AZ EN RU

Bir bulaq, bir şəlalə – Gurbulaq

    Hər damlası qayalara çırpılıb toz kimi ələnən Gurbulaq şəlaləsi bu günlərdə Şahbuzun cənnət guşəsi Kükü kəndinə gəlmiş qonaqların və turistləri buraya çəkən əsas cazibə elementlərindəndir. Yamyaşıl çəmənlikləri, ecazkar mənzərəli qayalıqları, zəngin biomüxtəlifliyi ilə təkcə ölkəmizin deyil, bütün Cənubi Qafqazın unikal məkanlarından olan Dərələyəz silsiləsinin cənub yamacı Dərəboğazı təbiət gözəli ağ şəlalə ilə süsləndikcə Naxçıvana bəxş edilmiş gözəlliklərə heyran qalmamaq olmur. 
    Gurbulaq şəlaləsi, bəlkə də, milyon illərdir, yorulmadan bütün Naxçıvançay yatağında yaşayan canlıların təmiz su qaynağı olan eyniadlı bulağın gözündən, təxminən, 150 metr aşağıda kükrəyərək Araza tələsir. Bu bulaq Naxçıvanda Arazla qovuşan beş böyük çaydan biri Naxçıvançayın ən böyük qolu olan Küküçayın əsas mənbəyi, ilboyu eyni həcmdə, dəqiqədə, təxminən, 2500 litr su sərfiyyatı ilə bir təbiət möcüzəsi kimi hər kəsi təəccübləndirir. Gurbulaq tarixi Azərbaycan əraziləri Göyçə mahalından Araz qırağınadək olan bütün torpaqların həm coğrafi, həm də geoloji bir bütün kimi bir yerdə olması gərəkliyini sübut edən təbiət abidəsi, eyni zamanda ta qədimdən bu yana burada məskən salmış insanların yaddaşında yaşanan saf nemətdir. 
    Təkcə Kükünün Gurbulaq şəlaləsi və onun ətrafı deyil, Şahbuz rayonunun bütün dağlıq əraziləri kənd-yaşıl turizmi və ekoturizm üçün əlverişli məkanlardan biridir. Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı istiqamətlərində həyata keçirilən işlər, o cümlədən daxili turizmin təşviq olunması yerli əhalinin də bu gəlirli sahəyə olan marağını artırıb. Artıq Küküdə və Naxçıvançay vadisindəki dağ kəndlərində qonaqların rahat istirahəti və asudə vaxtlarının mənalı keçirmələri üçün müxtəlif kotteclərin inşasına, villatipli evlərin turistlərə kirayə verilməsinə başlanılıb. Bu da, öz növbəsində, əhali gəlirlərinin artmasına və sosial-mədəni infrastrukturun yenilənməsinə səbəb olur. Daxili turizm, xüsusən kəndli gənclərin öz yaşadığı yerdə məşğulluğunu təmin etməklə davamlı məskunlaşmaya da müsbət təsir edir. Bütün bunları qiymətləndirən muxtar respublika dövlət orqanları isə turizmə daha da dəstək olmaq üçün müxtəlif iri infrastruktur tədbirləri həyata keçirir, bu sahədəki fəallığı artırmağa çalışırlar. Gurbulaq istiqamətində bu ilin yazından başlayaraq çəkilən yollar və ərazi planlaşdırılması gələcəkdə Gurbulaq şəlaləsinin daha da axımlı bir turizm destinasiyasına çevriləcəyindən xəbər verir. Xüsusən həftə sonları hər gün yüzə yaxın səyahətçinin bu ərazilərə maraq göstərməsi bunu deməyə əsas verir. Gurbulaqda olarkən aldığımız məlumatda bildirildi ki, artan tələbata əsasən verilmiş tapşırıqların icrasına uyğun olaraq Kükü kəndindən şəlaləyə qədər yolun 5 kilometr hissəsində 17 min 500 kubmetr torpaq işləri görülmüş, yol yatağı genişləndirilmiş, yolun eni 6-7 metrə çatdırılmış, yola narın çınqıl döşənmişdir. Mürəkkəb relyef, yağıntının miqdarı və qar qalınlığı nəzərə alınaraq yolboyunca 14 yerdə su keçidləri quraşdırılmışdır. Əvvəllər yalnız xüsusi avtomobillərlə keçilən yolu qısa müddətdə bütün növ avtomobillərlə getmək mümkündür. Şəlalənin ətəyindəki geniş ərazidə isə gələcəkdə turistlərin tələbatlarına uyğun olaraq hər cür sosial-mədəni şəraitin yaradılması planlaşdırılır. Artıq bir bulaq, bir şəlalə sorağına Kükü kəndinə gələn qonaqlar burada müasir bir turizm kompleksi ilə də tanış olacaqlar. 

 Əli CABBAROV

Nəşr edilib : 10.07.2023 21:47