AZ EN RU

Bir əsrdə var olanlardan olmaq

    Əziz Naxçıvan, artıq sənin 100 yaşın tamam olur. Artıq muxtar respublika olaraq bir əsri geridə qoydun... Bəzən öz-özümə düşünürəm, axı sən niyə bu qədər əziz, doğmasan mənim üçün? Axı sən nədən hər xatirəmdə, anımda varsan? Axı nədən mən bu qədər sevincliyəm muxtariyyət sözünün qarşısında 100 rəqəmini görəndə? Bu suallar beynimdə dolananda, heç özüm də fərqinə varmadan yüzlərlə cavabla qarşı-qarşıya durmuş görürəm özümü. Sən, əslində, mənim danışmağa bəzən həsrət qaldığım dilimsən, dilimdə dolaşan zarafatım, şən sözümsən, həyəcanlı duyğularım, adını eşitdiyimdə qəhərlənən səsimsən... Yadıma düşəndə gözlərimin önündən getməyən uca dağlar, çiçəkli dərələr, səsi qulaqlarımdan getməyən gur çaylarsan... Sən, əslində, qızmar yay günündə içilən bir stəkan buz kimi suyun qəlblərə fərahlıq verən lətafətisən, soyuq qış günüdə isti təndir kənarında yediyim təndir kökələrinin ruzi-bərəkəti, ucalığına, müqəddəsliyinə əlim çatmayan, ancaq hər gün toxuna biləcək qədər yaxın olduğumsan. 
    Qəhrəman Vətənin nəqşicahanı, səni düşündükcə, bu sətirləri yazdıqca gözlərimi dolduran, amma axmayan damlalarsan, boğazımda düyünlənən, ancaq dilə gətirilməyə fürsəti olmayan sözlərsən... Sən yaşlanırsan və sən yaşlandıqca mən daha çox sevinirəm, çünki sanki arxamda mənə dayaq olan əl daha da möhkəmlənir, sən yaş aldıqca sanki köksündə ucalan çinarların kökləri daha da dərinlərə gedir, kölgəsində uzandığım ağaclar daha çox bar gətirir, zirvəsinə çatmağa tələsdiyim dağlar daha əzəmətli olur, sıldırım qayalarının ətəkləri, yamacları daha da vüqarla dayanır. Sən yaş aldıqca sanki hər şey gəncləşir, rəngarəngləşir, yenilənir... Və biz – sənin yaşlanmağına sevinənlər – sənə baxdıqca gücümüz yetdiyi səslə “100 yaşın mübarək!” – deyirik... Ürəyimiz dolu, sözlərimiz qəhərli, amma gözlərimiz sevincdən parlayaraq “Sən daha çox yaşa”, – deyirik... Sən çox yaşa, biz isə əsrlərə bərabər yaşı olan Naxçıvanın günü-gündən yaş alaraq gəncləşməsinə sevinək, həm də gözləri dola-dola...

Nəşr edilib : 28.02.2024 11:00