AZ EN RU

Bir əsrlik muxtariyyətin 87 yaşlı şahidi

Üzeyir bəyin yadigarı

Üzeyir Hacıbəylinin Naxçıvanda musiqi məktəbinə fortepiano hədiyyə etdiyini bilirdinizmi? “Şərq qapısı” qəzetinin əməkdaşı Nail Əsgərov 100 yaşlı muxtar respublikanın 87 ilinin şahidi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin böyük təşəbbüsü ilə 1937-ci ildə yaradılan, açıldığı ildə “Berlin” markalı fortepiano hədiyyə etdiyi Naxçıvanın ilk musiqi məktəbi barədə araşdırma aparıb.

    Bir əsrlik möhtəşəm tarixi inkişaf salnaməsi yazan Naxçıvan Muxtar Respublikası. Hər sətri qəhrəmanlıq, şücaət, mübarizliklə dolu bu salnaməni vərəqlədikcə təhsil, mədəniyyət, iqtisadiyyat, turizm, bir sözlə, bütün sahələr üzrə töhfələr, bəhrələr çıxır qarşımıza. Musiqi mədəniyyəti xəzinəmizə dəyərli incilər bəxş edən Naxçıvanın ilk musiqi məktəbi də qürur, fəxr xitabətimiz kimi yer alıbdır bu sırada. 1937 və 1946-cı illərdə Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilən dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbindən gedir söhbət...
    Ötən günlərdə tanınmış bəstəkar Məmməd Məmmədovun adını daşıyan həmin musiqi məktəbi ilə tanışlıq zamanı öyrənirik ki, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri Cəfərovun 1937-ci il 23 avqust tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasında musiqi məktəblərinin açılmasına başlanılıb. Bu prosesdə Üzeyir Hacıbəyli müstəsna xidmətlər göstərib. Belə ki, Bakıdan sonra məhz Naxçıvanda musiqi məktəblərinin açılması Üzeyir Hacıbəyli tərəfindən bir neçə səbəbə görə bəyənilib və tövsiyə edilib. İlk növbədə, muxtar respublikanın paytaxtı kimi Naxçıvan şəhəri bu işdə müstəsna hüquqi səlahiyyətlərə malik idi. Bundan əlavə, yerli əhalinin elmə, mədəniyyətə marağı və ərazi etibarilə şəhərə bitişik kəndlərdə əhalinin sayı və tərkibi, ümumtəhsil məktəbləri, klub, mədəniyyət evləri və digər mədəniyyət müəssisələrinin ümumi sayı məktəbin uğurla fəaliyyət göstərəcəyinin əsası, təminatçısı kimi şərtləndirilib. Bununla yanaşı, digər vacib nüanslar kimi, Naxçıvanın mütəfəkkirlər diyarı olması, Zülfüqar Hacıbəyovun vaxtilə burada yaşayıb-yaratması və musiqi mühiti ilə Üzeyir Hacıbəylini tanış etməsi, poeziyamızın həmişəbahar gülü Hüseyn Cavidlə Üzeyir bəyin qardaşlıqdan seçilməyən yaxınlığı, Cəlil Məmmədquluzadə ilə yaradıcılıq əlaqələrinin olmasını və digər məqamları göstərmək olar. Deyilənlərə əlavə olaraq Üzeyir Hacıbəylinin 1937-ci ildə Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilməsi bu işin həllində mühüm amil rolunu oynadı. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, 1937-ci ildə Naxçıvandan SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülən görkəmli bəstəkar seçicilərlə görüşmək üçün Naxçıvana gəlir və həmin uşaq musiqi məktəbinə “Berlin” markalı fortepiano hədiyyə edir. 2018-ci ildə yenidən təmir olunan musiqi aləti hazırda kollektiv tərəfindən dəyərli miras kimi qorunub saxlanılır... 
    2017-2021-ci illərdə məktəbin direktoru işləmiş, 28 illik pedaqoji fəaliyyətə malik Ramin Hacıyev deyir ki, əvvəllər musiqi məktəbində çalışmış bir sıra mədəniyyət xadimləri ilə söhbətlərimiz çox olub, bu mədəniyyət ocağının tarixi inkişaf yolu barədə maraqlı faktlar əldə etmişik. Bu baxımdan qeyd edə bilərik ki, Naxçıvanda ilk musiqi məktəbi yarandığı gündən ixtisaslı kadrların çatışmaması rəhbərlərin tez-tez dəyişməsinə səbəb olub. İlk vaxtlar məktəbə qeyri-ixtisaslı kadrlar, əsasən, İncəsənət İşləri İdarəsinin təlimatçıları rəhbərlik ediblər. Hüseyn Baqidən sonra məktəbə hərbi komissar kimi tanınan Əsgər Əhmədov direktor təyin olunub. 1939-cu ildə məktəbə İncəsənət İşləri İdarəsinin rəisi İsmayıl Sailov, həmin ildən 1941-ci ilədək Məmməd Ələkbərov, 1943-1944-cü illərdə Siddiqə Abbasova, 1945-1946-cı illərdə isə Məmməd Cavadov rəhbərlik ediblər. Bundan əlavə, Məmməd Cavadov 1942, 1945-1950-ci illərdə tədris hissə müdiri vəzifəsini uğurla yerinə yetirib. Musiqi məktəbinə qısa müddət rəhbərlik edən Hüseyn Baqini 1939-cu ildə əvəz edən ixtisasca kamança müəllimi olan Məmməd Ələkbərov müəllim kontingentinin ixtisaslı kadrlarla təmin olunmasına ciddi diqqət göstərib. Bu işdə Üzeyir Hacıbəyli Məmməd müəllimə köməklik edərək öz tələbələrindən bir neçəsinin işləmək üçün məktəbə göndərilməsinə nail olub və beləliklə, Naxçıvanın ilk musiqi məktəbində müəllim kollektivinin yeni ixtisaslı kadrlarla təmini işində ilkin uğurlu addımlar atılıb. Belə ixtisaslı müəllimlərdən Hüseyn Sadıxov (tar), Rəhim Babayev (kamança) və Olqa Nikolskayanı (fortepiano) göstərmək olar. Məmməd Ələkbərov kiçik müəllim kollektivi ilə böyük uğurlara imza atıb. Musiqi məktəbinin ilk müdavimlərindən bir çoxu musiqi təhsilini davam etdirərək bu sənətin görkəmli ustadları kimi Naxçıvan musiqi mədəniyyəti tarixində silinməz iz qoyublar. Həmin sənətkarlardan Nəriman Məmmədov (tar), Kamil Abdullayev (tar), Ənvər Kəngərli (kamança) və başqalarının adını nümunə çəkə bilərik. Digərlərinin isə müxtəlif sənət sahibləri olmasına baxmayaraq, bir ziyalı kimi formalaşmasında aldıqları musiqi tǝhsilinin əsaslı təsiri olduğunu deyə bilərik: Yavuz Axundov (tar), Mehdi Sultanov (skripka), İradə Mirişli (skripka), Fikrət Qasımov (tar), Cəmil Təhməzbəyov (tar), Nadir Təhməzbəyov (skripka) və Rəhim Rəhimov (fortepiano)...
    Ramin müəllim deyir ki, Naxçıvanda ilk musiqi məktəbinin yaradılmasından bir neçə il sonra 1943-cü ildə Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi rəisinin əmri ilə məktəbə göndərilən müəllimlərdən Məmməd Cavadovun pedaqoji fəaliyyəti təqdirəlayiqdir. Məmməd müəllim direktor, dərs hissə müdiri vəzifələri ilə yanaşı, musiqi məktəbində nəfəs alətləri şöbəsinin, orkestr və xor kollektivlərinin yaradılması, onlara başçılıq etməsi, caz orkestrinə kadrlar hazırlanmasında xeyli səmərəli, yaddaqalan, uzun illər müxtəlif nəslin nümayəndələrinin bəhrəsini gördüyü işləri aparıb. Məmməd Cavadov musiqi məktəbi ilə yanaşı, Naxçıvan teatrında da səmərəli fəaliyyət göstərib. Gənc bəstəkar teatrda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarına, “Arşın mal alan” musiqili komediyasına uğurla dirijorluq etməklə bərabər musiqi məktəbində nəzəriyyə sinfində, klarnet ixtisası üzrə dərs keçərək gənc musiqiçilərin sənətə dərindən yiyələnməsi üçün əlindən gələni əsirgəmirdi. Məmməd müəllimin yaradıcılığının dəyərli məhsulu kimi illər boyu dillər əzbərinə çevrilən “Barı Naxçıvan” mahnısının yaranmasını da xüsusi vurğulamaq olar. Bəstəkar Naxçıvanda musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1944-cü ildə Naxçıvan MSSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib... 
    Müsahibimiz vurğulayır ki, məktəbin müəllimi olmuş Rəşid Məmmədov Naxçıvan musiqi təhsilində apardığı quruculuq fəaliyyəti ilə də yadda qalıb. O, 1964-cü ildən başlayaraq rayon mərkəzlərində musiqi məktəblərinin açılması məsələsini gündəmə gətirib. İlk növbədə, rayon mərkəzlərində Naxçıvan musiqi məktəbinin filialını yaradıb, sonra isə həmin məktəblərin müstəqil məktəbə çevrilməsinə nail olub. Beləliklə, 1965-ci ildə Ordubad rayon musiqi məktəbi, 1967-ci ildə Culfa rayon musiqi məktəbi, 1968-ci ildə Bəhruz Kəngərli adına Şərur Rayon Uşaq İncəsənət Məktəbi, 1969-cu ildə Şahbuz rayon uşaq musiqi məktəbi yaradılıb. Rəşid Məmmədovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 1967-ci və 1974-cü ildə Naxçıvan Ali Sovetinin Fəxri fərmanına, 1973-cü ildə Naxçıvan MSSR-in Əməkdar mədəniyyət işçisi adına, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına, 2006-cı ildə isə Prezident mükafatına layiq görülüb. 
    1969-cu ildən ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib, mədəniyyət sahəsində yüksək səviyyəli kadrların hazırlanması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Həmin illərdən başlayaraq şəhər, qəsəbə və kəndlərdə bir-birinin ardınca sistemli şəkildə mədəniyyət müəssisələri açılıb və xalqın istifadəsinə verilib. 1970-ci illərdə 1 nömrəli musiqi məktəbinə Tapdıq Bağırov başçılıq edib. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmə təsadüf edən həmin dövrdə hər yerdə olduğu kimi, 1 nömrəli uşaq musiqi məktəbində də yaradıcılıq işləri geniş vüsət alıb. Dövrün tələblərinə uyğun olaraq Avropa musiqi alətlərinin tədrisində və şöbələrdə şagird kontingentinin artırılmasında əsaslı dönüş yaradılıb. Bu da qısa müddət ərzində musiqi məktəbləri önündə bu ixtisaslar (fortepiano, skripka) üzrə yeni müəllim kadrları ilə təminat baxımından geniş üfüqlər açıb...
    Qırx ildən artıqdır, bu məktəbdə çalışan müəllimlərdən Mahirə Zülfiqarova, Nailə Məmmədova və Zəhra Axundova deyirlər ki, görkəmli bəstəkar və musiqiçilərdən Nəriman Məmmədov, Ramiz Mirişli, Yaşar Səfərov, Kamal Əhmədov, Nazim Kazımov, Adıgözəl Əliyev, Əkrəm Məmmədli, Xalq artisti İlqar Muradov və başqaları 1 nömrəli uşaq musiqi məktəbində təhsil alıblar. Şagirdin uğur qazanmasında, şübhəsiz, müəllim zəhmətinin rolu mühümdür. Bu baxımdan o dövrdə musiqi məktəbində dərs deyən Səfər Rəcəbli, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Vahid Axundov, Yusif Əliyev, Azər Abbasov, Məmməd Məmmədov və başqa peşəkar pedaqoqların əməyi danılmazdır. Təsadüfi deyil ki, məhz həmin illərdə məktəbin şagirdləri ölkə səviyyəli konsert proqramlarında, bayram tədbirlərində uğurlu çıxışlar ediblər. Sonrakı illərdə isə ayrı-ayrı ixtisaslar üzrə pedaqoji fəaliyyətlə də məşğul olub, gənc kadrların yetişdirilməsinə, bütövlükdə, Azərbaycan musiqisinin inkişafına öz töhfələrini veriblər. Məktəbin adını daşıdığı Məmməd Məmmədov həm məzunu olduğu, həm də çalışdığı 1 nömrəli uşaq musiqi məktəbində truba və akkordeon siniflərinin açılmasının təşəbbüskarı olub...
    Musiqi məktəbinin direktor əvəzi, 27 illik pedaqoji təcrübəyə malik Nurlana Rəsulova mədəniyyət ocağının bugünkü dövrü barədə məlumat verərək qeyd edir ki, hazırda burada fortepiano, xalq çalğı alətləri, simli, nəfəsli alətlər və nəzəri fənlər olmaqla, 4 şöbə fəaliyyət göstərir. Altısı xalq çalğı alətləri, dördü simli, nəfəsli alətlər və biri fortepiano olmaqla, 11 ixtisas üzrə tədris aparılır. Məktəbə üz tutan 9-12 yaşlı uşaqlar tar, kamança, qanun, qarmon, nağara, skripka, vokal, fleyta və digər musiqi alətlərinin, ixtisasların sirlərinə yiyələnir, nəzəriyyə dərslərində dünyanın tanınmış bəstəkarları, musiqişünasları barədə zəngin biliklər qazanırlar. Bu gün mədəniyyət ocağında 241 şagirdin musiqi təhsilinin artırılması üçün geniş təcrübəyə malik 60 müəllim çalışır. Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin bir neçəsi məhz vaxtilə bu mədəniyyət müəssisəsindən məzun olub və indi yeni musiqiçi nəsillərin yetişməsi üçün çiyin-çiyinə səylə çalışırlar. Mədəniyyət ocağında il ərzində əlamətdar günlərlə bağlı tədbirlər keçirilir, məktəbin şagirdləri müxtəlif konsertlərdə, musiqi festivallarında uğurlu çıxışlar edir, diplom və Fəxri fərmanlarla təltif olunurlar... 
    Apardığımız müşahidələr, etdiyimiz söhbətlər belə deməyə əsas verir ki, Üzeyir bəyin yadigarı, muxtariyyətin qiymətli mədəniyyət töhfəsi olan 1 nömrəli uşaq musiqi məktəbi bu gün də öz nümunəvi fəaliyyəti ilə sayılıb-seçilir. Şuşanın musiqi sənətinin rəmzi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin mədəniyyət ocağına hədiyyə etdiyi fortepianonu ən əziz yadigar, dəyərli xatirə olaraq göz bəbəyi kimi qoruyan kollektiv həm də tarixi irsimizin mühafizəsi, klassik, xalq, Avropa musiqisinin uşaq və yeniyetmələrə aşılanması yolunda var qüvvəsi ilə çalışır. 87 yaşlı qocaman musiqi ocağının ziyasında yeni-yeni bəstəkarların, musiqişünasların yetişməsi, incəsənət məbədinin adının hər zaman belə fəxrlə, qürurla çəkilməsi diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 05.02.2024 14:59