AZ EN RU

Bir ailənin faciəsi

    Xalqımızın XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımlardandır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən dinc əhaliyə amansızlıqla divan tutulmuş, uşaq, qadın, ahıl və qocalar vəhşicəsinə qətlə yetirilmiş, girov götürülmüş, şəhid olmuşdur. Xocalı soyqırımında ermənilər 8 xocalılı ailəni tamamilə məhv etmişlər.

    Bu gün həmin ailələrin bir nümayəndəsi belə qalmayıb. Həmin ailələrin birindən – Qəmbərovlar ailəsindən bəhs edirik. 1961-ci il təvəllüdlü Səfər Qəmbərov, 1967-ci il təvəllüdlü Mətanət Qəmbərova, onların övladları 1986-cı il təvəllüdlü Emin və 1985-ci il təvəllüdlü Esmira Qəmbərova, eləcə də Səfər Qəmbərovun atası Qarsalan, anası Validə və qardaşı Nadir Qəmbərovlar da həmin dəhşətli gecədə vəhşicəsinə qətlə yetirilmişlər. Bu ailə haqqında ətraflı məlumatı tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının “Qapıcıq zirvəsinə yüksələnlər” kitabından əldə etdik.
    Mətanət Ağalarova (Qəmbərova) ordubadlıların özünəməxsus şəkildə qeyd etdiyi Novruz bayramı ərəfəsində – martın 23-də Ordubad şəhərində dünyaya göz açıb. O özündən böyük üç qardaşı – Samiddin, Səyavuş, Qurban, bacısı Səriyyə üçün sanki Novruz sovqatı idi…
    İllər sürətlə ötüb keçir, Mətanət 1974-cü ildə Əkbər Ağayev adına Ordubad şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olur. Məktəbi yaxşı oxusa da, ailə vəziyyəti ilə əlaqədar təhsilini başa çatdırmadan Yusif Məmmədəliyev adına Ordubad ipək kombinatında işə düzəlməli olur, ailənin yükünü yüngülləşdirməyə çalışır. Az sonra atası vəfat etdiyi üçün qardaşı Samiddinin himayəsində yaşayır. Heç demə, gənc qızın taleyində doğma eldən uzaqlara gəlin köçmək varmış…Xankəndidən olan Səfər Qəmbərovla ailə quran Mətanət 1985-ci ildən Qarabağda yaşamağa başlayır. Burada onun iki övladı – Emin və Esmira dünyaya gəlir. Gənc ər-arvad öz əlləri ilə tikdikləri evdə yenicə rahatlığa qovuşmuşdular ki, xəyanətkar ermənilər yerindən əsassız torpaq iddiaları ilə aranı qarışdırmağa başlayırlar. Xankəndidə yaşayan azərbaycanlı ailələrin narahatlığı günbəgün artırdı. Erməni millətçiləri Mətanətgili də öz ev-eşiyindən didərgin salmaq üçün tez-tez hədə-qorxu gəlirdilər. Vaxtilə Ordubadda Dövlət Təhlükəsizliyi Komitəsinin rayon şöbəsində işləmiş və öz təəssübkeşliyi ilə el arasında hörmət qazanmış Tahir Hümbətov həmin vaxt Şuşada işlədiyi üçün qohum-əqrəba kömək ümidilə ona müraciət edir. Tahir müəllimin işə qarışması ilə gənc ailəyə qarşı haqsızlığın, hədə-qorxunun qarşısı alınır. Lakin qısa müddətdən sonra Mətanətgilin Xankəndidə qalması mümkünsüz olur. Ermənilər onların evlərini yandırır, özlərini də öldürmək istəyərkən qaçıb canlarını qurtarırlar. Didərgin ailə əvvəlcə Şuşa mehmanxanasında müvəqqəti məskunlaşsa da, sonradan Xocalıya köçmək məcburiyyətində qalır. Bir müddət buradakı “fin evləri”ndə yaşayırlar. Mətanət özü isə Xocalı rayon sovetində işlə təmin olunur. Yeni ev tikmək üçün onlara torpaq sahəsi də verilir. Lakin min bir əziyyətlə tikib başa çatdırdıqları birmərtəbəli, dördotaqlı evdə yaşamaq bu zəhmətkeş ailəyə qismət olmur. Ermənilər onları burada da dinc qoymurlar. Tez-tez raket, top atəşinə oyanan Esmira və Emin qışqırıb ağlayırlar. Mənfur erməni-rus hərbi birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya qəfil hücumla şəhəri yerləyeksan edir. Mətanət övladlarını ölümdən qurtarmaq istəyir. Amma atılan güllələr onun köksünü parçalayır. Qatil ermənilər Emin və Esmiranı, ailənin digər üzvlərini də amansızcasına güllələyirlər...
    Ermənilər bu və bunun kimi neçə ailənin həyatına son qoydular. Bu faktlar adamı dəhşətə gətirir, ürəyini parçalayır. Xocalı faciəsini, onun qurbanlarını unutmadıq. Bu ağır faciə xalqımızı bir yumruq ətrafında birləşməyə, mübarizəyə səfərbər etdi. Vətən müharibəsində əldə edilən şanlı Zəfərlə Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq...”
    Ancaq hələ də soyqırımı törədən hərbi qatillər, cinayətkarlar, canilər cəzasız qalıblar. Lakin cəzasız qalan cinayət yoxdur. Xocalı faciəsinin təqsirkarları, onun təşkilatçıları və icraçıları gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək layiqli cəzalarını alacaqlar. Xalqımız hər il soyqırımı qurbanlarının əziz xatirəsini yad edir. Bugünkü və gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç vaxt unutmayacaq.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 23.02.2023 20:35