Bu fotoşəkil haqqında ilk dəfə yanlış məlumatı yayan V.Andriyanov və H.Mirələmovun kitabındakı “Səməd Vurğunun “Vaqif” pyesi əsasında tələbə tamaşası. Heydər Əliyev solda” yazısı başqa bir sual doğura bilər – bəlkə o, Vaqif rolunu Bakıda, tələbəlik dövründə ifa edib? Bu sualın da cavabı çox konkretdir:

Əvvəla, ilk dəfə Bakı mühitinə düşmüş, ali məktəb ab-havasına uyğunlaşmağa çalışan bir tələbə-gəncin adaptasiya dövrü bir-neçə ay sürə bilər. İkincisisə, şəkil bizə hər şeyi tam aydınlığı ilə göstərir: 14-15 yaşlı bir yeniyetmə və onun səhnə geyimi – başında tac, belində xəncər! Belə bir geyim nə Vaqifə, nə də Şeyx Sənana uyğun gəlir. Bu obrazların hər ikisi saqqalda olmalıdır. Şəkildə isə saqqal yox, parik görürük.  Tac və xəncər isə yüksək rütbəli, hakim bir obrazdan xəbər verir ki, bu da Kraldır – Qaralar ölkəsinin Kralı.

Həm də birinci kursun sonlarında Heydər Əliyevin artıq 17 yaşı var idi. Bir məqamı da xatırladım ki, 1937-ci ildən H.Cavidin bütün əsərlərinin dərci, kitablarının nəşri, tamaşalarının oynanılması qadağan olunduğu bir dövrdə hansı “Şeyx Sənan”dan söhbət gedə bilər?

Azərbaycan Sənaye İnstitutuna daxil olan Heydər Əliyev teatr aləmindən ayrı düşməsi ilə barışa bilmir və imkan tapdıqca tələbə dostları ilə birgə Azərbaycan Dövlət Dram Teatrında bir neçə tamaşaya baxa bilir. Artıq ikinci kursda isə səhnəyə maraq göstərən istedadlı tələbələri bir yerə toplayaraq institutda dram dərnəyi yaradılmasına nail olur. Demək olar ki, məhz bu dram dərnəyindəki fəaliyyəti gənc Heydər Əliyevin təşkilatçılıq və rəhbərlik keyfiyyətlərini ilk dəfə üzə çıxarır.

Həmin dram dərnəyində V.Şekspirin “Hamlet” faciəsindən bir pərdə hazırlanır və baş rolu Heydər Əliyev özü ifa edir. Bu səhnəcik və Hamlet obrazı, xüsusən də onun monoloqu müəllim və tələbələr tərəfindən rəğbətlə qarşılanır. Məhz Hamleti Bakıda – tələbəlik illərində ifa etməsi barədə Ümummilli Liderimiz 2002-ci ilin dekabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulan “Hamlet”in premyerasından sonra yaradıcı heyətlə səhnədəki görüşü zamanı söhbət açmışdı.

1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması səbəbindən ali təhsilli memar olmaq arzusu ilə vidalaşmalı olan Heydər Əliyev müharibənin ilk aylarından  Naxçıvanda müxtəlif  dövlət idarə və təşkilatlarında məsul vəzifələrdə işlədiyi dövrdə də – 40-cı illərin sonunadək vaxtaşırı imkan tapıb Naxçıvan Dövlət Dram Teatrının yeni quruluşlarının premyeralarında iştirak edər, öz sevimli sənət müəllimi İ.Həmzəyevlə, teatrın rejissorları, rəssamları və aktyorları ilə görüşər, onlarla söhbətdən özünün qeyd etdiyi kimi “xüsusi zövq” alardı.

ƏLƏKBƏR QASIMOV

                                             AMEA Naxçıvan Bölməsi, İncəsənət,

                                    Dil və Ədəbiyyat İnstitutunun elmi katibi,

                                            sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,

                                           Azərbaycan Teatr Xadimləri İttifaqının və

                 Jurnalistlər Birliyinin üzvü

Nəşr edilib : 14.11.2023 16:01