AZ EN RU

Beynəlxalq reytinqli şahmat turnirində 5 tur arxada qalıb

    Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən beynəlxalq reytinqli şahmat turniri davam edir.
    Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri  və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarışda 62 zəka sahibi İsveçrə sistemi üzrə mübarizə aparır.
    9 turdan ibarət olan turnirdə artıq 5 tur geridə qalıb. Turnirin son iki turu daha maraqlı hadisələrlə yadda qalan olub. Belə ki, Naxçıvan şahmatçısı, beynəlxalq usta Pərviz Qasımov (2362) qadın qrossmeyster Zeynəb Məmmədyarova (2173) ilə görüşdə parlaq qələbə qazanıb. Digər zəka sahibimiz beynəlxalq usta Toğrul Həsənzadə də (2329) turnirdə uğurla çıxış edir. Ümumiyyətlə, turnirdə Naxçıvan şahmatçılarında Yasin Əzimov (1608), Rza Həsənli (1622) və FIDE ustası Nəsrin Babayeva (1806) uğurlu çıxışları ilə yadda qalıb.
    Beynəlxalq reytinqli turnirin ən yaddaqalan anı isə 3-cü turda qeydə alınıb. İdmanın “ədalətsiz püşkü” kimi qiymətləndirilən görüşdə ata Həbib Mustafayevlə (1237) oğlu Səbuhi Mustafayev (1599) ağ-qara taxtada üz-üzə gəlib. Görüş hər iki tərəfi razı salacaq “sülh”lə başa çatıb.
    Bu gün beynəlxalq reytinqli turnir iştirakçılarının istəkləri nəzərə alınaraq  saat 1600-da Naxçıvan Şahmat Mərkəzində Blitz turniri də keçiriləcək.
    Qeyd edək ki, yanvarın 15-də yekunlaşacaq turnirdə ilk üç yerin sahibi və müxtəlif nominasiyaların qaliblərinə diplom və pul mükafatı təqdim olunacaq və nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

 Ceyhun Məmmədov

Nəşr edilib : 12.01.2024 17:53