AZ EN RU

Bəzi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
- elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!
- standartlara uyğun olmayan qaz cihazlarından istifadə yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!
- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!
- elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!

- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın!

- mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!

- uşaqları nəzarətsiz qoymayın, onların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!

- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!

Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng vurun!

Nəşr edilib : 12.02.2024 11:08