AZ EN RU

Bəzən sərt, bəzən də kövrək dəmir yolları

    Həyat insanın ömürboyu yol aldığı bir səyahətdir. Axı həyatın özü də davamlı hərəkətdədir. İnsan oğlu da bu hərəkətlə ayaqlaşmağa məcburdur. Hər gün, demək olar ki, yaxınlı-uzaqlı məsafələr qət edirik. İşimizin, sevdiklərimizin, xəyallarımızın ardınca gedir, çox zaman günümüzü yollarda başa vururuq. Müasir dövrümüzdə isə nəqliyyat vasitələri insanların gündəlik həyat tərzində mühüm rol oynayır. Bir çoxları şəxsi avtomobilindən və ya taksilərdən, bəziləri avtobuslardan, bəziləri isə qatardan istifadə edərək gedəcəkləri ünvana rahat bir şəkildə yetişirlər. 

    Bu vasitələr sırasında qatar səfərləri həmişə diqqətimi cəlb edib. Çünki bu nəqliyyat vasitəsindən istifadə etmək bu günlərədək nəsibim olmamışdı. İzlədiyim filmlərdən, oxuduğum kitablardan qatar səfərləri hər zaman mənə duyğusal təsir bağışlayıb. Atamgil gənclik çağlarının qatarla səfərlərini əks etdirən yol təəssüratlarından danışanda həvəslə qulaq asar, bu səyahətdən xəyalən də olsa, zövq alardım. 
    Bu günlərdə oxuduğum bir kitab mənə, bu mənada, daha çox təsir göstərdi. Amerikalı yazıçı Paula Haukinsin “Qatardakı qız” əsərini oxuduqda qatar səyahətinə olan həvəsim daha da artdı. Bir gün mütləq qatara minib o xoş duyğuları yaşamalıydım. Ona görə də ilk fürsətdə Naxçıvan-Ordubad istiqamətində hərəkət edən qatarın sərnişini olmaq və bu kiçik səfərin təəssüratlarını paylaşmaq qərarına gəlmişdim...
    Fürsət bazar gününə imiş. Bütün həftənin iş yorğunluğundan yaxamı qurtarıb Naxçıvan şəhərindəki dəmir yolu vağzalına yollandım. Ordubad istiqamətinə getmək üçün qatara bilet alıb stansiyada gözlədim... Birazdan gələcək qatarı stansiyada gözləmək belə ilk səfər təəssüratı üçün həyəcanlı imiş... 
    Və nəhayət, o qulaqbatırıcı səs... Ətraf aləmin sakitliyini pozan qatarın güclü fiti bizi o mənzərələrlə dolu səyahətə səsləyir. Bu səsi eşidən hər kəs çantasını götürərək öz yerini almağa tələsir. Növbəti vaqon “Stop” xəttində öz yerini alır, sərnişinlər enir, yola çıxacaq insanlar isə vaqonlara yaxınlaşaraq biletlərini nəzarətçiyə təqdim edirlər. 
    Vaqona qalxanda sərnişinlərin rahat bir şəkildə səfər edə bilməsi üçün yaradılan müasir şəraitin əyani şahidi oluram. Ətrafıma diqqət edirəm. Demək olar ki, qatarın daimi sakinlərinə çevrilmiş bu insanlar çox rahat və hər şeydən məmnundurlar. Kimisi səfər məqsədləri və təəssüratları, gündəmdəki məsələlər, rastına çıxan maraqlı hadisələr barədə söhbət edir, kimisi də mənim kimi səssizcə ətrafı seyr edib, qatarın yola düşməsini gözləyir. Nədənsə, bu cür səfərlərdə yalnız əyləşib düşüncələrə dalmaq istəyirəm. Çox səliqəli olan boş sərnişin kabinlərinin birində öz yerimi alıb əyləşirəm...
    Çox çəkmir ki, lokomotiv siqnal verərək suyun üzərindəki ana ördək misalı balalarına bənzəyən vaqonlarını öz ardınca getməyə səsləyir və bir neçə saniyə ərzində hərəkətə başlayırıq. Əvvəlcə hərəkət çox yavaş baş verdiyindən hər şey insana adi gəlir. Az öncə qatarı gözlədiyimiz stansiyanın yaraşıqlı binaları, yaşıl dona bürünmüş ağaclar, yaxınlarını yola salmaq üçün gələn, öz işinin ardınca tələsən insanlar bir-bir geridə qalır. Getdikcə ritmik səsin fonunda sürətin artması məni yavaş-yavaş ətrafdan ayırıb xoş duyğulara qərq edir...
    Ümumiyyətlə, səyahət etməyi sevənlər üçün qatarın hər zaman bambaşqa bir yeri vardır. O da digər nəqliyyat vasitələri kimi, bizi gələcəyə, gedəcəyimiz ünvana aparsa da, qatarla səyahətdə sanki zamanın əksinə yol alırsan. Pəncərədən film kadrları kimi bir-birinin ardınca dəyişən mənzərələr qatar yolçularına heç vaxt darıxdırmayacağı xoş təəssüratlar bəxş edir. Və ən əsası o ritmik melodiya… Qatarın ayaqları altında dilə gələn dəmir relslərin melodiyası. İstər-istəməz heç zaman nizamı pozulmayan o ritmlərə aludə olursan. Baxışlarımızın ilişib qaldığı pəncərələrdə bir-birini əvəz edən mənzərələr də bu xoş melodiyanın ritmi ilə rəqs edir. Ritmlər getdikcə sürətlənir, mənzərələr də ona uyğunlaşaraq daha tez-tez geridə qalır. Çox keçmir ki, sən də o ritmin bir parçasına çevrilirsən, qəlbin sanki o səsin ahəngi ilə döyünür. 
    Naxçıvan şəhərindən uzaqlaşdıqdan sonra Xan Araz bizə daha yaxın yolyoldaşı olur. Sanki “məni izləyin” deyirmişcəsinə bələdçilik edir. Bəzən də araya girən dağların, təpələrin ardında gizləndikdən sonra yenidən boylanaraq bizi müşayiət edir. Çox keçmir ki, möhtəşəm görüntüsü ilə Gülüstan türbəsi bizi XII əsrdən salamlayır... 
    Bir azdan sürət tədricən azalır, “pəncərəmdəki kadrlar”ın ritmi yavaşıyır. Sonra isə Culfa şəhərindəki stansiyanın binası ilə üz-üzə dayanırıq. Yalnız bu anda öz zamanımıza geri dönürük. Həyat öz axarı ilə davam edir. Mənzilbaşına çatan insanlar qatardan enməyə tələsir, onların yerinə yeni sərnişinlər vaqonlarda öz yerini alır. Ümumiyyətlə, dəmir yolu həmişə həm yük daşınmasında, həm də sərnişinlər üçün ən təhlükəsiz, səmərəli və ucuz nəqliyyat vasitəsi olub. Bu gün də belədir.
    Qatar hazırlıq fitini yenidən çalır. Hərəkətə gələn təkərlər polad relslər üzərində yenidən öz melodiyasına başlayır. Zamana yolçuluğumuz da, beləcə, davam edir. Araz boyunca uzanan Ordubadın yaşayış məntəqələrinin gözəl mənzərələri ilə sürətlə irəliləyirik. Bu görüntülər diyarımızın inkişafının daha bir təcəssümüdür. Gözəl təbiət mənzərələri ilə yanaşı, abad görkəmi, yaraşıqlı binaları və fərdi evləri ilə şəhər müasirliyindən heç də fərqlənməyən kəndlər bir-birini əvəz edir. Sol tərəfdə isə bu inkişafa, rahat yaşayışa aparan daha bir mənzərənin şahidi oluruq. Culfa-Ordubad avtomobil yolu bu gün rayon sakinlərinə mənzilbaşına daha tez və rahat çatmağa imkan verir.  
    Elə bu düşüncələrlə də yollanacağımız ünvana çatırıq. Nostalji hisslər, tez-tez dəyişən kadrlar və maraqlı mənzərələrin fonunda səyahətin nə tez başa çatdığının heç fərqində belə olmuruq. Artıq Azərbaycanın incisi Ordubaddayıq. Qatardan endikdən sonra baxışlarım bizi müəyyən nizamla yüzlərlə kilometr uzağa aparan qoşa polad relslərə hakim kəsilir. “Dəmir” deyə xitab etməyimizə baxmayın o polad relslərə. Bəzən yupyumşaq, kövrək olmağı da bacarır. Axı onlar insanları, sevənləri bir-birinə qovuşdurmaq kimi bir xoşbəxtliyə vəsilə olurlar... Ancaq ötən əsrin 90-cı illərində buradan o istiqamətə sonuncu qatar getdi və bir daha geri dönmədi. 30 ilə yaxındır, bu səssizliyin simfoniyasını “dinləyən” relslər tezliklə yenidən o şaqraq səslərin ahəngi ilə həyatlarına davam edəcəklər. Bu dəfə isə həmişəlik… Çünki Zəngəzur dəhlizinin işə düşməsi illərdir, Naxçıvanı ana Vətəndən ayrı salan blokadanın üzərindən qalın bir xətt çəkəcək. Və bizi öz səyahətlərinin xəyalları ilə yaşadan qatarlar bu dəfə bizi Vətənimizin hər bir yerinə – Füzuliyə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya, Şuşaya aparacaq. O zaman “pəncərədəki kadrlarımız” da tam, bütöv olacaq. Az qalıb, lap az qalıb, mənzilbaşına çatdığımız kimi arzularımıza da qovuşacağımız gün uzaqda deyil… Qatar yenidən fit verir… Bu dəfə geriyə qayıtmaq üçün. Bu səs məni xəyallardan ayırsa da, sabaha olan inamımdan, ümidimdən ayırmır. Çünki qalib Azərbaycanın sabaha uzanan arzularının dəmirdən də möhkəm təməli artıq çoxdan atılıb…

Gülcamal TAHİROVA

Nəşr edilib : 05.09.2023 18:11