AZ EN RU

Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində yarışlar keçirilib

    10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin stolüstü tennis zalında reallaşan yarışa 36 tələbə qatılıb. Qaliblər olimpiya sisteminə əsasən müəyyən edilib.
    Şəxsi birincilik xarakteri daşıyan yarışda Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gültəkin Süleymanova qızlar arasında birinci olub. Naxçıvan Dövlət Universitetinin təmsilçiləri Lalə Musayeva və Duyğu Hüseynova müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.
    Oğlanların mübarizəsində Naxçıvan Dövlət Universitetinin tələbələri fərqləniblər. Elyas Zabihi Qarqari birinciliyi qalib kimi tamamlayıb. Okan Ərən ikinci, Səbuhi Ələkbərov isə üçüncü olub.

***

    Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və gənclər arasında güllə atıcılığı üzrə muxtar respublika birinciliyində 15 gənc iştirak edib.  

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Atıcılıq Federasiyası tərəfindən birgə təşkil edilən birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, onlar arasında atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib. Hər iştirakçıya 5 atış imkanı yaradılıb. Nəticələr kağız hədəf üzərindəki şkalaya əsasən ümumi hesablama ilə müəyyənləşdirilib. Novruz Muradov 27 xallıq göstərici ilə qalib olub. Əmrah Əsgərli 17 xalla ikinci, Rasim Rüstəmov 16 xalla üçüncü olub. 

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.11.2022 19:41