AZ EN RU

Beynəlxalq şirkətlər tərəfindən rabitəçilər və bank əməkdaşları üçün növbəti vebinar keçirilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyi tərəfindən kadr hazırlığı istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Nazirliyin proqramçılarının və muxtar respublikada fəaliyyət göstərən banklarda çalışan informasiya texnologiyaları mütəxəssislərinin bilik səviyyələrinin artırılması məqsədilə “Buta Global Enerji” şirkətinin təşkilatçılığı ilə beynəlxalq arenada tanınmış “Dell Technologies”, “PlusClouds”, “Radius” və “Schneider Electric” şirkətləri tərəfindən “Yeni nəsil məlumat mərkəzi infrastrukturları və yeni bulud texnologiyaları” mövzusunda növbəti vebinar keçirilib.
    Vebinarda Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev Ali Məclis Sədrinin rabitə və yeni texnologiyalar sahəsinə göstərdiyi dövlət qayğısından bəhs edərək bildirib ki, rabitə və yeni texnologiyalar sahəsinin maddi-texniki bazasının daim möhkəmləndirilməsi, müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması bu sahənin inkişafına əsaslı zəmin yaradıb. Vurğulanıb ki, nazirlik tərəfindən işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Belə ki, ixtisaslı kadrların hazırlanması məqsədilə onlayn kurslar təşkil olunur, vebinarlar və təlimlər keçirilir. Qeyd olunub ki, növbəti vebinar da proqramçıların informasiya texnologiyaları sahəsində bilik və təcrübələrinin artırılmasında xüsusi əhəmiyyətə malikdir.
    Daha sonra “Radius” şirkətinin rəhbəri Atilla Çembercinin “Radius həllər mərkəzi”, “Dell Technologies” şirkətinin Şəbəkələrlə iş üzrə müdiri Can Küçükün “Açıq şəbəkə və bulud şəbəkəsi”, “Schneider Electric” şirkətinin Məlumat mərkəzi həlləri üzrə mütəxəssisi Alphan Ərdəmin “Yeni məlumat mərkəzlərində (Data center) enerji səmərəliliyi”, “PlusClouds” şirkətinin CEO-su Sərkan Koçakın “İnsansız və xarici lisenziyasız məlumat mərkəzi idarəetməsi” və şirkətin mütəxəssisi Əhmət Faruk Dərəlinin isə “Yeni bulud texnologiyaları” mövzularında çıxışları dinlənilib.
    Çıxışlarda bildirilib ki, PlusClouds bulud idarəetmə texnologiyasına malik müasir ictimai bulud mühitidir. Bulud texnologiyası müəssisələrdə yerləşən server kompüterlərinin yaddaş sisteminin və proqram resurslarının buludlar üzərinə köçürülməsini təmin edir, yəni onların ümumi qrup halında birləşdirilməsinə imkan verir. Ümumilikdə, bu texnologiya istifadəçinin tələbinə uyğun olaraq onu öz daxili resursları hesabına hesablama və yaddaş resursları ilə təmin edir. Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. 
    Bu texnologiyaların üstünlüklərindən danışan zaman o da vurğulanıb ki, istifadəçilər üçün internet olan istənilən yerdən hər hansı bir kompüter vasitəsilə resursları əldə etmək mümkündür. Fərdi kompüterdə hər hansı bir nasazlıq yarandığı halda istifadəçi dəyərli məlumatı itirmir və məlumatları hər hansı digər kompüterdə yenidən əldə edə bilər. 
    Həmçinin vebinar zamanı avtomatlaşdırılmış yeni nəsil məlumat mərkəzlərini insansız və xarici lisenziyasız idarə etməyin mümkünlüyü barəsində də iştirakçılara məlumat verilib.
    Sonda suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2022 20:13