AZ EN RU

Bıçaq cərrahın əlində can qurtaran, qatilin əlində can alan olur

    Bəşəriyyət yarandığı gündən bu yana insan  öz dövrünün şərtləri ilə  daim mübarizə aparıb. İnformasiya əsri olaraq xarakterizə edilən əsrimizin rahatlığı ilə yanaşı, çətinlikləri də var. Artıq hər bir iş düyməni basmaq qədər asanlaşıb. Hər bir məlumatı bir “klik”lə əldə edə bilirik. Uzaqda olanlar ekran qədər yaxınımızdadır...

    Bir ölkənin gələcəyinə təsir edəcək qədər əhəmiyyətli olan təhlükəsizlik məlumatları kompüterlərdə gizləndiyi halda, eyni kompüter bir-ikiyaşlı körpə üçün oyuncaq da ola bilir. Artıq sosial mediada “Twitter” və “Facebook” səhifələrimizdə ağlımıza gələni yazaraq yazıçı, qarşımıza çıxanı tənqid etməklə tənqidçi, canlı videolar paylaşaraq rejissor, mahnı oxuyaraq pop ulduzu oluruq. “Instagram”da paylaşdığımız fotolarımızla modelləri geridə qoyur, “WhatsApp”da menecerlik edirik. Bu gün sosial media bəzilərimiz üçün  dünyada olub-bitənlərdən xəbər tutmaq üçün xəbər saytlarında bir gəzinti olarkən,  kimlərəsə həyatın ayrılmaz hissəsidir. Kiminin vaxt keçirmək, kiminin ürəkağrısı, kiminin də həyat yoldaşı tapmaq, ev qurmaq eşqi virtual aləmə qoşulmağa şərait yaradır. Bir sözlə, sosial media həyatımızda mühüm yer tutur və hətta bəzən asılılıq yaradır. Asılılıq deyildikdə ağıla zərərli maddələr gəlsə də, internet və oyun asılılığı indi narkotikdən istifadə qədər insanlara zərər verir. 
     İnternetdə keçirdiyimiz vaxt geri qayıtmır, uşaqlarımızın, gənclərimizin ən məhsuldar illəri virtual oyunlarla boşa gedir, evlər dağıdılır, insanlar aldadılır. Çoxlu yalan-yanlış, faydalı-faydasız məlumatlar, görüntülər zehnimizi məşğul edir. Bütün bunlar psixi sağlamlığımıza mənfi təsir edir. Bəs ilahi nəzərgah olan qəlbimiz necə olur? Sufi biliciləri qəlbi hovuza bənzədirlər. Hiss orqanlarımızdan gələn mesajlar bu hovuza axan çaylar kimi onu doldurur. Biz faydasız və lazımsız işlərlə nə qədər məşğul olsaq, qəlb hovuzumuz bir o qədər bulanıq olur. Zaman keçdikcə könül məskəni olan qəlb qaralır, bərkiyir. Nəticədə, sosial mediada paylaşımlarımız artsa da, real həyatda bir parça çörəyi, yaxud da problemi paylaşa bilməməyə başlayırıq. 
      Ən çox istifadə etdiyimiz sosial şəbəkə olan “Facebook”a gəlin birlikdə virtual səyahət edək. Dostunuz toya gedib, necə oynayır, bir yandan da canlı yayımda olan həyat yoldaşına əl yelləyib poza verir, biz isə az qala musiqinin sədası ilə ona qoşulub oynamaq istəyirik. Sonra bir şəhidin görüntüləri çıxır qarşımıza, bir ananın göz yaşları, al-qırmızı bayrağa bükülmüş aslan çiyinlərdə daşınır. Ürək bu mənzərəyə dözərmi? Bir müddət belə qalırıq. Ardınca qohumlarımızdan birinin paylaşdığı görüntüdən bütün sülalənin bir yerə toplanaraq gəzintiyə çıxdıqlarını görürük. “Bax hələ! Daha dünən telefonla danışdım, məni dəvət etmədi, bu həyatda heç nəyin xeyri yoxdur” deyərək ürəyimizdən keçiririk, qəlbimiz qırılır. Sonra başqa bir ölkədə aclıq və epidemiyadan əziyyət çəkən insanların görüntüsü çıxır qarşımıza. Müharibə gedən ölkələrdə xarabalıqlar arasında qalmış  yetimin yanağında palçıqlanan göz yaşlarında insanlığımız çirklənir. Gözümüzdə yaş, boğazımızda bir düyün oturur, ah çəkib virtual turumuza davam edirik. Budur, qapı qonşumuz min bir fərqli təamla möhtəşəm süfrə qurub fəxrlə paylaşır. Bir an aclıqdan skeletə dönmüş bədəni ilə bir küncə qıvrılmış uşağın fotosu ağlımıza gəlir. Daha bir paylaşım gəlir, “Vur-tut bir ilə kreditlə ev ala bilərsən”. Başqa bir səhifədə çox hörmətli bir alimin sözləri ürəyinizi yumşaldarkən “mən də o mühitdə ola bilsəydim, nə gözəl söhbət edir” deyirsən. Bir paylaşım daha! Bir xanım ailəvi istirahət şəkillərini yerləşdirib öz sosial şəbəkə səhifəsində. “Həccə gedən biri təvaf görüntülərini paylaşıb”. “Qəzəblənən ər arvadına şillə vurdu”. “Səkkiz yaşlı uşaq bıçaqlandı...” və sair.
     Bəli, gəlin sosial mediadakı kiçik turumuzu bitirək və bu barədə düşünək. İndi  bunlar çaşqınlıq, baş qarışıqlığı deyilsə nədir? Ürəyinizi şorbaya çevirən bu əhvali-ruhiyyə sizi, həqiqətən, bezdirir və bir müddət sonra ürəyinizi bulandırır. Bundan da pisi odur ki, bütün bu olanlara zamanla elə alışırıq ki, reaksiya vermirik və filmə baxan kimi ekrana boş-boş baxırıq. Biz zamanla duyarsızlaşırıq... Unutmayaq ki, bıçaq cərrahın əlində can qurtaran, qatilin əlində can alan, həyata yeni başlayan yeniyetmənin əlində isə yaralayıcı bir vasitədir. Biz ixtiyarımızda olan internetdən gərəkdiyində və faydalı işlər üçün istifadə etməli, insanlığımızı itirmədən qəlbimizi qaraldıb qatılaşdırmadan düzgün istifadənin yolunu axtarmalıyıq. 

İlahə ALLAHVERDİYEVA 
Naxçıvan Dövlət Universitetinin 
Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 14.12.2022 19:54