AZ EN RU

Beynəlxalq uğura addım-addım: Naxçıvan Dövlət Universitetinin məzunları xaricdə magistratura təhsili alacaq

    Ölkəmizin ən nüfuzlu və prestijli ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universiteti uğurlu təhsil strategiyası ilə ölkə hüdudlarından kənarda da tanınır. Qeyd edək ki, ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqları, təhsilin inkişafı ilə bağlı atılan gələcək yönümlü addımları, beynəlxalq reytinq cədvəllərində yer tutması ilə son illərdə ölkənin elmi platformasında öz adını və şöhrətini göstərməkdədir. Universitetin yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində əldə etdiyi uğurlar isə xüsusi vurğulanmalı, o da qeyd olunmalıdır ki, bu işdə tələbələrin də fəaliyyəti təqdirəlayiqdir. Belə ki, Naxçıvan Dövlət Universitetinin Təcrübə və məzunlarla iş bölməsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Aynurə Seyidovanın sözlərinə görə 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin 19 məzunu  müxtəlif xarici ölkələrdə magistratura pilləsi üzrə təhsil alacaq. Sizi onlardan bir neçəsi ilə tanış etmək istərdik.

    İlk həmsöhbətimiz Biologiya müəllimliyi ixtisası üzrə məzun İlahə Abdullayevadır. O, Almaniyanın Justus-Liebig Universitetinin Biologiya ixtisasının magistratura səviyyəsi üzrə təhsil alacaq. İlahə xanım öz sevincini bizimlə belə bölüşdü: “Xaricdə təhsil almaq mənim məktəb zamanlarımdan  xəyalım idi. 3-cü kursda oxuyarkən xəyalımı gerçəkləşdirmək üçün addım atmağın vaxtı olduğunu düşündüm, onlayn şəkildə IELTS hazırlıqlarına başladım və 6,5 bal nəticə əldə etdim. Yolumu öz ixtisasım üzrə davam etməyimin başlıca səbəbini universitetimizdə ixtisas müəllimlərimin biologiya fənninə qarşı yaratdığı maraq və sevgidə görürəm. Eləcə də universitetimizdə görülən işlər, yaradılan xüsusi imkanlar həvəsimi daha da artırdı. Beləliklə, Almaniyanın Justus-Liebig Universitetində magistr təhsili almaq hüququ qazandım. Xoşbəxtəm ki, Naxçıvan Dövlət Universitetindən məzun olmuşam. Universitet ailəsi mənə və xaricdə təhsil almaq istəyən digər tələbələrə öz dəstək və qayğısını əsirgəmir, bizim üçün geniş imkanlar yaradır. Məqsədim  əldə etdiyim biliklərlə gələcəkdə öz xalqım üçün layiqincə çalışmaq, ölkəm üçün layiqli bir vətəndaş olmaqdır.

    Türkiyənin Dokuz Eylül Universitetinin İşletme (ingiliscə) ixtisasının magistratura pilləsinə qəbul olan Qoşqar Qocayev universitetin Tərcümə (ingilis-Azərbaycan dilləri) ixtisasının məzunudur. O deyir: “Xaricdə təhsil alaraq dünya təcrübəsinə yiyələnmək istəyirdim. Buna nail oldum və yeni tədris ilinin başlanmasını həyəcanla gözləyirəm. Bu uğurumun başlıca səbəblərindən biri universitetin və fakültəmizin tələbkar, innovativ, bir o qədər də tələbə dostu olan müəllimləridir. Magistratura təhsili alacağım müddətdə Naxçıvan şəhərində olduğu kimi, xaricdə də bələdçilik edərək, eyni zamanda da proqramlaşdırma, IT istiqamətində kurslara yazılıb karyeramı bu istiqamətdə qurmağı planlayıram”. 

    Mircəfər Seyidov da əldə etdiyi nəticələr ilə fərqlənən gənclərdəndir. Universitetin Mühasibat uçotu və audit ixtisasının məzunu olan Mircəfər Macarıstanın Budapeşt Corvinus Universitetinin Maliyyə ixtisasının magistraturasına qəbul olub. Müsahibimiz deyir ki, o, Erasmus Plusun AFEPA adlı proqramına İtaliya, İsveç, Almaniya, Belçika olmaqla, 4 ölkədə magistratura səviyyəsi üzrə seçim etmək şansı qazanıb. Seçimi isə Macarıstanın Corvinus Universitetində Maliyyə ixtisası olub: “Mən Hökumətlərarası Təqaüd Proqramının (HTP) tam təqaüdlü qalibi olmuşam və bütün təhsil xərclərim HTP tərəfindən qarşılanacaq. Düşünürəm ki, xaricdə təhsil almaq istər dünyagörüşü baxımından, istərsə də  ixtisaslı kadr olmaq yolunda mənə böyük töhfə verəcəkdir. Mən 2 illik təhsilimdən sonra ölkəyə qayıdaraq fəaliyyətimi davam etdirməklə yanaşı, gələcəyin maliyyəçilərinin yetişdirilməsi prosesində də yaxından iştirak etmək istəyirəm. Buna görə də, doğma universitetimizin pedaqoqu olmaq da gələcək  planlarım arasındadır”.

    Universitetin Beynəlxalq münasibətlər ixtisasının məzunu olan Gülşən Salmanova Almaniya, Avstriya, Belçika, İtaliya və Polşanın universitetlərinə qəbul şansı qazanan gənclərimizdəndir. Onun seçimi Belçikanın Ghent Universiteti Konfliktologiya və inkişaf tədqiqatları ixtisası olmuşdur. Gülşən xanım xaricdə magistr təhsili almağın akademik karyerası üçün çox vacib olduğunu, magistr təhsilini bitirdikdən sonra ölkəmizə qayıdıb çalışmaq istədiyini bildirir. Müsahibimiz düşünür ki, münaqişələrin həlli ilə bağlı bir sahədə peşəkarlaşacağı üçün bölgəmizdəki siyasi stabilliyin qorunmasına öz töhfələrini verə biləcək. 

    İtaliyanın Sapienza Universitetinin Avropa İttifaqı hüququ və iqtisadiyyatı ixtisası üzrə magistraturaya qəbul olan Qafar Qənbərli universitetin Hüquqşünaslıq ixtisasının məzunudur. Müsahibimiz deyir: “Xaricdə təhsilin bir çox üstünlükləri var. Bu həm şəxsi inkişaf, həm də gələcək vəkillik karyerası üçün uğurlu başlanğıcdır. Həmçinin fərqli ölkələrdən tələbələrlə birgə təhsil almaq, fərqli mədəniyyətləri tanımaq və inteqrasiya etmək üçün əla fürsətdir”.
    Hər birimizi qürurlandıran gənclərimizin əldə etdikləri və gələcəkdə qazanacağı bütün nailiyyətlər sübut edir ki, onlar Ulu Öndər Heydər Əliyevin  “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” ideyasını məsuliyyətlə dərk etmiş və mənimsəmişlər. Söhbətlərindən də göründüyü kimi, onların hər biri Vətənə layiqli vətəndaş və ixtisaslaşmış kadr olmaq yolunda mübarizə aparır. Əminik ki, onlar və gələcəkdə bu amalla yola çıxan gənclərimiz Azərbaycanımızın inkişafına layiqli xidmətləri ilə öz töhfələrini verəcəklər. 

 Aysel YUSİFZADƏ

Nəşr edilib : 16.08.2023 19:36