AZ EN RU

Beynəlxalq turnir başa çatıb

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinə yekun vurulub.
    İki gün davam edən turnirdə Qazaxıstan və Azərbaycan komandalarının, ümumilikdə, 250-yə yaxın idmançısı mübarizə aparıb. Turnirdə 20 klubun üzvləri 4 yaş kateqoriyasında (2016-2017-ci il, 2013-2015-ci il, 2011-2012-ci il və 2008-2010-cu il) öz məharətlərini nümayiş etdiriblər. 
    Turnirin sonunda qaliblər mükafatlandırılıblar.

    Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə turnir ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: “Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinə start verilib. Bu, AGF tərəfindən bölgədə təşkil olunan ilk beynəlxalq turnirdir. Yarışın adı – “Grace of Nature” (“Təbiətin lütfü”) bölgələrimizin özünəməxsus təbiətinin gözəlliyini ifadə edir. Bu yarışın hər il bir bölgədə keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycanın 30 rayonunda bədii gimnastika bölmələri fəaliyyət göstərir. Yarışda paytaxtla yanaşı, respublikanın rayonlarından olan gənc gimnastlar da iştirak edirlər. Qeyd edim ki, regionlardakı yeniyetmə və gənc gimnastlar mütəmadi olaraq öz məşqçiləri ilə birlikdə Bakıya gəlir və Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirlər. Beynəlxalq səviyyəli yarışların bölgələrdə keçirilməsi çox vacibdir, çünki turnir gənc idmançıları daha da ruhlandırır. Ümidvaram ki, bir müddət sonra biz bu yarışın iştirakçılarını beynəlxalq arenalarda görəcək və region təmsilçilərinin yeni idman nailiyyətlərinə şahidlik edəcəyik”.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 22.09.2023 17:42