AZ EN RU

Bir bahar gününün düşüncələri

Qoca Şərqin qapısında vüqarla, əzəmətlə, məğrurluqla dayanan, günü-gündən cavanlaşan, qədim Naxçıvanım! Nuhun izləri yaşayan diyar! Böyük Mirzə Cəlilin, Hüseyn Cavidin ana Vətəni! Beşminillik şəhər mədəniyyətinə malik olan ulu yurd yerim. Görkəmli dövlət xadimi Heydər Əliyevi dünyaya bəxş edən müqəddəs məmləkət! Səndə tarixlərin çox nişanı var. Sənin dünəninə boylanıram, bu gününə baxıram, sabahını görürəm. Yaşadığın şanlı tarix bu gün böyük sevgi və ehtiramla yad edilir, yaşadılır. Bu tarixin bir-birindən zəngin səhifələri qəhrəmanlıqlarla doludur. Bu gün isə özünün yeni dövrünü yaşayırsan, doğma məmləkətim. Sevinirik ki, gözəllik sənin yolyoldaşına çevrilib. Bütün fəsillərdə bu gözəlliyi, füsunkarlığı görmək olar. Diyarımıza qədəm qoyan baharın gözəllikləri də bu yurdun insanlarına özgə bir ovqat bəxş edir.
Bu ovqat xəyallarımı bir neçə il öncəyə göndərir ilk bahar günlərinin birində, şəhərimizin bir-birindən gözəl ünvanlarını gəzə-gəzə.
...Dörd ildir ki, baharı həm də ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu fəsil kimi qeyd edirik. 2020-ci ilin ilk payız günlərinin birində – sentyabr ayının 27-də başlanan mücadilə 30 il işğal altında qalmış torpaqlarımızın geri qaytarılması, neçə-neçə igidimizin 
    Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
    Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram! – 
deyərək şəhidlik zirvəsinə ucalması, sağlamlığını itirərək doğma ev-eşiyinə qazi kimi qayıtması ilə nəticələndi. Sonra antiterror tədbirləri... Bu yaxınlarda dörd kəndimizin geri alınması... Bu tarixi qələbədə naxçıvanlılar da öz torpaq təəssübkeşliyini, yurda bağlılıqlarını, Vətənə sevgi və məhəbbətlərini göstərdilər. Və bu illərin baharları həm də bizim onların ruhları qarşısında borcumuzu bir daha göz önünə gətirir. Bunları düşünə-düşünə yolumu şəhərimizin ən müqəddəs ünvanına – Şəhidlər xiyabanına salıram. Həmişə dolu olan bu ünvanda yenə də insanlar öz xilaskarlarını yad edirlər:
        Torpağın qoynunda şəhidlər yatır, 
        Şəhidlik! Ulu ad daşıyır onlar.
        Nə qədər bu torpaq, bu Vətən durur –
        Beləcə, ömr edib yaşayır onlar.
...Qəlbimdə onlara dərin minnətdarlıq hissi ilə Əcəmi seyrəngahına üz tuturam. Seyrəngah insanlarla doludur. Baharın gözəlliyini burada duymağın özü bir gözəllikdir deyə düşünürəm. Yadıma şair dostum Muxtar Qasımzadənin misraları düşür:
        Təbiət bu yeri gəzib ayrıca
         Nə qədər gözəllik bağışlayıbdır.
        Günəş zirvələrdən süzüb ayrıca
         Dağları yarıdan naxışlayıbdır.
Bəlkə də, baharın bundan gözəl poetik təsvirinə rast gəlməmişəm. Bu sətirlər bir rəssam tablosunu xatırladır, sanki bəstəkar bəstəsidir, dinlədikcə ruhun təzələnir. Sənin bahar gözəlliyini, elə bil ki, birinci dəfədir, görürəm. Düşünürəm ki, elə sənin gözəlliyinin ülviyyəti də bundadır. Hər seyr edəndə o gözəlliyin yeni qatları üzə çıxır, sirli-soraqlı bir aləmə aparır adamı. Qeyri-ixtiyari olaraq üzünə təbəssüm qonur ki, bu yurd mənim yurdumdur, bu bahar mənim yurdumun baharıdır. 
Mənim, sənin, onun olan bu yurd yerində baharın əlamətləri özünü göstərməkdədir. Bu da bir gözəllikdir: ağacların yarpaqları öz rəngini təzə-təzə dəyişməyə başlayıb. Elə o ağacların o yarpaqları yüngülvari əsən mehdən tərpənməkdədir. Başımı qaldırıb səmanın ənginliklərini seyr etmək istəyirəm. Çətirləşmiş ağacların arasından batmaqda olan Günəşin solğun şüaları gözümə dəyir. 
Oturduğum skamyadan qalxıb seyrəngahın içərisinə doğru addımlayıram. Uşaqların, gənclərin, ahıl insanların təbəssümlü baxışları ilə rastlaşıram. Hiss etmək çətin deyil ki, buradakı istirahətdən zövq alırlar. Bəlkə də, hansı birininsə ürəyindən gözəl şairimiz Həsənəli Eyvazlının sətirləri keçir:
        Ömrümə bir payız qonağı gəlib
        Saralan yarpaqlar üşüdür məni.
        Ömrümə bir payız sınağı gəlib
        Yaratmaq ümidi yaşadır məni.
Bir neçə il əvvəl burada salınmış şəlalənin yaxınlığında ayaq saxlayıram. Təbiətin ən gözəl mənzərəsini burada yaratmaq insan zəkasının məhsuludur, insan övladının doğma yurd yerinə bağlılığının ifadəsidir, insan amilinə ehtiramın təcəssümüdür. Buradan görünən Qızlar bulağı isə təbiətin doğma Naxçıvana bəxş etdiyi möcüzələrdən biridir. 
Bu bahar günlərində Qızlar bulağı yenə də gənclərlə doludur. Neçə-neçə məhəbbətə şahidlik edib Qızlar bulağı. Bu gün yenə də bu “xeyirxah missiya”nı yerinə yetirir. Sevənlərə öz qoynunda yer verir. Sanki bahara yenidən vurulursan.
Qızlar bulağında gəzişən, söhbətləşən, çöhrələrindən məhəbbət yağan gənclərə, bir qədər həsədlə baxırsan... Şair dostum İbrahim Yusifoğlunun misralarını xatırlayıram:
        Tikilir, qurulur qədim Naxçıvan, 
        Hər an gözəlləşir, bu xoş günündə.
        Çiçək dənizidir qoynunda hər yan,
        Bütün gözəlliyi sənsən önündə.
Bir bahar günündə bu füsunkar təbiətin, ülvi gözəlliyin qoynunda aldığım təəssürat ruhumu təzələyir. Bu, doğma Naxçıvanımızın baharıdır, sənin, mənim, hamımızın baharıdır...

 Muxtar MƏMMƏDOV

Nəşr edilib : 05.05.2024 10:44