AZ EN RU

Bir çox xəstəliklərin dərmanı

    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na əsasən qədim diyarımızda əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi əsas məqsəd kimi nəzərdə tutulub. 
    Muxtar respublikamızın münbit torpaqları, əlverişli iqlim şəraiti meyvə bağlarının salınmasına və inkişafına geniş imkanlar yaradıb. Bu imkanlardan səmərəli istifadə edərək torpaq mülkiyyətçiləri, ailə təsərrüfatçıları, sahibkarlar hər il bağ sahələrini genişləndirir, əsasən, yerli meyvə sortlarına üstünlük verirlər. Belə meyvə sortlarından biri də heyvadır. 

    Biz də bu qiymətli meyvənin becərilməsi, faydaları haqqında ətraflı məlumat almaq üçün Babək rayonunun Zeynəddin kəndində heyva yetişdirən, illərdir, bu işlə məşğul olan torpaq mülkiyyətçisi, Zeynəddin kənd tam orta məktəbinin müəllimi Raiq İsmayılovla görüşmək qərarına gəldik. Yay-qış demədən öz halal zəhməti ilə çalışan müsahibimizlə elə öz bağında həmsöhbət olduq, ona bir neçə sualla müraciət etdik. Bildirdi ki, heyva ağacının vaxtında məhsul verməsinə nail olmaq ağaclara göstərilən qayğıdan asılıdır: – Heyva tingini əldə etmək üçün heyva dənələrini balaca dibçəklərə əkir, onların böyüməsini gözləyirik. Cücərib boy atandan sonra onlar bağlara ting kimi əkilir. İlin 2 fəslində – yaz və payızda calaq edirik. Yaz aylarında budama işlərini hər ağacda apardığımız kimi, heyva ağaclarında da görürük. Çünki bu aqrotexniki tədbir həyata keçirilən ağacların meyvələri daha böyük olur. Budadıqdan sonra müəyyən miqdarda diblərinə gübrə verərək suvarma işləri aparırıq. Heyva ağacında olan ziyanvericiləri məhv etmək üçün dibləri əhənglə ağardılaraq qorunur. Yaz aylarında isə dərmanlama işləri aparılır ki, meyvəyə ziyanverən bütün xəstəliklər aradan qaldırılsın. Payız aylarında uzunömürlü meyvələr sırasına daxil olan heyva səbətlərə yığılaraq yaza qədər saxlanıla bilir. Müsahibimiz heyvanın insan orqanizminə faydalarından da danışır: – Heyva bir meyvə kimi insan orqanizminə faydalıdır, eyni zamanda bir çox xəstəliklərin dərmanıdır. Mövsümi xəstəliklər zamanı immun sistemini gücləndirərək xəstəlik riskini azaldır, A və B vitaminləri ilə xəstələrə şəfa olur. Bu ağacın meyvəsi ilə yanaşı, yarpaqları da dəmlənərək çay kimi istifadə edilir. Qadınlar ev şəraitində heyvanın tumundan kosmetoloji vasitə kimi də yararlana bilərlər. Qışa tədarük görən hər ailə bu meyvənin mürəbbəsini və kompotunu hazırlayır. Mürəbbəsinin də müalicəvi əhəmiyyəti var. Ürək xəstəlikləri riskini azaldır. Həzmin pozulmasının qarşısını alır, ürəkbulanmanı aradan qaldırır. Azərbaycan mətbəxində heyvadan dadına doya bilməyəcəyimiz çeşidli yeməklər də hazırlanır.
    Raiq İsmayılov deyir ki, min bir dərdə dərman olan heyva meyvəsindən əldə etdiyimiz gəliri ailə büdcəsinə daxil edirik. Muxtar respublikada ailə təsərrüfatçılarına hərtərəfli şəraitin yaradılması həyatını torpağa, halal zəhmətə bağlamış insanların yaxşı qazanc əldə etməsinə hesablanılıb. Bunun nəticəsində bərəkətli torpaqlarımızda ildən-ilə məhsuldarlıq artır və qazanc əldə olunur. Bu il də kifayət qədər məhsul əldə etmişik. Məqsədimiz daha çox məhsul yetişdirməkdir.

Bülbül QULİYEVA

Nəşr edilib : 15.11.2022 19:46