AZ EN RU

Bilik Günü muxtar respublikamızda geniş qeyd olunub

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil siyasətinin uğurları muxtar respublikamızda da özünü bariz şəkildə təcəssüm etdirir. Belə ki, 2022-2023-cü tədris ilində muxtar respublikamızın ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 20-si “Qızıl”, 24-ü “Gümüş” nişana, 32-si  “Tam orta təhsil haqqında fərqlənmə attestatı”na, ümumi orta təhsil bazasından isə 88-i “Ümumi orta təhsil haqqında fərqlənmə attestatı”na layiq görülüb.  2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 3166 məzun bitirmiş, onlardan 2962-si, yaxud 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, onlardan 196-sı 500-700 intervalında bal toplamış, II ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticəni muxtar respublika məktəblisi göstərmişdir. 15 sentyabr – Bilik Günü də muxtar respublikanın ali və orta ümumtəhsil məktəblərində yeni nailiyyətlər sorağı, növbəti uğurlara əminliklə geniş qeyd olunub. 

    “Naxçıvan” Universitetində bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, dosent Anar Kazımov Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə universitetin professor-müəllim heyətini, tələbələri və valideynləri təbrik edib. Rektor bildirib ki, “Naxçıvan” Universitetində təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində saxlanılır. Qeyd edilib ki, əməkdaşlıq çərçivəsində artıq yeni tədris ilindən etibarən UNEC ilə də birgə tələbə mübadiləsinə start veriləcək. ADA Universitetində olduğu kimi, yeni tədris ilində bu ali təhsil ocağının tələbələri də bir semestr ərzində UNEC-də də təhsil ala biləcəklər. 
    Tədbir tələbələrin ifasında maraqlı çıxışlarla yekunlaşıb.

    Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə institutun rektoru Azad Novruzov qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən danışaraq əlamətdar gün münasibətilə tələbələri təbrik edib, təhsillərində onlara uğurlar arzulayıb.
   Sonda Naxçıvan Müəllimlər İnstitutunun tələbə həyatını əks etdirən videoçarxlar nümayiş olunub. 

   Heydər Əliyev adına tam orta məktəbdə bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək “Heydər Əliyev İli”ndə yeni tədris ilini Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbdə qarşılamağın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.  
    Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Ovni Muradov muxtar respublikanın 2022-2023-cü tədris ilində qazandığı uğurlardan ətraflı danışaraq bildirib ki, 2023-2024-cü tədris ilində Naxçıvan Muxtar Respublikasında  orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq, 4240 uşaq birinci sinfə gedəcək, 2423 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 3979 uşaq məktəbəqədər təhsil müəssisəsinə gedəcək. 
    Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən Gülxanım Orucova gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin danılmaz rolundan bəhs edib.

    Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə bildirilib ki, 2022-2023-cü tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən 524 məzundan 1 nəfəri “Qızıl” nişana, 2 nəfəri isə “Tam orta təhsil haqqında fərqlənmə attestatı”na layiq görülüb. Onların 513-ü ali məktəblərə qəbul imtahanlarında iştirak edib. 224-ü ali məktəblərə qəbul olub. Həmin məzunlardan 16 nəfər 500-700 intervalında bal toplayıb. Kürçülü kənd tam orta məktəbinin məzunu Mikayıl Cəfərli II ixtisas qrupu üzrə 696 balla ən yüksək nəticə qazanıb və respublika birincisi olub. 
    Babək rayonunun Güznüt kənd tam orta məktəbində keçirilən tədbirdə qeyd olunub ki, ötən tədris ilində məzun olmuş 616 nəfərin 548-i ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib. Məzunlardan 1-i “Qızıl”, 3-ü “Gümüş”, 1-i “Tam orta təhsil haqqında fərqlənmə attestatı”na layiq görülüb, 362 şagird  tələbə adını qazanıb. 
    Əkbər Ağayev adına Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə Bilik Günü münasibətilə keçirilən tədbirdə vurğulanıb ki, 2022-2023-cü tədris ilində Ordubad məktəblərinin məzunlarından 1 məzun “Qızıl”, 2 məzun “Gümüş” nişana layiq görülüb. 155 məzun ali, 30 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub, 17 nəfər 500-700 intervalında bal toplayıb. Bu il Ordubad məktəblərində 4900 şagird təhsil alacaq. 372 şagird birinci sinfə, 235 şagird isə məktəbəhazırlıq qrupuna cəlb edilib. 
    Bilik Günü ilə bağlı Culfa şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə qeyd olunub ki, 2022-2023-cü tədris ilində rayon məktəblərini bitirən məzunlardan 160-ı ali təhsil, 58-i isə 11 illik bazadan  orta ixtisas təhsili müəssisələrinə qəbul olub. 2023-2024-cü tədris ilində 1-ci siniflərdə 371 şagird, məktəbəhazırlıq qruplarında isə 321 uşaq təhsil alacaq.
    Kəngərli rayonunda Bilik Günü ilə bağlı keçirilən tədbirdə diqqətə çatdırılıb ki, 2022-2023-cü tədris ilində rayonun ümumi orta təhsil bazasından 258 məzun ali məktəbə sənəd verib, onlardan 106-sı, yəni 41,1 faizi qəbul olub. Məzunlardan 9-u 500-700, o cümlədən 1-i 600-700 intervalında bal toplayıb.
    Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə bildirilib ki, rayon üzrə 2022-2023-cü il tədris ilində 146 şagird məzun olmuş, 1 nəfər “Qızıl” nişana, 1 nəfər isə “Tam orta təhsil haqqında fərqlənmə attestatı”na layiq görülüb. Abituriyentlərdən 83-ü ali məktəb, 17 nəfər isə orta ixtisas təhsili bazasından kollec tələbəsi adını qazanıb. Cari tədris ilində 92 şagird məktəbəhazırlıq qrupuna, 191 şagird 1-ci sinfə qəbul edilib.
   Sədərək rayonunun Sədərək kəndində keçirilən tədbirdə qeyd olunub ki, ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini 100 məzun bitirib. Onlardan 1-i “Qızıl” nişana layiq görülüb. Məzunlardan 78-i qəbul imtahanlarında iştirak edib, 49-u tələbə adını qazanıb. Abituriyentlərdən 5-i 500-dən yuxarı bal toplayıb. 
    Qeyd edək ki, yeni tədris ilində ümumtəhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.09.2023 19:15