AZ EN RU

Binokullu emissarlar, özü yıxılan ağlamaz!

Günün ikinci yarısı belə bir xəbər oxudum ki, Ermənistandakı Avropa İttifaqı missiyasının üzvləri avtomobil qəzasına düşüblər. Onların başına gələn bu hadisənin necə və hansı şəraitdə baş verməsi şəxsən məni qətiyyən maraqlandırmır. Əgər kobud səslənirsə, hörmətli oxucu məni bağışlasın, məsələ budur ki, qəzaya düşən avroşüvənlərin Sünik vilayətində (Zəngəzur) nə iti azıb axı?

Azərbaycan hər zaman münasibətlərə açıq dövlətdir. İstər müharibədən əvvəl, istərsə də şanlı Qələbəmizdən sonra müxtəlif siyasi mərkəzlərdən Ermənistanla münasibətlərin normallaşması, sülhün əldə edilməsi, sərhədlərin delimitasiyası ilə bağlı bütün çağırışlara “hə” deyib, təşəbbüslərə müsbət yanaşıb. İki il bundan öncə – daha doğrusu, 2022-ci il oktyabrın 6-da Avropa Siyasi Birliyinin Çexiyanın paytaxtı Praqada keçirilən Zirvə toplantısında Azərbaycan Ermənistan tərəfi boyunca sərhədə Avropa İttifaqının (Aİ) müvəqqəti missiyasına da razılıq vermişdi. Bununla bağlı qəbul olunan Bəyanatda qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək. Onun məqsədi etimad yaratmaq və hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq.

İndi gəlin sonrakı proseslərə nəzər salaq. Bu razılaşmadan çox keçməmiş Ermənistan Aİ-nin müvəqqəti missiyasının qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qərar qəbul etdi, sərhəddə guya monitorinq aparacaq müşahidəçilərin sayının 209-a çatdırılacağı təsdiqləndi. Azərbaycan Prezidenti isə bu ilin yanvar ayında yerli telekanallara verdiyi müsahibə zamanı bu mövzuya belə münasibət bildirdi: “Praqa görüşünün bir məqamı da var idi. O, ümumi kontekstin bir qədər kənarında qaldı. Bu da Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi idi. Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksək vəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bu bizimlə razılaşdırılmasın?”

Ölkə Prezidentinin sözünə qüvvət, bu adamların qətiyyən siyasi çəkisi və ciddiyyəti yoxdur. Əks təqdirdə, iki il əvvəl Çexiyada keçirilən o mötəbər tədbirdə razılaşmaya sadiqlik göstərilər, Aİ-nin müvəqqəti missiyası iki ay sonra öz işini başa vurub ev-eşiyinə dönərdi. Ermənistanın özünə, sözünə və imzasına hörmət etməməsi bizim üçün adi haldır. Əvvəl-əvvəl bizi təəccübləndirən avropalı siyasət adamlarının davranışları idi ki, artıq onlara da adət etmişik. Siyasi fiqurların timsalında Aİ-nin mülki missiyası da ötən bu iki ildə ən yaxşı variantda elə ikiüzlülüklə məşğul oldular. Guya bu adamlar Ermənistan-Azərbaycan sərhədi boyunca müşahidələr aparacaq, hesabatlar hazırlayacaq, sülh prosesinə töhfə verəcək, iki ölkə arasında etimad quruculuğu istiqamətində müsbət addımlar atacaqdılar. Məqsəd, məram qaldı bir kənarda, Ermənistanda üzlərinə yaxşı baxılan avroemissarlar sərhəd boyunca özlərinə lövbər saldılar.

Yadınızdadır, 2023-cü ilin iyul-avqust aylarında ermənilər sərhəddə “tır şousu” göstərən zaman Cənubi Qafqaza yerləşən Aİ-nin mülki missiyasın üzvləri hərəsi əlinə bir binokl alıb şüvənlik elədilər ki, amandır ermənilər Xankəndidə acından qırılır, bəs biz də gəlmişik onların “yarasına məlhəm olaq”. Əsl missiyasını unudan qərbli qonaqlar bu dövr ərzində Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin törətdiyi bütün təxribatlara göz yumdular, boyunlarından asdıqları binoklların faydalılıq əmsalı sıfıra bərabər oldu. Ən son olaraq bu ilin fevral ayının 12-də Zəngilan istiqamətində ermənilərin törətdiyi insident nəticəsində əsgərimizin yaralanmasına da reaksiya vermədilər. Halbuki bu adamlar qonağı olduqları ev sahibinin başına ağıl qoymalı, düzgün yolu göstərməli və son olaraq sərhəddəki təxribata görə erməniləri açıq qınaq obyektinə çevirməli idilər. Hər halda missiya üzvləri çörəyini zəhər edəcək qədər saf deyillər…

     İndi bu cənablar, martın 11-də Sünik vilayətində avtomobil qəzasına düşüblər. Adama deyərlər sən hara, Cənubi Qafqaz hara? Ermənistanda nə itiyin itib ki, hələ bir burada qəzaya da düşəsən. Dünya dil öyrənir, öz üzərində işləyir, Avropa ilə bağlı xəyallar qurub ora qaçır, qərbli emissarlar da “regional sabitlik yaradırıq” adı altında bu torpaqlara sülhdən başqa hər şey gətirir. Bu adamların məqsədi heç də xalqlar arasında etimad quruculuğu yaratmaq, nə bilim xoş bir məram ortaya qoymaq yox, ancaq separatçılığı körükləmək, erməniləri revanşizmə kökləməkdir. Bunu dünya aləm başa düşdü, təkcə haylardan başqa… Ermənistan, nəhayət, dərk etməlidir ki, şərti sərhədə hansı qüvvəni yerləşdirməsindən asılı olmayaraq, bu bölgədə son sözü cənab İlham Əliyev deyir...

P.S. Emissar (latınca emissarius – “nümayəndə”) – başqa ölkəyə müəyyən qeyri-rəsmi tapşırıqla göndərilən dövlət, təşkilat və ya kəşfiyyat orqanlarının nümayəndəsi.

Muxtar RZAZADƏ

Nəşr edilib : 11.03.2024 17:46