AZ EN RU

Biçənək: maraqlı adın və qədim kəndin sorağında

Naxçıvan şəhərindən 52 kilometr məsafədə olan Biçənək kəndi Şahbuz rayonu ərazisindədir. Tariximizin mühüm səhifələri ilə bağlı olan Biçənək kəndi Dərələyəz silsiləsi ilə Zəngəzur silsiləsinin qovuşduğu ərazinin cənubunda yerləşir. Dərələyəz silsiləsində ən yüksək zirvə Kükü dağıdır (3120 m). Kükü dağının yanında olan Səfər bəy Səngəri də bir çox tarixi hadisələrin şahididir. Naxçıvanlı hərbçi Səfər bəy Kəngərlinin hər yay çadırını qurduğu tala dağlarla elə dövrələnib ki, yurd yeri səngərə bənzəyir. Ona görə də buraya "Səfər bəy səngəri" adı veriblər.

Belə ki, Biçənəkdən şimal-qərbdə olan Keçəldağ və ondan sonrakı dağlar əyilmə nöqtəsini yaradaraq Ağdabana birləşir. Artıq Ağdaban Zəngəzur silsiləsinə aiddir.

Keçəldağın şərqindəki bulaqlardan, onun arxa tərəfində yerləşən Dəvəboynu yaylağından və Ağdabanın qərbində yerləşən Veysəlli yurdundakı bulaqlar Naxçıvan çayının mənbəsinin başlanğıcıdır. Maraqlı haldır ki, Naxçıvan çayı başlanan sol qolda mineral bulaq da var. Keçəldağ tərəfdən və Ağdabandan gələn kiçik dağ çayları Kaha dərəsində birləşirlər. Bir az aşağıda isə Sərt Dərədən gələn dağ çayı da Naxçıvançaya tökülür. Bunlar hamısı göz oxşayan dağ çayı olan Naxçıvançayın qollarıdır desək səhv etmərik. Təkəli dağın sinəsində gurlayan Zorbulaq da Naxçıvançaya qovuşur. Bu dağların arasında qərar tutan Batabat meşəsi öz ab-havası ilə məşhurdur.

Qədim Biçənək kəndinin tarixini araşdırmış tədqiqatçıların yazdıqlarından məlum olur ki, oğuzlar Salvartı, Köksügözəl, Təkəli və Keçəldağ arasındakı güllü-çiçəkli yaylaqlarda məskən salıblar. Və bununla bağlı əfsanələr də yaranıb.

Axtarışlar göstərir ki, Biçənək kəndinin tarixi qədimdən-qədimdir. Çünki Batabat meşəsində indiki kənd yerindən əlavə kənd yerləri də var. Adından da göründüyü kimi Biçənək kəndi peçeneqlərlə bağlıdır. Peçeneqlərin türk olmaları haqqında X əsrdən üzübəri yazılan kitabların hamısında məlumat var. Mahmud Kaşğari yazır ki, peçeneqlər oğuzlardır. O, peçeneqlərin kəngərli tayfasına mənsubluğunu da yazır.

Makedoniya sülaləsindən olan imperator və tarixçi Konstantin (Konstantinopol, 905-959) peçeneqlərin türklüyünü və onlardan üç nəslin tamamilə kəngərli olduğunu əsərlərində dönə-dönə yazıb. Hətta oğluna vəsiyyətnaməsində çox mərd nəcib və cəsarətli Kəngərli tayfası ilə dostluq etməyi məsləhət görüb. Çünki o tarixçi idi və peçeneq-kəngərlilərin apardıqları döyüşlərdən xəbəri vardı. O, "İmperiyanın idarə edilməsi" əsərinin 53-cü fəslində slavyan ölkələrinin və xersonluların, macarların (Konstantin onları da "türklər" adlandırır), bolqarların, xəzərlərin və dalmatinlərin, serblərin, frankların, iberlərin yaşayışı təsvir olunur. Burada o, Bizansa X əsrdə cənubi rus çöllərində ağalıq edən peçeneqlərlə çox diqqətli olmağı məsləhət görür.

Əsərin bir sıra fəsillərində, xüsusən son iki fəslində bu xalq haqqında daha ətraflı məlumat verir. O, peçeneqlərin cənubi Rusiya çöllərinə köçməzdən əvvəlki adlarını da qeyd edir: Karrar. Və göstərir ki, indi peçeneqləri Kəngər adlandırırlar.

Biçənək kəndinin şərqində olan Biçənək aşırımı haqqında IX əsrə aid ərəb mənbələrində məlumatlar vardır. Ərəb tarixçilərinin yazdıqlarına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Naxçıvanla Arranı birləşdirən yeganə yol Ağ Karvansaranın (Fərhad evi) yanında qalmaqdadır.

Tədqiqatçı alim A.Bağırov yazır ki, qədim mənbələrdən fərqli olaraq, XVII-XVIII əsrlərdə, "Biçənək" adına çox az təsadüf edilir. Hətta XVIII əsrə aid mənbədə Dərəşahbuz  nahiyəsində bu kənd adı qeydə alınmayıb. Buna səbəb həmin dövrdə kənd adının "Rençik" variantında işlənməsi olub. "Rençik" sözü "Peçenek/ Beçenek" tayfa adının təhrif olunmuş variantıdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Biçənək kəndi ilə bağlı sənədlərin hamısında Biçənək kəndinin də adı qeyd edilmişdir. "Biçənək" qədim türk peçeneq tayfasının adının fonetik dəyişikliyə məruz qalan formasıdır. Bu tarixi faktdır! Və bunu kimsə dəyişdirə və inkar edə bilməz. Çünki bu haqda yazılan qədim mənbələr vardır. Bəzi alimlər bunu "ot biçilən yer kimi" daha çox işlədirlər. Bizcə, belə izah doğru deyil. Ola bilsin ki, biçilən yerlər peçeneqlərə məxsus olduğuna görə "biçənək" adlandırmışlar. Bütün hallarda bizim eranın I əsrindən yaşayış məskəni olan Biçənək kəndi qədim türklərə - peçeneq kəngərlilərə məxsus olub. Bizcə, Biçənək-Peçenek adı bütün yüzilliklərdə işlədilib. Hətta akademik Ziya Bünyadov da "Biçənək" toponiminin qədim türk peçeneq tayfasının adı ilə eyni olduğunu yazmış və eranın əvvəllərində yazan alimlərin fikrini təsdiqləmişdi.

XIX əsrin ikinci yarısında Biçənək kəndi Karmalınovka adlanıb. Böyük alim Əziz Şərif də "Keçmiş günlərdən" kitabında yazır: "Axşamüstü biz Bazarçayın (Naxçıvançay) sahilində axarlı-baxarlı malaqan kəndinə çatıb, orada gecələrdik... O zamanlar Biçənək adı ilə tanınan  malaqan kəndindən sonra bizim ilk düşərgəmiz Şükarda Həsən dayının yoxsul daxması olardı". Qeyd edək ki, Naxçıvanda bu çayın suyunun xeyli hissəsi kanalla axıdıldığından  və şəhərin mərkəzində yerləşən Çarşı bazarın yanından axdığından buna şəhərdə Bazarcay deyirmişlər.

Rusiya imperiyası zamanı, 1903 və 1920-ci illərdə Tiflisdə çap edilən xəritələrdə Karmalinovka adı qeyd olunub. Ancaq çap edilən toplularda Biçənək adı həmişə qeyd edilib. Biçənək kəndini dövrələyən Təkəli dağ, Sərt Dərə, Ağdaban, Əyriqar dağı, Qonaqgörməz, Səbətkeçməz, Salvartı, Gəlin qayası, həmçinin, Ballı qaya, Ağ qaya, Qara qaya, Sarı qaya, Böyük Xəznə təpəsi, Kiçik Xəznə təpəsi, Sandıqdaş, Sərt Dərədəki Miz daş, Saat daşı (təbiətin böyük möcüzəsi, bu daş nal çəkillidir, nalın üzü yuxarıyadır), Dağ Çapılan qayalar, Qoyun tökülən dərə, Yanıq taxta, Arpa yeri, Nişan daşı, Çəpər obası, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Südlü bulaq, Qara göl, Cilli göl (gəzən ada olan göl), Turşu, Qırxgözlü bulaq və digər yer-yurd adları Biçənək kəndinin qədim peçeneq-kəngərlilərə (oğuzlara) məxsusluğunu tamamilə təsdiqləyir.

Biçənəkdə  gəlmə molokanlar 1920-ci ilədək yaşayıblar. Bəzi kitablarda Karmalinovka adı çəkilsə də, ətraflı məlumat verilmir. Ona görə də axtarışlar apardıq. Araşdırmalar nəticəsində məlum oldu ki, molokanlar Naxçıvana, xüsusən Biçənək kəndinə 1871-ci ildə köçürülüblər.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində  saxlanılan bir tarixi sənəddən (iclas protokolundan) aydın olur ki, molokanlar Naxçıvanın Biçənək kəndinə İrəvan quberniyasından və Qars vilayətindən 1871-ci ildə köçürülmüşlər. Biçənək kəndinin meşə ərazisində yerləşməsi, münbit qaratorpaq və geniş otlaq sahələrinin-biçənəklərin olması molokanların burada məskən salmalarına səbəb olub. Özləri həmin iclas protokolunda məlumat veriblər. Hətta göstəriblər ki, biz evlərimizi qədim Biçənək kəndində tikdik. Nədənsə qədim türklərin-peçeneq kəngərlilərin kəndi olan Biçənək bu vaxtlar insan yaşamayan kəndə çevrilibmiş. XIX əsrin axırlarında yaxınlıqdakı Xınzirək (əslində bu Xunzirəkdir, hunların kəndidir) və Zərrətün kəndlərindən köçüb gəliblər. 1923-cü ildə Xinzirəkdən gələn ilk sakinin adını bu gün də unutmayıblar: Seyidov Müseyib Məmmədqulu oğlu. 1918-1920-ci illərdə Zəngəzurdan və Cəbrayıl rayonlarından da erməni vəhşiliyindən qaçaraq gələn insanlar əsasən bu saf havalı dağ kəndində qərar tutmuşlar. Burada maraqlı tayfa adları da vardır. Məsələn, qədim türk tayfası olan çullular burada yaşayırlar və sair.

Yuxarıda söhbət açdığımız iclas protokolundan məlum olur ki, molokonları Qars və İrəvan ətrafından Biçənəyə Rusiya ordusunun ataman generalı Nikolay Nikolayeviç Karmalin (1824-1904) köçürüb. O, Rusiya ordusunun infanteriya (quru qoşunları) generalı olub. Əslən Kuban kazaklarından olan Karmalin Kuban Kazak qoşununun cəzalandırılmış atamanı idi.

8 may 1869-cu ildə Karmalin  İrəvana hərbi qubernator təyin edilmişdi. O, həm də quberniyanın mülki hissəsinin işlərinə də nəzarət edirdi. Yazılanlardan məlum olur ki, onun özünün istəyi ilə molokanlar Biçənək kəndinin adını generalın şərəfinə Karmalinovka adlandırmışlar. Molokanlar XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Zəngəzurdakı Bazarçayı və Borisovka kəndlərinə, İsmayıllı rayonuna və Naxçıvan şəhərinə köçməyə başlamışlar. Artıq 1920-ci ildən sonra az sayda qalan molokanlar da köçmüşlər. Qeyd edək ki, Karmolinovkada duxobarlar da yaşamışlar. Molokanlar dini ibadətlərində Zəburdan 150 psalom (dini nəğmələr) oxuyurlar. Zəbur isə Əhdi-Ətiqə (Tövrata) daxildir. Duxoborların çox sevdikləri və ibadətlərində istifadə etdikləri ağlar ot (plakun trava) Biçənək ərazisində çoxdur. Ağlarot çox müqəddəs, sehrli və təbabətdə əvəzsizdir. Biçənək kəndində molokanların dini ibadətgahları da varmış. Vaxtı ilə Biçənək kəndinin ağsaqqallarının dediyinə görə, 1930-cu ilədək həmin ibadətgah dururmuş. Maraq üçün deyim ki, Stavropolda Karmalinovka kəndi var. Mən orada olmuşam. Orada Naxçıvandan köçən molokanların da nəsilləri yaşayır. Molokanlar Naxçıvanın mərkəzində, Bazarçayın ətrafında da yaşayırdılar. Bir neçə ailə Zil arxı məhəlləsində də ev tikib yaşayırdılar. Onlar əsasən XX əsrin 60-70-ci illərində Rusiyaya köçdülər və sonuncu molokan ailələri 1990-cu illərdə tamamilə köçüb getdilər.

Qədim peçeneq türklərdən yadigar qalan Biçənək kəndi bu gün də öz əzəmətli keçmişi ilə durmaqdadır. Batabat meşəsində peçeneqlərlə bağlı kənd yerləri və xarabalıqları öz tədqiqatçılarını gözləməkdədir. Çox təəssüf ki, tarixi abidələrin çoxu qızılaxtaranlar tərəfindən amansızcasına dağıdılıb. Qalanlarını isə qorumalı, öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq.

Nəşr edilib : 05.06.2023 14:28