AZ EN RU

Beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr olunmuş Beynəlxalq şahmat turnirinə start verilib. Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində keçirilən açılış mərasimində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov çıxış edərək şahmatçıları salamlayıb. Qeyd edib ki, Naxçıvanda hər il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən ənənəvi beynəlxalq şahmat turniri keçirilir. Məlum pandemiya səbəbilə beynəlxalq şahmat festivalı öncəki illərdə təşkil olunmayıb. Lakin bu il yenidən turnirə startın verilməsi və çoxsaylı şahmatçının, eləcə də valideyinlərin, sahmatsevrələrin yarışa maraq göstərməsi sevindirici haldır. Federasiya sədri vurğulayıb ki, anadan olmasının 99-cu il dönümünü qeyd etdiyimiz ümummilli liderin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir və beynəlxalq şahmat turnirinin də ulu öndərin adı ilə bağlı olması böyük əhəmiyyət kəsb edir. Seymur Talıbov çıxışının sonunda hər bir iştirakçıya uğurlar arzulayıb.     

 Naxçıvan Muxtar Respublikası Gənclər və idman naziri Ramil Hacı çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıb və Naxçıvanın şahmat mərkəzi olmasını, eləcə də turnirin əhəmiyyətini yarış iştirakçılarının diqqətinə çatdırıb. Turnirin baş hakimi Emin Hacıyev isə turnirin qaydaları və reqlamenti barədə iştirkaçılara məlumat verib.     

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov və Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı sahmat taxtası üzərində ilk rəmzi gedişi ediblər.  Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən və mayın 14-dək davam edəcək beynəlxalq turnirdə Azərbaycan, İran, Türkiyə və Ukraynadan olmaqla, ümumilikdə, 214 zəka sahibi mübarizə aparır. Reqlamentə əsasən, turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Hər bir şahmatçıya FIDE standartı ilə 90 dəqiqə vaxt verilir. 1-ci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə olunur. Turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq. Qeyd edək ki, turnirdə muxtar respublikamızı 81 zəka sahibi təmsil edir.

 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.05.2022 17:15