AZ EN RU

Bir əsrlik muxtariyyətin 95 yaşlı yallı kollektivi

Xalqımızın birliyi, həmrəyliyi deyəndə ilk olaraq gözlərimiz önündə Gəmiqayadakı, Qobustandakı qayaüstü təsvirlə canlanır. Bu da təbiidir, Qavaldaşının ritmləri ilə insanların ayaq ritm sədaları min illərdir qəlb döyüntüsü kimi ruhumuza sığal çəkir. Hələ ibtidai insanların formalaşdığı bir vaxtdan yallı meydana gəlmiş və günümüzə kimi qorunub saxlanılmışdır. Əcdadlarımız zurna və nağaranın müşayiəti ilə çiyin-çiyinə halay çəkib məclisləri cuşa gətirən ayaq ritmləri ilə tarix salnaməmizə öz möhürünü vurmuşdur.

Bəli, Nuhun yurdu ulu Naxçıvan təkcə daşlaşan tarix yaddaşı Gəmiqaya, yeraltı və yerüstü sərvətləri, tarixi şəxsiyyətləri, memarlıq abidələri ilə deyil, həm də ən qədim folklor nümunələrimiz, xüsusən də yallıları ilə məşhurdur. Bu əzəmətli rəqs növü ilkin formasından odun, ocağın ətrafında dövrə halında oynanılır və hətta tədqiqatçı alimlərin fikrincə Günəşi də simvolizə edirdi. Yallının beşiyi sayılan Şərur elində sıra dağlar kimi sədd halında düzülən insanlar indi də ən xoş günlərində bərabərliklərini bu cür ehtiva edirlər. Bir növ bu düzülüş qaydası elimizə göz dikən yağı düşmənə qarşı gözdağı rolunu oynayıb. “Kitabi-Dədə Qorqud” boylarında Oğuz ellərinin həyat tərzi sözlə, fikirlə çatdırılıbsa, yallılarda qara zurna sədaları ilə kollektiv rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Qədim elin insanları illərdir ki, “Nurani”sindən, “Gənclər yallısı”na, bundan da “Şərur qönçələri”nə kimi müxtəlif yaş hədlərində yaradılmış yallı ansamblları ilə ayrı-ayrılıqda bu qədim ənənəvi mirası yaşadırlar. Elə buradaca onu vurğulamağa dəyər ki, yallı sovet dönəmində dünyanın bir sıra ölkələrində Azərbaycan incəsənətinin bu əbədiyaşar növünü nümayiş etdirərək yüksək mükafatlar alıb.

Mütəxəssislərin fikrincə, Şərurda 100-dən artıq yallı növü mövcuddur. Keçmişdən bu günə kimi o qiymətli sənət incilərinin bir çoxunu bölgə sakinləri el məclislərində, mərasimlərdə, toy-düyünlərdə yaşadaraq bu günümüzə kimi gətirib çıxara bilmişlər. Zaman-zaman böyük şəxsiyyətlər, görkəmli sənət adamları Şərur elini yallıların beşiyi adlandırıblar...

...Dahi bəstəkar Üzeyir Hacıbəylinin SSRİ Ali Sovetinə bu rayondan deputatlığa namizədliyi irəli sürülmüşdü. Onun seçiciləri ilə görüşə gəlməsi zamanı konsert proqramı təşkil edilir. Yallı bəstəkarın çox xoşuna gəlir. Elə konsert zamanı dahi bəstəkar Şərur yallılarına yüksək qiymət verərək deyir: “Azərbaycanda da yallılar var, amma yallı Şərurda doğulub. Yallının məkanı Şərurdur”.

Haşiyə. Bir neçə il əvvəl Bakı şəhərində yaşayan şərurlu həmkarlarımızdan birinin övladının toy ziyafətində iştirak edirdik. Öncə onu deyim ki, salona girəndə özümüzü Naxçıvanda hiss etdik. Belə ki, hər şey Naxçıvan toylarında gördüyümüz kimi idi. Təbii ki, ziyafətə dəvət olunanların da böyük əksəriyyəti naxçıvanlılar idi.

Bir qədər sonra elan olunan Şərur yallısı ilə bütün diqqət rəqs üçün ayrılmış meydançaya yönəldi. Təəssüf ki, yer azlıq edirdi. Ən böyük birlik, həmrəylik, cəngavərlik rəmzi olan yallını sanki yenidən kəşf etdik...

“Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub saxlayın. Bu Naxçıvanın tacıdır”. Bu sözləri ölkəmizə rəhbərliyi dövründə – ötən əsrin 70-ci illərində Bakı şəhərində keçirilən “Naxçıvan mədəniyyəti günləri”ndə iştirak edən “Şərur yallısı”nın çıxışından sonra Ulu Öndər ansambl üzvləri ilə görüşündə deyib.

Ümummilli Liderimizin tövsiyyəsinə sədaqətin və ehtiramın ifadəsidir ki, yallı sənətinin inkişafı sahəsində uğurlu addımlar atılıb, yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub.

“Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərdə Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2019-cu ilin 21 dekabrında “Şərur yallılarının reyesteri”nə daxil edilməsi nəzərdə tutulan yallılara dair məlumatlar haqqında qəbul olunan Qərara əsasən “Köçəri”, “Göyçəməni”, “Tənzərə”, “Baharı”, “Xələfi”, “Qaleyi”, “Nareyi”, “Xəlili”, “Bəndil”, “Gilani” və sair yallıların da adları “Şərur reyesteri”də özünə yer alıb.

Bu yazını qələmə alarkən jurnalist Sara Əzimovanın “Sarı gəlin” yallısı haqqında “Azərbaycan” qəzetinin 2012-ci il avqust ayının 26-da dərc olunmuş məqaləsini xatırladım. Müəllifin bu yallı ilə bağlı dedikləri çox maraqlıdır. S. Əzimova “Nurani” ansamblının üzvlərindən biri olan Azərbaycan Respublikasının Əməkdar artisti Kamal Babayevin adıçəkilən yallı ilə bağlı dediklərini qələmə alıb yazır: “Şərur rayonunun Tənənəm kəndində yaşamış zurnaçalan İsa Allahverdiyevdən “Sarı gəlin” yallısının adını çox eşitmişdim. O deyirdi ki, ötən əsrin 30-cu illərində Moskvada festival keçirilirdi. Həmin festivalda Həsən bəy adlı bir nəfərin rəhbərliyi ilə “Şərur” xalq yallı ansamblı “Sarı gəlin” yallısını ifa etmişdi. O zaman bu yallı böyük əks-sədaya səbəb oldu, onu ayaq üstə alqışladılar”. Onu da qeyd etmək lazımdır ki, bu yallı eyniadlı xalq mahnımız əsasında yaradılıb. Xalq təfəkkürünün məhsulu olan “Sarı gəlin” yallısı barədə xalqın yaddaşında yaşayan bilgilər var. Amma təbii ki, bunun elmi cəhətdən araşdırılmasına da böyük ehtiyac duyulur. Ən önəmli və etibarlı mənbə isə elə xalqın özüdür. Xalq heç bir musiqi təhsili almadan bu yallını yaradıb, nəsildən-nəslə ötürüb. Gəlin bunu unutmayaq: Naxçıvanın incisi sayılan yallı bizim qanımızdan, milli kökümüzdən gəlir. İmkan verməməliyik ki, nə zamanın keşməkeşləri, nə də ki, müasirləşmə, yeniləşmə yallılarımızı unutdursun! Onları göz bəbəyi kimi qorumalıyıq!

Son söz yerinə. “Şərq qapısı” qəzeti olaraq bir əsr yaşını böyük təntənə ilə qeyd edən muxtar diyarımızın 95 yaşlı rəqs kollektivini ürəkdən təbrik edirik.

                                                                Aidə İBRAHİMOVA

 

Nəşr edilib : 25.03.2024 11:00