AZ EN RU

Beynəlxalq reytinqli şahmat turnirinin mükafatçıları bəlli olub

    Naxçıvan Şahmat Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş FIDE reytinqli şahmat turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Şahmat Federasiyası ilə birgə təşkil etdiyi yarışda müxtəlif yaş kateqoriyalarına mənsub 64 şahmatçı iştirak edib.
     Yerli şahmatçıların beynəlxalq reytinqinin yüksəlməsinə xidmət edən turnirdə sonuncu – 9-cu turun görüşləri reallaşıb. Yarışı məğlubiyyətsiz tamamlayan Mirsaleh Seyidli 8 xallıq göstərici ilə turnirin qalibi olub. Topladıqları xal sayı (7) və reytinq əmsalları bərabər olduğundan Ayxan Əliyev və FIDE ustası Nəsrin Babayeva arasında keçirilən əlavə görüşün nəticəsinə əsasən Ayxan ikinci, Nəsrin isə üçüncü olub.
     İlk üç yerin sahibləri və müxtəlif nominasiyaların qaliblərinə diplom, fəxri fərman, medal və pul mükafatı təqdim olunub. Nəticələr reytinq hesablamaları üçün Beynəlxalq Şahmat Federasiyasına (FIDE) göndəriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.12.2023 18:10