AZ EN RU

“Beynəlxalq sərgilərin turizmdə rolu” mövzusunda seminar keçirilib

    Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə“Beynəlxalq sərgilərin turizmdə rolu” mövzusunda seminar keçirilmişdir. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov bildirmişdir ki, beynəlxalq aləmdə muxtar respublikanın tanıdılması, turizm imicinin formalaşdırılması,  turizm potensialının səmərəli təbliği və reklamı baxımından böyük əhəmiyyət kəsb edən sərgilərdə muxtar respublikanın iştirakı, qarşıya qoyulan məqsədə çatmaq üçün ən vacib vasitələrdəndir. Sərgilər zamanı respublikamıza olan marağın ildən-ilə artmasının şahidi oluruq. Sərgilərdə iştirak etmək xarici turistlərin muxtar respublikaya cəlb edilməsi məqsədi daşıyır. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli çıxış edərək beynəlxalq sərgilərin turizmdə rolu haqqında iştirakçılara geniş məlumat vermişdir.
    Sonra “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Nəriman Qasımov çıxış edərək bildirmişdir ki, beynəlxalq turizm sərgiləri turizm potensialının tanıdılmasında, yeni müştərilərin qazanılmasında, ölkələr arasında ticarət və mədəni əlaqələrin inkişafının təmin edilməsində mühüm yer tutur. Məruzəçi sərgilərdə effektiv satış etmək üçün nəzərə alınmalı olan məsələlər haqqında iştirakçılara məlumat vermişdir. 
    Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Turizm 
Departamentinin mətbuat xidməti

Nəşr edilib : 11.03.2022 19:05