AZ EN RU

Beynəlxalq Tibbi Forumun iştirakçıları Naxçıvanda

    Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forumun iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, ulu öndərə ehtiramlarını bildiriblər. 
Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qonaqlara məlumat verib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. 420 eksponatla fəaliyyətə başlayan bu mədəniyyət müəssisəsinin fondunda bu gün 5379 eksponat mövcuddur. Muzeyin kitabxanasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur.

    Ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə məlumatlar qonaqlarda maraq doğurub. Ümummilli lider və Mustafa Kamal Atatürkün həyat yolu və siyasi fəaliyyəti ilə bağlı oxşar məqamlar qonaqların diqqətinə çatdırılıb. Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər.

Nəşr edilib : 19.06.2022 01:20