AZ EN RU

Bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli 176 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir.

Bununla əlaqədar işğaldan azad edilmiş ərazilərdə məskunlaşan, habelə uzunmüddətli bərpa, tikinti-quruculuq və abadlıq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının təmin edilməsi məqsədilə müvafiq seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən yeni seçki məntəqələrinin yaradılması zərurətə çevrilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 35.2-ci maddəsinə əsasən, seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən aidiyyəti orqanlarla razılaşdırılaraq, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır.

Bundan əlavə, seçki məntəqələri yaradılarkən Seçki Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə riayət olunmalıdır.

Beləliklə, Seçki Məcəlləsinin 35.3-cü maddəsinin tələbləri, habelə 35.2-ci və 36.4-cü maddələrində göstərilən prosessual müddətlər nəzərə alınmaqla, 84 saylı Füzuli, 118 saylı Ağdam-Xocalı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 124 saylı Şuşa–Ağdam–Xocavənd və 125 saylı Zəngilan–Qubadlı seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilməlidir.

Qeyd edilənlərə əsasən Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü, 35-ci və 36-cı maddələrinə uyğun olaraq qərara alır:

1. 84 saylı Füzuli, 118 saylı Ağdam-Xocalı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 124 saylı Şuşa–Ağdam–Xocavənd və 125 saylı Zəngilan–Qubadlı seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                  Məzahir Pənahov

Katib                 Arifə Muxtarova

Katib                 Mikayıl Rəhimov

Nəşr edilib : 09.07.2024 22:41