AZ EN RU

Beynəlxalq Uşaq Kitabı Günü ilə bağlı tədbir keçirilib

Aprelin 2-i Beynəlxalq Uşaq Kitabı Günüdür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında tədbir keçirilib. 
Kitabxana əməkdaşlarının və məktəblilərin qatıldığı tədbiri giriş sözü ilə açan Nazirlik Aparatının əməkdaşı Aygün Heydərli əlamətdar günün tarixindən danışıb. Qeyd olunub ki, YUNESKO-nun Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının təşəbbüsü və qərarı ilə danimarkalı yazıçı Hans Xristian Andersenin anadan olduğu gün - 2 aprel tarixi 1967-ci ildən etibarən dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd edilir. Məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, onlarda kitaba sevgi aşılamaq, cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə yönəltməkdir. Bildirilib ki, hazırda muxtar respublikada fəaliyyət göstərən A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanası, eləcə də rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərinin uşaq şöbələri tərəfindən uşaqlarda kitaba marağın artırılması, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. 
Ardından kitabxananın direktoru Ruzi Süleymanov uşaqlarda mütaliə vərdişlərinin formalaşmasının vacibliyindən danışıb. 
Nümayiş olunan videoçarxın ardından məktəblilər arasında viktorina keçirilib. Kitabxana əməkdaşları viktorina iştirakçılarına kitab hədiyyə edib. 
Tədbir sərgiyə baxışla yekunlaşıb.

Nəşr edilib : 02.04.2024 16:09