AZ EN RU

Beynəlxalq simpoziumda Naxçıvan uğurla təmsil olunub

    Qardaş Türkiyə Cümhuriyyətinin Ərzincan şəhərində Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin himayəçiliyi, Ərzincan Valiliyi və Ərzincan Bələdiyyəsinin təşkilatçılığı ilə 9-12 oktyabr tarixdə Beynəlxalq Türk dünyası simpoziumu keçirilib.
    Ərzincan Binəli Yıldırım Universitetində baş tutan simpoziumda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Birliyinin sədri Binəli Yıldırım, Ərzincan valisi Mehmet Makas, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının Azərbaycan üzrə nümayəndəsi Həsən Həsənov, akademiklər İsa Həbibbəyli, İsmayıl Hacıyev, eləcə də tanınmış siyasət və elm adamları, müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər. Dünyanın 43 ölkəsindən 800 iştirakçının qatıldığı simpozium əyani və onlayn formatda keçirilib. 

     Türklüyə, Türk dünyasının birliyinə töhfə vermək məqsədi daşıyan simpoziumda dil, folklor, tarix, mədəniyyət, maarif, iqtisadiyyat, nəqliyyat, turizm və ticarət əlaqələri, sosial və coğrafi faktorlar, dövlətçilik tarixi, hüquq, ilahiyyat, informasiya mübadiləsi və başqa mühüm sahələri əhatə edən elmi araşdırmalar uğurla təqdim olunub. Simpozium müddətində ortaq mədəni dəyərlərin, elmi düşüncənin, iqtisadi əlaqələrin və müasir inkişafı ilə bağlı müzakirələr, festival və sərgilər, konsert, habelə başqa fəaliyyətlər reallaşdırılıb.
    Simpoziumun plenar iclasında Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Birliyinin sədri Binəli Yıldırım çıxış edərək simpoziumun keçirilməsinin, burada aparılan fikir mübadiləsinin türk dövlətlərinin birliyinə verəcəyi töhfələrdən danışıb. 
    Plenar iclasın sonunda Azərbaycan nümayəndə heyətinin tərkibində səhnəyə dəvət olunan akademik İsmayıl Hacıyev Binəli Yıldırıma Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun salamını çatdırıb, muxtar respublika rəhbəri adından hədiyyələri ona təqdim edib. Binəli Yıldırım Naxçıvanla bağlı xoş təəssüratlarını dilə gətirib, göstərilən diqqətə görə minnətdarlığını bildirib.
    İsmayıl Hacıyev Naxçıvanın füsunkar təbiətinin, əzəmətli Haçadağın təsvir olunduğu rəsm əsərini universitetin rektoru, professor Akın Leventə hədiyyə edib.
    Simpozium öz işini türk dövlətlərinin paytaxt şəhərlərinin adlarını daşıyan iclas salonlarında keçirilən bölmə iclaslarında davam etdirib. Simpoziuma qatılan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın Azərbaycanın milli dövlət tarixində rolu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov “Naxçıvan və Şərqi Anadolu xalq şeirində təbiət və heyvan obrazları” mövzulu məruzələrini təqdim ediblər. 
    Akademik İsmayıl Hacıyev Azərbaycan ərazisində ən qədim zamanlardan başlayaraq günümüzədək mövcud olmuş dövlətlərin tarixində Naxçıvanın roluna diqqət çəkib, Azərbaycan dövlətçiliyində varislik və coğrafi ərazi amillərinin mühümlüyünü vurğulayıb.
    Oktyabrın 12-də “Ankara” salonunda keçirilən bölmə iclasına akademik İsmayıl Hacıyev rəhbərlik, Elxan Məmmədov isə “Astana” zalında keçirilən bölmə iclasında katiblik edib.
    Simpoziuma onlayn qoşulan Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev, Dilçilik şöbəsinin müdiri, dosent Nuray Əliyeva və elmi işçi Nilufər Ağayeva isə müvafiq olaraq “XX əsrin əvvəllərində İngiltərənin Cənubi Qafqaz siyasətində erməni faktoru və Azərbaycana təsirləri (ingilis arxiv materialları əsasında)”, “Ərzincan və Naxçıvan şivələrinin səs sisteminin bəzi ortaq xüsusiyyətləri haqqında”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi Naxçıvanda maddi və mədəni nümunələrin qorunmasında mühüm önəmə malikdir” mövzulu məruzələr ediblər.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 14.10.2022 19:48