AZ EN RU

Beynəlxalq Tələbə-Gənclər Həftəsinin qalibləri mükafatlandırılıb

    10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
    Əvvəlcə Beynəlxalq Tələbə-Gənclər Həftəsinin tarixi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və bu siyasətin ölkəmizdə bugünkü uğurlu davamı,  əlamətdar həftə çərçivəsində muxtar respublikada keçirilən silsilə tədbirlər, yarış və müsabiqələr haqqında məlumat verilib.
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf etdirilən gənclər siyasətinin nəticəsində Azərbaycan gənci dünyaya çıxış əldə edərək müasirləşib, təkmilləşib, daha da böyüyüb. Çağdaş ölkə gəncliyi həm də böyük zəfərin ən önəmli parçalarından biridir. Bu siyasət Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Gənclərin müxtəlif sahələrdə fəal iştirakına zəmin yaradılır, potensiallarının inkişafına dəstək göstərilir. Gənc nəslin təhsili, şəxsi inkişafı, işlə təminatı və sosial qayğılarının həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Gənc nəslin milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinə sövq edilməsi diqqət mərkəzində saxlanılır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyəti muxtar respublika rəhbəri tərəfindən daim yüksək qiymətləndirilir, onlar fəxri adlar, xüsusi təqaüd və qiymətli hədiyyələr ilə mükafatlandırılırlar.
    Nazir diqqətə çatdırıb ki, muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası da xeyli möhkəmləndirilib. Bunun nəticəsidir ki, son dövrlər naxçıvanlı idmançıların ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda uğurları artır, muxtar respublikamız etibarlı idman təşkilatçısı kimi nüfuzlu yarışların ev sahibliyini davam etdirir. Bütün bu və digər amillər ölkə başçısının yürütdüyü dövlət siyasətinin muxtar respublikada uğurlu icrasını təmin edən Ali Məclis Sədrinin səyləri, yorulmaz fəaliyyəti sayəsində mümkün olub. 
   Gənclər və idmançılar adından Ali Məclis Sədrinə minnətdarlıq edən Ramil Hacı gəncləri Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə təbrik edib.
    Sonra mükafatlandırma mərasimi olub. Əvvəlcə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gələn komadalar mükafatlandırılıb. Məlumat verilib ki, keçirilən oyunda Naxçıvan Müəllimlər İnstitutunun “Müəllimlər” komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Universitetinin “Paradoks” komandası  ikinci, “Naxçıvan” Universitetinin “Yaşma 052” komandası isə üçüncü olub.
     Naxçıvan Dövlət Texniki Kollecinin “Paxlavateam”, Naxçıvan Müəllimlər İnstitutunun “Təbəssüm” və Naxçıvan Dövlət Universitetinin “Karvan” komandaları ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında keçirilən müsabiqədə uğur qazananlar kimi səhnəyə dəvət olunublar. Ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında keçirilən tir idman növü üzrə muxtar respublika birinciliyinin,  qız tələbələri arasında keçirilən badminton üzrə birinciliyinin qalibləri də Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə sevindirilib.
    Sonra tələbələr arasında keçirilən stolüstü tennis üzrə birincilikdə qalib adını qazananlara mükafat təqdim olunub.
    Əcnəbi tələbələr arasında keçirilən peyntbol üzrə birincilikdə ilk 3 pillədə qərarlaşan “Şahin” (Naxçıvan Dövlət Universiteti), “Naxçıvan-2” (“Naxçıvan” Universiteti) və “Naxçıvan-1” (“Naxçıvan” Universiteti) komandaları da müvafiq mükafatlara layiq görülüb.
    Mükafatları gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun şöbə müdiri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev təqdim ediblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 17.11.2022 21:58